Cəmiyyət

“İntellektual klubların gənclər liqası” turniri başa çatıb – FOTO

Sharing is caring!

Ölkədə keçirilən ən böyük intellektual turnirin qalibi müəyyən olunub. Mayın 9-dan etibarən başlayan və ölkənin 57 şəhər və rayonunu əhatə edən 4 mərhələdən ibarət turnirin seçimlərində ümumilikdə 1200-ə yaxın komanda və 6 mindən artıq gənc öz intellektual gücünü sınayıb.

Müsabiqənin ilkin mərhələsi olaraq şəhər və rayonlarda qalib gəlmiş komandalar növbəti pillədə regionlar, o cümlədən Bakı şəhəri üzrə təşkil edilmiş yarışlarda iştirak edib. Regionlararası keçirilmiş yarışların yekununda ən yaxşı nəticə göstərən 16, Bakı şəhəri üzrə isə 24 komanda 18-19 iyun tarixlərində Bakıda baş tutan möhtəşəm final mərhələsində yarışıblar. Böyük finalda paytaxt və regionları təmsil edən ümumilikdə 40 komanda “Nə? Harada? Nə zaman?”, “Kviz”, “Breyn-Rinq” və “Erudit Kvartet” oyunlarında öz bacarıqlarını nümayiş etdiriblər.  

Bakı Konqres Mərkəzində 2 gün davam edən həyəcan dolu final mərhələsində paytaxtı təmsil edən “JM” komandası ən yüksək nəticə göstərərək “İntellektual klubların gənclər liqası” turnirinin qalibi seçilib. Bakı şəhərini təmsil edən “Gibi” və “Berserk” komandaları isə müvafiq olaraq 2-ci və 3-cü yerdə qərarlaşıb. Regionları təmsil edən komandalar arasından Gəncə şəhərinin “Mindhunters” komandası 1-ci, İsmayıllı rayonunun “Divergent” komandası 2-ci, Naxçıvan şəhərinin “Turan” komandası isə 3-cü yeri tutmağa müvəffəq olub. 

Təşkil edilən turnirin əsas məqsədi Azərbaycan gənclər siyasətinin prioritet istiqamətlərindən olan gənclərin intellektual potensialını inkişaf etdirmək, regionlarda intellektual oyunların keçirilməsini davamlı hala gətirmək və intellektli gənclər ordusunu formalaşdıraraq bu hərəkatın kütləviləşməsini təmin etmək olub. Həmçinin, Prezident İlham Əliyev tərəfindən 2022-ci ilin Şuşa ili elan olunması ilə bağlı Qarabağımızın, eləcə də mədəniyyət beşiyimiz olan Şuşa şəhərinin zəngin irsinin gənclər arasında təbliğinə turnirdə xüsusi önəm verilib. 

Xatırladaq ki, 2019-cu ildən bəri mütəmadi olaraq keçirilən turnir bütün ölkə gənclərini əhatə edərək onların intellektual səviyyələrinin, dünyagörüşlərinin stimullaşdırılmasına, həmçinin şəbəkələşməsinə təkan verir. Bu xüsusda Gənclər Fondu intellektinə güvənən hər bir gənci növbəti illərdə bu çağırışa qoşulmağa və bu ənənənin davamçısı olmağa dəvət edir.

“İntellektual Klubların Gənclər Liqası” Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi), Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi, Gənclərin İnkişaf və Karyera Mərkəzi və “Badamlı” şirkətinin tərəfdaşlığı ilə həyata keçirilir. “Facebook” sosial şəbəkəsində yaradılmış qrupa qoşularaq turnirə dair ən son yeniliklərdən məlumatlı ola bilərsiniz: https://www.facebook.com/groups/801588220281994

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir