Cəmiyyət

Ölkəmiz qlobal problemlərin
müzakirəsi məkanına çevrilib

Sharing is caring!

     Dünyanın lider dövlətlərindən nümayəndələrin iştirakı sübut edir ki, 16 iyun tarixində “Qlobal dünya nizamına təhdidlər” mövzusunda  Bakıda keçirilmiş IX Qlobal Bakı Forumuna maraq çox böyük olub və bəşəriyyətin böyük transformasiyaya qədəm qoyduğu bir dövrdə Azərbaycanda qlobal əhəmiyyətli məsələlər müzakirə edildiyi məkana çevrilib. Prezident İlham Əliyevin Forumdakı çıxışı çıxışı beynəlxalq aləmdə böyük əks-səda doğurub. Dövlət başçısının vurğuladığı kimi, indi dünya özünün çətin dövrünü yaşayır. 
   Dövlətimizin başçısı Forumda həm Azərbaycan-Ermənistan münasibətlərinin bu günü və gələcəyi, həm Zəngəzur dəhlizi və onun açılmasının önəmi ilə bağlı konkret fikirlər səsləndirib. Ölkə başçısı bir daha qeyd edib ki, regionda sülhün, sabitliyin bərqərar olması üçün Ermənistan tərəfi Azərbaycanın sülh səylərini dəstəkləməli, təxribat xarakterli addımlardan imtina etməlidir. Dövlət başçısı Zəngəzur dəhlizi barədə də qısa və dəqiq şəkildə fikrini bildirdi: "Əgər bizə bu əlaqə yolu təqdim edilməyəcəksə, sülh haqqında danışmaq çətin olacaq və Azərbaycanın Ermənistanla birgə yaşayış və normal qonşuluq münasibətlərinin qurulmasına yönəlmiş bütün səyləri uğursuz olacaq". Prezidentin bu dəqiq mövqeyi qarşı tərəfə ciddi xəbərdarlıqdır.
   Ermənistanın təslimçilik aktını imzalamasından sonra Azərbaycan və Ermənistan rəhbərləri arasında Rusiya, Avropa İttifaqı Şurası və Fransa prezidentlərinin təşəbbüsü ilə real və onlayn formatda 7 görüş keçirilib. Fakt odur ki, danışıqların və sülh gündəliyinin məzmununu birmənalı olaraq cənab İlham Əliyev müəyyən edir. Müzəffər Komandan danışıqlar masasında da çevik və zəngin diplomatik məharəti ilə regionda yaratdığı yeni reallıqların prinsiplərini, Azərbaycanın milli maraqlarını tam ifadə edir. Hər görüşə Prezident İlham Əliyev konkret və dəyişməz şərti ilə gedir. Artıq müzakirələrdə cənab Prezidentin tələbi ilə "Dağlıq Qarabağ münaqişəsi", "status" kimi ifadələrdən istifadə edilmir, yəni onlar tarixin arxivinə gömülüb.
    Dövlət başçısının toxunduğu beynəlxalq problemlərdən biri də ərzaq təhlükəsizliyi ilə bağlıdır. Prezident vurğuladı ki, beynəlxalq institutlar, aparıcı maliyyə institutları  ərzaq böhranı  ilə bağlı  mövqelərini müəyyənləşdirməlidirlər. Ərzaq böhranının beynəlxalq təhdidə çevrildiyi bir dövrdə dövlət başçısının bu məsələni gündəliyə gətirməsi onun qlobal düşüncəyə malik siyasətçi olduğunu bir daha sübut edir.

Ələsgər Mirzəzadə, ADPU Cəlilabad filialının müəllimi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir