Cəmiyyət

Türkiyə və Azərbaycan birliyindən yaranan güclə hamı hesablaşmalı olacaq

Sharing is caring!

30 ilə yaxın işğal altında olan torpaqlarımız xalqın məhəbbətini, inamını qazanmış Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, diplomatiyası və müharibədəki qətiyyətli qərarları nəticəsində cəmi 44 gün ərzində möhtəşəm Zəfərlə geri alındı.

Vətən müharibəsi başlayan andan Türkiyə Azərbaycanın yanında oldu və Azərbaycanın tək olmadığını söylədi. Bu, vətən torpaqlarımızı işğaldan azad etmək uğrunda mübarizədə bizi daha da ruhlandırdı. Çiynimizdə dost, qardaş əli hiss etdik.

Eyni dildə danışan, eyni dinə, eyni mədəniyyətə, eyni adət-ənənəyə sahib olan Azərbaycan və Türkiyə əsrlərdən bəri qardaş ölkələr olaraq biri-birinə dar günlərdə kömək, arxa-dayaq olmuşdur.

Yüz il əvvəl Azərbaycandan ayrı salınan Naxçıvanın təhlükəsizliyinin qorunması üçün Qars müqaviləsi imzalanmışdır. Yüz il sonra – 2020-ci ildə Azərbaycanın öz torpaqlarını möhtəşəm Qələbəylə geri almasından sonra isə Türkiyə və Azərbaycan arasında müttəfiqlik haqqında Bəyannamə imzalandı. Olduqca qürurverici hal idi ki, bu müttəfiqlik bəyannaməsinin imzalanması məhz Şuşa şəhərində baş tutdu.

Tədbir ermənilərin vəhşiliklərini, vandallıqlarını bütün dünyaya nümayiş etdirmək üçün, işğal zamanı ermənilərin xarabalığa çevirdikləri Şuşanın sonuncu xanı Mehdiqulu xanın qızı Xurşudbanu Natəvanın evinin qarşısında keçirildi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev burada Qars muqaviləsini xatırlatdı: “Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan, dünya üçün önəmi göstərilir. Hər bir məsələ böyük önəm daşıyır”.

Hər iki görkəmli dövlət xadimlərinin – Türkiyə Prezidenti Rəcəb Tayyub Ərdoğan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu müttəfiqlik aktının məhz azad Şuşada imzalamaları bütün dünyaya bir mesaj idi. Bununla rəsmi Bakı öz qələbəsini bir daha təsdiqləyirdi. Azərbaycana qarşı hər hansı bir çirkin niyyətdə, torpaq iddiasında olanlara konkret mesaj verilirdi ki, nəticədə onlar hər iki ölkənin böyük gücü ilə üzləşəcək.

Hərbi sahədə əməkdaşlıq, müttəfiqlik və iki dövlətin birgə ordu qüvvələri böyük hərbi güc deməkdir və belə güclə hamı hesablaşmalı olacaq. Bu sənəd Azərbaycanın və Türkiyənin təhlükəsizliyinin qorunması istiqamətində imzalanan olduqca mühüm və tarixi bir sənəddir.

Bu sənəd eyni zamanda tarixə əsaslanır. Belə ki, Bəyannamədə Azərbaycanın dahi rəhbəri Heydər Əliyevin və Türkiyənin lideri Mustafa Kamal Atatürkün məşhur və dahiyanə kəlamları öz əksini tapıb. XX-ci əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir ki, “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”,  XX-ci əsrin sonunda isə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev demişdir ki, “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”.

Artıq Azərbaycan və Türkiyə hər hansı bir təhlükə baş verərsə, biri-birini açıq şəkildə qoruya bilər.

Prezident İlham Əliyev söyləmişdir ki, bu gün müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Bəyannamənin adı öz-özlüyündə hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu Bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək iş birliyimizin təminatıdır.

Azərbaycanı və Türkiyəni birləşdirən Zəngəzur dəhlizi türk dövlətlərinə böyük üstünlük qazandıracaq. İki qardaş ölkə bir-birinə ruhən yaxın olduğu kimi, məsafə ilə də yaxınlaşacaq. Bu dəhliz bütün türk dünyasını bir araya gətirəcək.

Bu birlik, bu güc, bu yaxınlıq nəticəsində ölkələrimiz həm siyasi, həm də iqtisadi cəhətdən daha da irəliləyəcək.

Türkiyə və Azərbaycan birliyindən yaranan güclə hamı hesablaşmalı olacaq.

Şəhla Ağbulud

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir