Cəmiyyət

Ulu öndərin qurtuluş missiyası

Sharing is caring!


Milli iftixarımız, Azərbaycan xalqının böyük oğlu, ümummilli lider Heydər Əliyev dövrümüzün siyasət nəhənglərindən biri kimi müasir dünya tarixində əbədiyaşarlıq haqqı qazanmışdır. Azərbaycanlılar üçün o müasir Azərbaycan dövlətinin qurucusu, xalqın ən böyük təəssübkeşi və öndəridir. Qüdrətli şəxsiyyəti ilə seçilən qeyri-adi siyasi istedada malik ulu öndəri xalqına bağlayan tellər polad kimi möhkəm idi. Ona dərin hörmət bəsləyən, onu rəhbər, ata, baba kimi böyük məhəbbətlə sevən , onun xidmətlərinin dəyərini anlayan hər bir azərbaycanlı ümummilli lider H.Əliyevi məhəbbət və ehtiramla yad edir və xatirəsini əziz tutur. H.Əliyev öz əməlləri ilə, öz fəaliyyəti ilə tarix yaradan nadir şəxsiyyətlərdəndir. Onun yaratdığı tarix Azərbaycanın ən şərəfli, ən şanlı tarix salnaməsidir. H.Əliyev haqında düşünərkən, onun haqqında danışarkən o böyük şəxsiyyətin özü haqqında söylədiyi bir fikir onun şəxsiyyətinin parlaqlığına ən gözəl nümunədir. O, özü haqqında deyirdi: “Mən balaca bir evdə, zəhmətkeş ailəsində, bir yaz günündə dünyaya göz açmışam. Anadan olanda yəqin ki, beş-on, uzağı otuz-qırx nəfər sevinib. İndi bəlkə də qeyri-təvazökar səslənsə də, deməliyəm ki, anam məni bütövlükdə Azərbaycanımız üçün dünyaya gətirib. Doğma canım, varlığım qədər sevdiyim Azərbaycan mənim qibləgahımdır. Bütün şüurlu ömrümü də onun işıqlı sabahları uğrunda qurban verməyə hazıram”.
Tarixən böyük siyasi liderlər ən böhranlı, çətin anlarda məsuliyyəti çiyinlərinə götürərək bütöv bir xalqın, millətin xilaskarına çevrilirlər. Ulu öndərin diqqəti çəkən fitri idarəçilik keyfiyyətləri sırasında onun ən ekstermal, çətin və millətin taleyi baxımından məsuliyyətli dönəmlərdə qətiyyətli, eyni zamanda, yaranmış şərait üçün ən optimal qərarlar qəbul etmək məharəti yəqin heç zaman xatirələrdən silinməyəcək. Tale 1993 – cü ildə respublikanı növbəti dəfə çətin sınaqlarla üz-üzə qoyanda xalq yeganə xilaskar kimi Heydər Əliyevi hakimiyyətdə görmək istədi. 1993 – cü ilin iyununda Bakıya qayıdan Heydər Əliyev yorulmaq bilmədən, qətiyyətlə Azərbaycanın başı üstünü almış vətəndaş müharibəsi alovunu söndürdü, ölkədə baş alıb gedən qanunsuz silahlı dəstələr zərərsizləşdirildi, ictimai-siyasi sabitliyin tam bərpasına, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsinə, cəbhə bölgəsində atəşkəs rejiminə nail olundu.
Ulu öndər xalqın təkidi ilə hakimiyyətə qayıtdıqdan sonra hələ 70-80-ci illərdə respublikada formalaşdırılmış zəngin elmi-intellektual potensiala istinad edərək özünün təkmil təhsil konsepsiyasını irəli sürdü, milli tərəqqi baxımından strateji əhəmiyyət daşıyan bu sahənin problemlərini xüsusi diqqət mərkəzində saxladı, elm sahəsində hökm sürən tənəzzülün qarşısı alındı, təhsilin öz məcrasına düşməsi, inkişafı üçün əlverişli iqtisadi şərait, hüquqi və mənəvi-əxlaqi mühit fomalaşdırıldı. Bu böyük şəxsiyyətin müstəqil Azərbaycan xalqı və dövləti qarşısındakı misilisiz xidmətləri, eyni zamanda, ciddi təmələ əsaslanmaqla həyata keçirdiyi fəal maarifçilik siyasətində parlaq surətdə təcəssümünü tapdı. Ulu öndər H.Əliyev Azərbaycan təhsilinin milli əsaslar üzərində çağdaş dünya təhsil sisteminə inteqrasiyasını başlıca vəzifə kimi aktuallaşdırdı, elm-təhsil sahəsində mütərəqqi islahatları ardıcıllıqla həyata keçirdi.
Zaman sübut edir ki, hər bir xalqın vahid məqsədlər uğrunda toparlanması üçün zəruri olan milli ideologiya da böyük siyasi liderlərin dövlətçilik konsepsiyasında real əsaslarını tapır. Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə tarixi ənənə və təməl üzərində milli ideologiyanın formalaşması və inkişafı naminə misilsiz xidmətlər göstərmiş, milli düşüncənin düzgün məcrada inkişafına nail olmuş, xalqa məxsus ənənə və dəyərlər sistemini qloballaşmanın sərt təsirlərindən qorumağı bacarmışdır.
Dahi rəhbər müstəqil Azərbaycanın perspektiv iqtisadi, siyasi, hüquqi inkişaf prioritetlərini açıqlamış, demokratik inkişafa doğru sürət götürmüş dövlətini qısa müddət ərzində möhkəmlənən, qüdrətlənən, regionda, ümumilikdə, dünyada həlledici təsir məkanına çevirmişdir. 1996-cı ildən uğurla reallaşdırılan bu strategiya nəticəsində ölkə iqtisadiyyatının strukturu mülkiyyət və təşkilati-hüquqi baxımdan köklü surətdə dəyişdirilmişdir. Ümummilli liderin milli dövlətçilik qarşısında ən böyük, misilsiz xidmətlərindən biri də müstəqil Azərbaycanın yeni neft strategiyasının hazırlanması və 1994-cü ildən uğurla həyata keçirilməsi olmuşdur. Eyni zamanda 1995- ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının Konstitusiyasında hakimiyyət bölgüsü prinsipi, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun hüquqi əsasları, insan hüquq və azadlıqlarının qeyri-şərtsiz təmin olunmasının bünövrəsi qoyulmuşdur. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçmişdir. Bundan sonra müstəqil Azərbaycanda çoxpartiyalı sistem, siyasi plüralizm, söz, mətbuat və sərbəst toplaşmaq azadlığı bərqərar olmuş, dövlət idarəçilik sistemi tamamilə yenidən qurulmuş, məhkəmə-hüquq islahatları aparılmışdır. Ulu öndərin respublikaya rəhbərliyi illərində ölüm cəzasının, mətbuat üzərində siyasi senzuranın ləğvi, Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsi, respublikada üçpilləli məhkəmə sisteminin formalaşdırılması, Konstitusiya Məhkəməsinin fəaliyyıətə başlaması, İnsan Hüquqları üzrə Müvəkkil İnstitutunun yaradılması, konstitusiyaya mütərəqqi ruhlu əlavə və dəyişikliklərin edilməsi və digər məsələlər demokratik inkişaf yolunda əldə etdiyimiz mühüm nailiyyətlərdən olmuşdur.
Bütün bunlarla yanaşı, xalqın milli mədəniyyətinin və mənəvi-əxlaqi dəyərlərinin də qorunub saxlanılması üçün daim böyük səylər göstərmişdir. Elm, mədəniyyət, ədəbiyyat, incəsənət xadimlərinin sosial müdafiəsinin təşkili istiqamətində atılan addımlar, dövlət büdcəsində baş verən artımlar hesabına bu sahələrə yönələn vəsaitlərin yüksəlməsi yeni bir intibah mərhələsinin əsasını qoymuşdur.
Ulu öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi.
Ümummilli liderin məcburi köçkünlər qarşısında çıxışlarının birində böyük inamla deyirdi: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya, gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İstisuyu-biz onlarsız yaşaya bilmərik”. Bu gün Ulu Öndərin ruhu şaddır. Çünki bu günkü azərbaycan onun görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır.
Bu gün Ümummilli Liderin, layiqli davamçısı olan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmiz güclü və nüfuzlu dövlətlər sırasında daha da möhkəmlənib.
Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər də bu uğurların məntiqi nəticəsidir.
Bütün xalqın sevgili məhbubuna çevrilmiş Prezident, Müzəffər Ali Baş Komandan azad edilmiş torpaqlarda infrastruktur layihələrin təməlini qoyur, Şuşada Novruz tonqalı alovlandırır, Böyük Qayıdış üçün təxirəsalnmaz tədbirlər həyata keçirir.
Xalqımız əmindir onun rəhbərliyi ilə Qarabağ dünyanın ən gözəl guşələrindən birinə çevriləcək.
Ulu Öndər qibləgahı, canı, varlığı qədər sevdiyi Azərbaycanı xilaskarlıq missiyası ilə məhv olmaqdan xilas etdi.
H.Əliyev epoxası tariximizə qızıl hərflərlə həkk olunmuş bir əbədiyyət dastanıdır. Ulu öndər dünya azərbaycanlılarının lideri olduğundan onun Azərbaycana və azərbaycanlılara duyğulu arzusu diqqəti cəlb edir:
“Harada yaşamasından asılı olmayaraq, hər bir ailəyə, hər bir azərbaycanlıya xoşbəxt həyat və xoşbəxt gələcək arzulayıram. Qoy çaylarımız qurumasın! Qoy ağaclarımız kəsilməsin! Qoy çırağımız sönməsin”.
Dahilər ölmürlər, onlar dünyasını dəyişirlər!
Təyyibə Hüseynova
Abşeron rayonu Saray qəsəbə 3 saylı tam orta məktəbin direktoru,
Azərbaycan Respublikasının “Əməkdar Müəllimi”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir