Cəmiyyət

Ümumi təhsil müəssisələrinin yeni təsnifatı – ŞƏRH

Sharing is caring!

Ümumi təhsil müəssisələrinin yeni təsnifatı müəyyənləşib.

Belə ki, Prezident İlham Əliyevin sərəncamı ilə bununla bağlı “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Təhsil haqqında” və “Ümumi təhsil haqqında” qanunlarda dəyişiklik edilib.

Dəyişikliyə əsasən, ümumi təhsil müəssisələrinin növlərinin sayı 13-dən 14-ə qaldırılıb.

Təhsil eksperti Elçin Süleymanov yeni təsnifatı Oxu.Az-a şərh edib. 

Onun sözlərinə görə, əsas məqsəd sağlamlıq imkanları məhdud olan uşaqların təhsil müəssisələrinə daxil olunması istiqamətindədir:

“Məqsəd xüsusi qayğıya ehtiyacı olan insanların digər şagirdlərlə eyni məktəblərdə təhsil almalarıdır. Bununla bağlı çoxdan iş gedirdi. Çünki bu cür uşaqlar xüsusi məktəblərdə təhsil alırdılar ki, bu da cəmiyyətdən müəyyən qədər uzaqlaşma idi. Amma onlar bu cəmiyyətdə yaşayırlar, gələcəkdə işləməlidirlər. Ümumtəhsil məktəblərində inteqrasiya edilən siniflər olmalıdır”. 

O qeyd edib ki, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün məktəbə giriş-çıxış infrastrukturu olmalıdır:

“Bu şəxslərin cəmiyyətə inteqrasiyası baxımından əhəmiyyətli addımdır. Fiziki məhdudiyyət onların məktəbdə təhsil almasına maneə deyil. Onları evə qapamaq, cəmiyyətdən təcrid etmək həll yolu deyil. Məktəbdə təhsil almalarına ciddi maneə yoxdursa, hər kəslə bərabər təhsil almaları doğru addımdır.

Nəticədə onları cəmiyyətə qazandırmaq mümkündür. Sağlamlıq imkanları məhdud uşaqlarla sağlam şagirdlərin birlikdə təhsil almaları onlara başqalarına hörmət etmə, yardımsevərlik hisslərini qazandıracaq. 

Hansı məktəblərdə bu cür siniflər olacaqsa, sağlamlıq imkanı məhdud olan uşaqlara bunu hiss etdirməyəcək texniki imkanlar olmalıdır. Eyni zamanda, tibbi, psixoloji xidmətlərə daha çox diqqət yetirilməlidir”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir