Cəmiyyət

Tələbə gənclər Müstəqillik Gününü silsilə tədbirlərlə qeyd ediblər – FOTO

Sharing is caring!

28 may – Müstəqillik Gününün 104-cü ildönümü ilə əlaqədar olaraq Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və üzv Tələbə Gənclər Təşkilatları tərəfindən 23-28 may tarixlərində “Müstəqillik Günü Həftəsi” çərçivəsində silsilə tədbirlər keçirilib.

“ÇƏTİR” proqramı çərçivəsində Xeyriyyə klubları şəbəkəsi tərəfindən uşaq evlərinə ziyarət, İncəsənət klubları şəbəkəsinin təşkilatçılığı ilə müstəqillik ruhumuzu əks etdirən konsert proqramı, Karyera klubları şəbəkəsi çərçivəsində dizayn və proqramlaşdırma sahəsinə aid görüş, İntellektual oyunlar klubları şəbəkəsi ilə müxtəlif intellektual yarışlar və Xarici dil klubları şəbəkəsi ilə mövzu əsasında görüş keçirilib.  

“Hədəf 10%” proqramı çərçivəsində ali və orta ixtisas təhsili müəssisələrində fəaliyyət göstərən ayrı-ayrı TGT-lər tərəfindən həftə ərzində silsilə layihələr həyata keçirilib. Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Mingəçevir Dövlət Universiteti, Mingəçevir Turizm Kolleci, Gəncə Dövlət Universiteti, Azərbaycan Universiteti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və digər təhsil müəssisələrinin Tələbə Gənclər Təşkilatlarının təşkilatçılığı ilə keçirilən tədbirlər çərçivəsində müstəqillik gününə həsr olunmuş rəsm və şəkil müsabiqələri, ekskursiyalar, müxtəlif idman yarışları təşkil olunub. 

Görüşlərdə tələbə gənclərə cümhuriyyət banilərinin dövlətçilik ənənələrinin, sovet işğalı nəticəsində tamamlanmamış qalan işlərin Ümummilli lider Heydər Əliyev dühası sayəsində təkmilləşdirilərək, müasir dövlət idarəçiliyi səviyyəsinə çatdırılması və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi dövründə Vətən müharibəsində şanlı qələbə ilə son iki yüz illik tariximizin ən böyük zəfərinə nail olmağımız barədə ətraflı məlumat verilib, müstəqil Azərbaycan gəncliyinin ölkə inkişafındakı rolu, gənclərin Vətənə bağlılıq, Vətənə sevgi ruhunda yetişməsi, dövlət maraqlarını hər şeydən üstün tutmaları vacibliyi haqqında müzakirələr aparılıb, dəyirmi masalar təşkil olunub. 

“ON1000” proqramı çərçivəsində isə müxtəlif təhsil müəssisələrində “Müstəqilliyimiz əbədidir” adlı tədbir, intellektual yarışlar, seminarlar və konsert proqramı təşkil olunub, videoçarxlar izlənilib. 

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Badminton Federasiyasının dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə “FunniFy” proqramı çərçivəsində Müstəqillik Gününə həsr olunmuş tələbələr arasında badminton yarışı keçirilib. Səkkiz ali təhsil müəssisəsini təmsil edən 16 tələbə arasında keçirilən badminton yarışının yekununda Azərbaycan Dövlət İqtisad Universitetinin komandası birinci, Azərbaycan Tibb Universitetinin komandası ikinci, Azərbaycan Dillər Universitetinin komandası isə üçüncü yerin sahibi olublar. Sonda qalib komandaların üzvləri mükafatlandırılıb.

Görülən işlər qalib ölkənin qalib gənclərinin tarixi köklərə əsaslanan müstəqil ruhda yetişdiklərini, Ali Baş Komandan İlham Əliyevin dəmir yumruğu ətrafında sıx birləşərək onlara miras qalan dəyərlərə sahib çıxmağa və onu gələcəyə bir əmanət kimi daşımağa hazır olduqlarını göstərir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir