Cəmiyyət

DSX əsgərinin intiharına görə komandirə ağır cəza verildi

Sharing is caring!

Ötən il sentyabrın 6-da səhər saatlarında Naxçıvanda yerləşən Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində əsgərin intiharına görə baş çavuş həbs olunub.

“Qafqazinfo” xəbər verir ki, Ağstafanın Eynallı kəndindən olan əsgər Neman Məmmədovu uzun müddət incidən sərhəd zastavasının təminat qrup komandiri – müddətdən artıq hərbi qulluqçu, 1996-cı il təvəllüdlü S.Zeynalov Cinayət Məcəlləsinin 125 (Özünü öldürmə həddinə çatdırma) və 329.2.1-ci (Tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər) maddələri ilə ittiham edilib.

Naxçıvan Hərbi Məhkəməsinin hökmü ilə Babək rayon sakini olan hərbçiyə 5 il həbs cəzası verilib.

Lakin mərhum əsgərin ailəsi onun komandirinə verilən cəza ilə razılaşmayıb. Onlar apellyasiya instansiyasına müraciət edərək, Neman Məmmədovun intihar deyil, S.Zeynalov tərəfindən açılmış atəş nəticəsində ölməsini və ona daha ağır cəzanın verilməli olduğunu bildiriblər. Bir neçə gün əvvəl keçirilən məhkəmə prosesində şikayət təmin edilməyib və Hərbi Məhkəmənin hökmü qüvvədə saxlanılıb.

Məhkəmə prosesində o da məlum olub ki, S.Zeynalov tabeliyində olan əsgərə uzun müddət alçaldıcı münasibət göstərib və ona qarşı psixoloji və fiziki zorakılıq göstərib.

Belə ki, o, Neman Məmmədovun saçlarını səliqəsiz qırxaraq əsgər yoldaşlarının yanında onu ələ salaraq gülüb, avqust ayında günorta vaxtı saatlarla açıq ərazidə günün altında işlədib, mütəmadi söyərək şərəf və ləyaqətini alçaldıb, gənc əsgərlər qarşısında onu mütəmadi olaraq “ziyanverici” adlandırıb, anbardan icazəsiz quru qida payı götürdüyünə görə oğru kimi təqdim edib, həmçinin, istirahət etməyə və televizora baxmağa imkan verməyib.

Nəticədə N.Məmmədov sentyabrın 6-da saat 09:50-də xidmətdə olduğu postda avtomat silahla alın nahiyəsindən atəş açaraq intihar edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir