Cəmiyyət

Bu yaxınlarda Rəşad Dağlının üzr videosu çıxdı…

Sharing is caring!

Kubra Məhərrəmova yazır…

Mənə bəzən elə gəlir ki, Ayətullah Xameneini Azərbaycanda daha çox sevirlər, nəinki İranda. 

Onun fotolarını Azərbaycanda daha çox divara yapışdırırlar, nəinki İranda. 

Onun müqəddəs adam olduğuna daha çox burada inanırlar, nəinki İranda. 

Bizdə “ələmin uçmağına” da Azərbaycanda hamıdan çox inanırlar. İnanırlar ki, ələmin İslamda (şiə təriqətində) müqəddəs sayılan beş nəfərə (Peyğəmbər, Əli, Fatimə, Həsən və Hüseynə) aidiyyəti var. Və ilin 11 ayı ələm yerində olur, ancaq Məhərrəm ayında “uçur”. 
Bütün dünya Ramazan bayramını qeyd edəndə, İranda “ay axtaranlara” da bizdə daha çox inanırlar, nəinki İranda. 

Bu inananlar da inanır ki, İran bunların dərdinə daha çox şərikdir, nəinki buradakılar. 

Və Allah göstərməsin kimsə Xameneinin adını pis çəksə buradakı İran aşiqləri həmin adamı tikə-tikə edər. Elə Xomeyninin adını da. Xamenei də, Xomeyni də hər ikisi İranda dövlət xadimidir. Onlar öz siyasəti, öz mənafeyi üçün çalışıblar.

Qeyd edim ki, Ruhullah Xomeyni 1902-1989 illərdə yaşayıb, İran İslam Respublikasının 1-ci Ali Rəhbəri və qurucusu hesab olunur. 

Xamenei isə 1989-cu ildən İranın ikinci və hazırkı Ali Rəhbəri kimi çalışır. Məlumatlara görə 1981–1989-cu illərdə İranın prezidenti olub. 

Yəni ki, bu adamları televiziya ekranlarında görəndə “salavat çevirmək” lazım deyil, onların fotoşəkillərini divara vurub sitayiş etmək də həmçinin. Çünki İslamın ilk şərti odur ki, Allaha şərik qoşmaq olmaz. Şəkillərə itaət etməksə heç bir müsəlmana baş ucalığı gətirməz. 

İndi sözümü nəyə gətirirəm.

Bu yaxınlarda Rəşad Dağlının üzr videosu yayıldı. Onun simasındakı ümidsizlik, qanının qara olması əməlli bilinirdi. Meyxanada istifadə etdiyi “Xomeyni çöküb qalıb, Behçəti naqruzkadadır” ifadəsi belə görünür ki, ona baha başa gəlib. 

Rəşad üzr videosunda deyir ki, “Məni tanıyanlar bilir, seyid nəslindənəm, bu yolun tərəfdarıyam, Məşhəd və Kərbəla ziyarətlərində olmuşam, həmişə çalışmışam, dini təbliğ edim”. 

Mən Rəşadın dini təbliğ etməyini açığı eşitməmişəm. Arada-bir sosial şəbəkələrdə onun dediyi meyxana hissələrini dinləmişəm. Vallah orada da din söhbəti qarşıma çıxmayıb. Əksinə başqa örnəklər verib. Amma o sözlərə görə, gənclərə pis örnək verdiyi üçün üzr istəməsini görməmişəm.  

Maraqlıdır, Bakıda kimsə Putini, Ərdoğanı, İngiltərənin Kraliçasını, Zelenskini, Baydeni meyxana meydanında beytin qəhrəmanı etsə, yenəmi eyni qaydada üzrxahlıq videosu tələb olunacaq?

Aydın məsələdir ki, Rəşad bu videonu kefindən çəkməyib, deməli ona təzyiqlər olub ki, adam bu addımı atıb. Bəlkə dostlarının, bəlkə də düşmənlərinin təzyiqi olub. 

Bu isə çox təhlükəli siqnaldır. 

Həm də ona görə təhlükəlidir ki, əgər sən “ayın” İranda çıxması və ya çıxmaması ilə razı deyilsənsə, bu sənə baha başa gələ bilər. Çünki İranın ali dini liderinin Ramazan “ayı” bütün dünya müsəlmanlarının ayından bir gün gec çıxır.  

Ya da İranın ali dini liderinin öz şəxsi ayı var. Ona görə hərəkət edir. 

Yaxşı, düşünək ki, bizdəki Xamenei aşiqləri Xameneiyə dövlət deyil din xadimi olaraq yanaşırlar, onda niyə bir dəfə Ayətullah Şəriətmədarinin adını çəkmirlər? O da Ayətullahdır axı. Deməli ya dini, tarixi bilikləri zəifdir, ya da məqsədləri ayrıdır. 

Ayətullah Şəriətmədari kimdir? İnternetdə olan açıq mənbələrdə yazılıb ki, Böyük Ayətullah Mərcayi Təqlid Seyid Məhəmməd Kazım Şəriətmədari 1905-ci ildə Qacarlar Xanədanlığının Azərbaycan vilayətinin paytaxtı Təbriz şəhərində anadan olub. Fitri-istedada malik Kazım Şəriətmədariyə 19 yaşında Ayətullah dini dərəcəsi verilib. 

Nəzərə alsaq ki, İranda din-siyasətdən ayrı qala bilməz və bilmir, bu məsələdə Ayətullah Şəriətmədarinin Ruhulla Xomeyni ilə ciddi fikir ayrılığı vardı. O düşünürdü ki, din siyasətdən uzaq olmalıdır. Ruhulla Xomeyni isə tam əksinə olaraq din və siyasəti bir sayırdı. 
Daha sonra Şəriətmədari ilə Ruhulla Xomeyni arasında bu fikir ayrılığı açıq qarşıdurmaya çevrildi.

Qarşıdurmanı yaradan Şəriətmədarinin Xomeyninin dini dövlət nəzəriyyəsini tənqid etməsi, dini dövlət yanaşmasının şiəlikdə heç bir elmi əsasının olmadığını bildirməsi idi. Bəli, şiəlik təriqətinin elmini dərindən bilən Şəriətmədari dinin Xomeyninin əlində siyasi vasitəyə çevrilməsinə qarşı idi. Təbii ki, bu davranış siyasi və dini başçının xoşuna gəlmir və 1979-cu ilin dekabr ayında Şəriətmədari ev dustağına çevrilir. Xüsusi xidmət orqanlarının nəzarətinə götürülən Ayətullah Şəriətmədari ömrünün son günlərinə qədər həbsdə saxlanılır. 

İndi sual verirəm, əgər həqiqətən də bizim şiə bacı-qardaşlarımız Ayətullahların hörmətini, izzətini saxlayırlarsa, niyə Ayətullah Şəriətmədari haqqında danışmırlar? Niyə onun əsl, həqiqi fikirlərini təbliğ etmirlər? Niyə demirlər ki, İslam dini siyasət deyil, bu bir sevgi, eşq dinidir. 

Demək ki, əmmaməli əmilərin portretini divara vurub, onlara salavat göndərməklə bitmir bu iş.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir