Cəmiyyət

Ceyranbatan su anbarının ərazisindəki ağaclar kütləvi quruyur – AÇIQLAMA + FOTO

Sharing is caring!

Ceyranbatan su anbarı hasarlanaraq mühafizə olunsa da, anbarın ətrafındakı yaşıllıq zolağında ağaclar kütləvi şəkildə quruyur.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. 

İddia edilib ki, meşəlik məqsədli şəkildə məhv edilir.

Məsələ barədə Fövqəladə Hallar Nazirliyi ilə əlaqə saxladıq. 

FHN-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, son illər ərzində Ceyranbatan meşəçiliyi ərazisində kütləvi olmasa da, meşə ərazilərinin müəyyən qədər seyrəlməsinin müşahidə olunması bir sıra obyektiv və subyektiv amillərlə bağlıdır:

“Obyektiv səbəblərə iqlim dəyişiklikləri, o cümlədən son illərin quraqlığı, torpaqların şoranlaşması, təbii eroziya prosesinin genişlənməsi, Ceyranbatan meşəçiliyinin əsasən, gilli ərazilərdə yerləşməsi, eləcə də meşə sahələrinin xeyli hissəsinin yaşlı, fiziki ömrünü başa çatdırmaqda olan ağaclardan ibarət olmasıdır.

Məlumat üçün bildiririk ki, Ceyranbatan meşəçiliyi ötən əsrin 60-cı illərində yaradılmış, ağacların böyük bir qisminin yaşı 70 ilə yaxındır. Subyektiv məsələlərə isə suvarma sistemlərinin uzun müddət davamlı istismarı nəticəsində tez-tez sıradan çıxmasını, son illər nasosların işinə ciddi maneələr yaradan anbarda su səviyyəsinin aşağı düşməsini göstərmək olar”.

Qurumdan qeyd edilib ki, Ceyranbatan su anbarının ərazisində yerləşən Ceyranbatan meşəçiliyinin FHN-in balansına bir neçə il əvvəl verildiyini nəzərə alsaq, qeyd olunan meşə problemlərinin bir çoxunun əsası qurumun balansına keçəndən xeyli əvvəl olub:

“Belə ki, vaxtı ilə su anbarının izolyasiyası məqsədilə anbarın ətrafına kənardan xüsusi su keçirməyən gil torpağı gətirilib. Bu il isə ağacların köklərinin inkişafına mane olur. Hazırda bu ərazidə torpağın humus (çürüntülü) qatı cəmi 15-20 sm təşkil edir.

Bu da öz növbəsində köklərin əksəriyyətinin inkişafına maneçilik törədir. Bəzi sahələrdə aqrotexniki şərtlərə riayət olunmadan, ağaclar sıx əkildiyindən havalanma və günəş şüalarının kifayət etməməsi, fotosintez proseslərinin getməsinə maneçilik törədir ki, bu da ağacların qurumasının səbəblərindən biri kimi qəbul edilməlidir.

Ceyranbatan meşəçiliyinin Fövqəladə Hallar Nazirliyinin balansına verildiyi ötən dövr ərzində Ceyranbatan su anbarının meşə sahələrinə gündəlik rejimdə mümkün olan bütün aqrotexniki xidmətlər göstərilmiş, əksər meşə sahələrinin mütəmadi suvarılması təşkil edilib.

160 hektara yaxın yeni meşə ərazisi salınmış, 150 hektarda damlama üsulu ilə suvarma sistemi qurulub. Hazırda meşəçilik ərazisindəki istifadədə olan bütün nasosxanalar işlək vəziyyətdədir, nasosxanaların suyun lazımi həddən aşağı düşəcəyi hallarda da çalışması üçün xüsusi sifon sistemi qurulub. Hazırda meşə ərazilərinin bərpası istiqamətində ardıcıl iş aparılır”.

Qeyd edək ki, peyk görüntüləri (“Maxar Technologies”) 2009-2021-ci illər ərzində Ceyranbatan su anbarının ətrafındakı ağacların necə seyrəldiyini göstərir.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir