Cəmiyyət

Ədəbiyyata, sənətə və həyata dair…

Sharing is caring!

Şəhriyar Del Gerani yazır…

Vaqif Bayatlını düşünürəm, həmin o – səhralarca qumsuz, sahillərcə susuz adamı. İndi bu məqaləmizi oxumağa başlayan hazırlıqsız oxucu düşünəcək ki, ˝Səhralarca qumsuz, sahillərcə susuz adam nə deməkdir?˝ Ona görə də bəri başdan şərtimizi kəsək, aydın olsun niyyətimiz. Belə deyək, istənilən yazı adamı birinci cümləni elə yazmalıdır ki, sonrakı mərhələlərdə özünü, niyyətini, məqsədini dəqiq ifadə etməyi bacarsın. Yəni bu meydan ona ögəy gəlməsin, doğma hiss etsin özünü bu meydanda. Buna görə də yazı adamı heç bir bədii gedişdən çəkinməli, qorxmalı deyil. Çox adam metaforlardan, mübaliğələrdən, həqiqi və gərəkli pafoslu bənzətmələrdən qorxur. Amma qorxmaq lazım deyil. Ümumiyyətlə, poetik düşünmək lazım. Poetik düşünəndə bütün amansız suallara sadə cavablar tapırsan. Məsələn, həyatında elə bir dəhşətli hadisə baş verib ki, büsbütün darmadağın olub ömrün. Sarsılmısan, tükənmisən, acı-acı düşünürsən, ˝Axı, niyə belə oldu?˝ Əlbəttə, həyat amansızdır. Bu suala heç vaxt ədalətli real cavab tapmayacaqsan bu fani dünyada. Bu sual səni yeyib bitirəcək, axırına çıxacaq. Amma poetik düşünsən, əla bir cavaba gedib çıxarsan. Adətən yumşaq hind seriallarında olur belə cavablar: ˝Çünki belə də olmalı idi˝. Vəssalam, məsələ həll olundu. Bu həyati gerçəkliyi qəbul edə bilsən, qurtuldun, təbrik edirəm səni. Uğurlar. Çox sağ ol. Dəyməz. Özündən muğayat ol. Mən də səni. Hələlik.

Onu deyirdim axı, Vaqif Bayatlı. Sənətkar çox yox, ikicə cüt misra ilə həll eləyib söhbəti:

˝Dünyanın ən varlı adamı

ola da bilmərəm,

heç olmaq da istəmirəm.

Mənim üçün ən böyük dünya varı

qapı-pəncərəsi açıq

üzü-gözü gülər bir alaçıq…˝

Təsəvvürü belə adamı dincəldir – qapı-pəncərəsi açıq, üzü-gözü gülər bir alaçıq. Bu həqiqətə gedib çatmaq var. Durduq yerdə yaranmır belə şeirlər. Elə həyati məsələlər var ki, onlar barəsində bəzən 10 il düşünürsən, bəzən 20 il düşünürsən, bəzən 30 il, amma heç bir nəticəyə gələ bilmirsən. Bir də görürsən, heç gözləmədiyin tərəfdən qarşına bir əlamət çıxdı və hər şeyi sənə başa saldı. Bu əlamət hansısa bir misra, hansısa bir atalar sözü, hansısa bir hikmət sahibinin rəvayəti, hansısa hədis də ola bilər, hansısa bir sıradan adamın həyat hekayəsi, yaxud, səfeh birinin kifayət qədər yersiz, düşük zarafatı da. Bizim rayonda baməzəliyi ilə tanınan biri vardı. Ölüb deyə adını yazmıram. Əhvalat belədir ki, bir gün həmin bu rəhmətlik baməzə adamın anası dünyasını dəyişir. Yəni anası dünyasını dəyişəndə özü rəhmətlik deyilmiş, yaşayırmış. Özü çox sonralar rəhmətlik oldu. Mən danışıram 2000-lərin əvvəlindən, ˝krosna antenaları˝ deyilən çanaq antenaları təzə-təzə dəbə minirdi Azərbaycanda. Xülasə, anasını torpağa tapşıranda əhlətə oğlu olaraq bu giribmiş. Təsəvvür edin, İmişli, avqust ayı, günorta saat iki, dörd yerdən günəş çıxıb. Dəfn mərasimində olanlar bilir, bəlli dini rituallar var, onları dəqiq yerinə yetirməlisən. İslamın diqtəsi, dinin qaydası budur. Belə olmalıdır. Vacib əməllər var, onları yerinə yetirməsən, həm ölüyə, həm də diriyə hörmətsizlikdir. Bunlar min illərdir davam edən əxlaq qaydaları, ənənələrdir. Ağıllı adamlar ən azından sayğı göstərməlidir bu anlayışlara. Qərəz, dəfn mərasimidir, rəhmətlik qadının meyitini qoyublar qəbrə, bu da həmin o vacib ayinləri yerinə yetirmək üçün qəbrdədir. İndi molla buna deyir ki, ˝Çənəsini bir az sağ tərəfə çevir˝, bu da elə edir. Daha sonra molla deyir, ˝Elə yox, bir az sola tərəf çək˝, bu da elə edir. Daha sonra molla duaları oxuyur, buna deyir, ˝Torpaqdan bir ovuc götürüb üzünün altına qoy˝, bu da elə edir. Daha sonra molla deyir, ˝Elə yox, bir az sağa tərəf çək˝. Bu dəmdə avqust ayı, dörd tərəfdən çıxan günəşin əzabverici şüaları və hərarəti altında yarım saatdır qəbrin içində girinc qalan oğul başını qaldırıb mollaya nə desə yaxşıdır? ˝Ayə, zalım oğlu zalım, krosnı antenası qurursan? Bəssi dənə, kutar gedəy˝. Deyilənə görə molla daxil bütün dəfndə iştirak edən adamlar gülüşür, bununla da mərasim sona yetir, hər kəs təyinatı üzrə dağılışıb gedir. İyirmi ildir eşidirəm bu əhvalatı. İyirmi ildir bu səydəş söhbətə gülür camaat. İndi kimsə deyə bilər ki, ˝Hə, nə olsun? Burda nə var ki?˝ Elə deyil. Burda çox şey var. Bu əhvalatda anaya, ölüyə, dinə münasibətdən tutmuş qadına, kişiyə, insan haqlarına qədər hər şeyə münasibət var. Bu əhvalatı yaradan mollanın da, həmin guya baməzə olası oğulun da, üstəlik, iyirmi ildir bu gülünüb qurtarmış anekdotu üfləyib hırıldaşanların da cəmiyyətə münasibəti var bu əhvalatda. Ən dəhşətlisi bu ki, bu münasibət faydasız və zərərli münasibətdir. Əksəriyyət isə bundan xəbərsizdir. Şəxsən mən bu əhvalatdan çox mənalar əxz etmişəm özüm üçün. Bu əhvalat mənə Azərbaycan cəmiyyətinin, yaşadığım coğrafiyanın reallıqlarını olduğu kimi idrak etməkdə çox yardımçı olub. Sözüm ona, bəzən həddindən artıq ciddi təməl anlayışları sənə olduqca düşük, alasəydəş, banal bir hadisə aydınlaşdıra bilər. Bəzən isə, yuxarıda qeyd etdiyimiz bir bənd şeir. Əlbəttə, əgər adam nəyisə başa düşmək istəyirsə, axtarışdadırsa, həyatı, insanı, dünyanı heç olmasa zərrə qədər də olsa qanmağa cəhd edirsə bunların rolu var, təsiri var. Yox, əgər adam taxta-şalban kimi yaşamağı qarşısına məqsəd qoyubsa, bu fani dünyada heç bir cərəyan ona təsir göstərə bilməz, bilməyəcək də.

Həmin şeirlə, poetik düşüncənin bizə təqdim etdiyi məna ilə səsləşən peyğəmbər əfəndimizin də bir kəlamı var. Tərcümədə təxminən belədir: ˝Zənginlik mal çoxluğu ilə deyil, göz toxluğuyladı˝. Həqiqətən də, ətrafımızda yüzlərlə insan var, bu kimi söhbətləri tutub qulağına qışqırsan da, 40 gün 40 gecə ağ çuxa geyinibən yuxusuna girib pıçıldasan da, eşitməyəcək. Eşitsə də, başa düşməyəcək. Başa düşsə də, özünü qanmazlığa qoyacaq. Mümkün deyil. Çalışma, əmələ gəlməyəcək. Tanıdığım biri vardı, 200 minlik maşın sürürdü, arzulayırdı, yarım milyonluq maşını olsun. Markaların adını yazmıram ki, reklam olmasın. Çətin dövrdür. Nə desən olar. Nə isə, bu tanışın arzuladığı maşını da oldu. Sonra təyyarə almaq istədi, dinclik tapa bilmirdi. Toxtamırdı. Var-dövlət var, pul-para var, amma acgözdü axı, üzümüzdən iraq. Göz doymur. Xəsislik də bir tərəfdən çöküb yaxasına. Ağır bəladır. Allah göstərməsin. Acgözlük və xəsislik barədə xüsusi məqaləmiz olacaq. Ona görə də detallara getmirik. Sözümün canı, günlərin bir günü bunun gözünün ağı-qarası yarım milyonluq maşını necə olursa, getdiyi yerdəcə alışıb yanır. Yalançının şahidi yanında olar, bir xətrin istədiyim yoldaş da maşında imiş. And içir, özümüzü zorla atdıq çölə. O boyda maşın partlayıb eləmədən onca dəqiqənin içində kül oldu getdiyi yerdə. Daha doğrusu, maşının motorxanasından tüstü qalxıb, əyləc də işləməyib həmin anda, nə yaxşı ki sürət aşağı düşüb öz-özünə, sürücü – həmin bu xəsis və acgöz bəndə, yanındakı o xətrin istədiyim yoldaş və başqa bir nəfər, özlərini atıblar maşından, yol da bom-boş imiş, maşın gedib-gedib bir neçə yüz metrdən sonra yoldan çıxıb, düşüb bir dərəyə, başlayıb özüyçün alovlanmağa, eynən filmlərdəki kimi, kül-kül olub. Daha sonra maşının dərdi sahibini həqiqi bəlaya düçar edib. Bir ayın içində iki dəfə iflic keçirib, yataqdan qalxa bilmir o vaxtdan, altına vanna aparırlar. Əlbəttə, Allah şəfasını versin. Sağ-salamat ayağa qalxsın tezliklə. Yanlış anlaşılmasın, mövzumuz başqadır, kiməsə pislik arzulamırıq. Sadəcə, hadisə üzərindən fikrimizi ifadə edirik. Ağıllı adam bu hadisədən nəticə çıxarıb həyatı başa düşməli, ömrünə düzgün yön verməli idi. Daha dünya malına görə dərd çəkib iflic etməli deyildi özünü. Dediyim bu ki, çox vaxt insanı qəbul olunmuş duaları, həyata keçmiş arzuları öldürür. Bu məqamda etiraf edək ki, təkcə bu son cümləyə görə bu məqaləni oxumağa dəyərdi. Təklif edirəm bu cümləni qeyd edəsiniz bir kənara, nə vaxtsa gərəyiniz olacaq: ˝İnsanı çox vaxt qəbul olunmuş duaları, həyata keçmiş arzuları öldürür…˝

Mövzuya dair Yavuz Turqulun əla bir filmi var, baş rolu Şənər Şən oynayır, filmin adı ˝Yol ayrımı˝. Bu mövzuda çoxlu sayda filmlər var, amma azərbaycanlı oxucular üçün ən uyğunu budur. Vaxt eləyib baxın mütləq. Quqlda, yəni “Google” axtarış sistemində eləcə ˝Yol ayrımı filmi tek parça˝ yazsanız, çıxacaq. Başa düşürəm, sosial şəbəkələrdə daha dərin mətləblərlə məşğulsunuz. Amma bu filmə də fürsət tapıb baxın. Baxmaqda fayda var. Amma yenə də özünüz bilərsiniz. Heç kimin işinə qarışmırıq. Çətin dövrdü, adamlardan nə desən gözləmək olar. Kiməsə bir faydalı yol göstərirsən, söz deyirsən, baxırsan, xətrinə dəyir, inciyir, bəlkə gedib qıraq-bucaqda söyür də. Özləri bilər. Qayıdaq mövzumuza.

Deyirəm, nə yaxşı ki, şeir var, ədəbiyyat var, musiqi var, nəğmə var, film var. Həqiqətən, dözülməz olardı yaşamaq. Burnunu azacıq yaradıcılıqdan kənara çıxaran kimi yekə bir zibilxanaya düşürsən. Baxırsan, hərə bir yerdə eşələnir və min bir yolla səni də öz üfunətinə şərik etməyə çalışır. Əsla neqativə köklənməyək, işıqlı adamlardan xali deyil cəmiyyət, düz sözümdür. Böyük çoxluqdan bəhs edirik. Əksəriyyətin başı çatmır get-gedə. Nəsə çox ciddi hadisələr baş verir, fərqində deyilik. Yaxın 5-3 ildə biləcəyik nə olduğunu. İşıqlı adam isə həmişə var. Çox yəqin, hər zaman olacaq da. Bir də görürsən, heç gözləmədiyin adam səni heyrətə gətirdi təsadüfi bir məclisdə. Təxminən 4-5 ayın söhbətidir, Bakıdaydım. Bir dostumla görüşdük, təsadüfən uşaqlıqdan tanıdığım, amma son 15 ildə heç görmədiyim bir yoldaş da gəlib çıxdı məclisə.
Zəruri qeyd olaraq bildirim ki, yoldaşı orta məktəb illərində getdiyimiz idman zalından tanıyıram. Yəni adam sərbəst güləşçidir. Mən həvəskar olaraq məşğul olmuşam güləşlə orta məktəb illərində. Amma o, peşəkar şəkildə. Yəni ilk baxışdan kitabla yaxından-uzaqdan əlaqəsi olmayan bir yoldaş kimi görmüşəm, tanımışam, hələ də o fikirdəyəm. Daha doğrusu, o fikirdə idim. Səhv etmişəm. O gündən sonra daha bir kompleksimi rədd elədim getdi. Deməli, nəsə mövzu gəldi bir məqama, ˝Anna Karenina˝dan misal çəkdim, adam durar-tutmaz Ceyn Ostinin qəhrəmanı Miss Bennetlə qarşılıq verdi. Düzü, diksindim. Baxdım ki, söhbəti dəqiq bilir. Yenə də hər ehtimala qarşı – Qardaş, ˝Qürur və qərəz˝ hara, sən hara? – deyə sual etdim zarafatyana. Dostum gülümsədi, dedi, ˝Hə, arada oxuyuram, sevirəm bədii əsərləri˝. Bu təvazökarlıq – ˝arada oxuyuram˝ intonasiyası mənə tanış gəldi, başladım bir az bunu danışdırmağa. Danışdırdıqca ürəyim açıldı, könlüm fərəhləndi. Uçmağa qanadım olmadı. Azərbaycanda belə adamları tapmaq hardasa mümkün deyil. Mütaliəli adam görəndə az qalıram gözlərimi çıxardıb verəm. Məlum oldu ki, adam Steynbekdən Markesə, Selincerdən Oruellə, Dostoyevskidən Pelevinə, Saramaqodan Nitsşeyə, canım sizə desin, Hüqodan İsa Muğannaya, Bulqakovdan Çəmənzəminliyə qədər kimləri-kimləri, nələri-nələri oxuyub. Bəlkə də inanmayacaqsınız, özünüz bilərsiniz, amma adam Şarlotta Bronte, Uilyam Qoldinqdən misallar çəkdi. Hesse, Kafka, Salman Rüşdi, Hamsun, hətta ˝dünənki uşaq˝ Nəcib Məhfuza qədər, bir sözlə, nəinki təməl 50-60 kitab, aşağı-yuxarı 250 kitab. Mən deyim 250, siz deyin 200. Dəqiq bilirəm, bizim nəinki jurnalistlərin, ədəbiyyatçıların, heç ədəbi camiədə sağa-sola şütüyən yazar-pozarların belə 10 faizi onun oxuduğu kitabların müntəxəbatıyla tanış deyillər. Ən əsası, adam oxuduğu kitabları son dərəcə səlis başa düşüb, düşüncəsinə, təfəkkürünə hopdurub və həyat tərzinə çevirib. İş budur. Qeyri-ixtiyari qalxıb əl uzatdım, sanki və gerçəkdən təzədən tanış oldum, boynunu qucaqladım. Ədəbiyyat adamı belə dəyişir, belə cilalayır, belə möhtəşəm düşüncəyə gətirib çıxarır. Bəli, çoxlu sayda dəxlisiz bilgilər var, onları bilməyə borclu deyilik. Nə də onları bilmədən bir boşluq hiss etmərik həyatımızda. Amma təməl kitablar var ki, mütləqdir hər bir ağıllı insan onları oxusun, başa düşsün, ömrünə əlavə etsin, həyat tərzinə çevirsin.

Tutalım, bizə gərəkdir bilmək. Ki, milyonda birin yanında altı dənə sıfır var, milyardda doqquz dənə. Yaxşı, lap bonus olaraq bunu da bilək, trilyonda da on iki dənə sıfır var. Bu qədər. Taa bizim nəyimizə gərək septilyonun 24 sıfırlı, dekalyonun 33, dodekalyonun 39 sıfırlı olması? İxtisasımız riyaziyyat olsa, başqa məsələ, bilməkdə fayda var, bilməliyik də. Amma riyaziyyatçı deyiliksə, bu bilgilər bizim həyatımızda heç bir zaman iştirak etmir, etməyəcək də. Nə də bir hikmət, məna yoxdur bunları bilməkdə, boş informasiya, başqa heç nə. Di gəl, ədəbiyyat, bədii mətn başqa anlayışdır. Doğrudur, ədəbiyyatsız, şeirsiz, kitabsız da yaşayar insan. Amma ədəbiyyatla, şeirlə, kitabla bir başqa yaşayar. Demək istədiyimiz budur.

Dünyanın çaşdırdığı çoxlu sayda dostlar gördüm, son anda köməklərinə bu dünyadan olmayan şairlər, bu dünyadan olmayan şeirlər yetişdi. Gerçək şeir sözlərin yanaşı düzülərək zövqləndirilməsi deyil, gerçək şeir səni intihar kəndiri üzərində əlindən tutub həyata tərəf keçirəndir. Belələrini çox görmüşük. Görmüşük ki, kitab oxuyub, mütaliə edib, güclü olub. Yaşamağı öyrənib. Fərəhli yaşamağı. Kitablar adama bunu öyrədir. Bədii ədəbiyyat insan ruhunun gimnastikasıdır. Bədii ədəbiyyat insanı ruhən şikəst olmağa qoymur, imkan vermir. Ən vacibi isə, kitablı adamların öz gerçək nağılları olur ömürləri boyunca. Nağılsız adamlar təhlükəli adamlardır. Gərəkdir hər kəsin özünün inandığı bir nağılı, zümzümə edə biləcəyi bir nəğməsi olsun. Yoxsa, bu alverçi cəmiyyət, bu bazar dövrünün adamları səni bir andaca beş qəpiklik edər, hətta nağdıya da deyil, nisyəyə satar.

Nağılsız cəmiyyətdə yaşamaq məşəqqətdir. Düşünün ki, sonda göydən düşən almaları da sizə kilosu 1 manat 70 qəpikdən satırlar. İndi fikirləşəcəksiniz ki, niyə məhz 1 manat 70 qəpikdən? Elədirsə, mən pas. Başqa heç nə…

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir