Cəmiyyət

Vətən Müharibəsi Qəhrəmanının doğum günüdür

Sharing is caring!

Vətən Müharibəsi Qəhrəmanı Mehrab Niftəliyevin doğum günüdür.

Oxu.Az xəbər verir ki, o, 1985-ci il mayın 13-də Quba rayonunun Qam-qam kəndində anadan olub.

17 il Azərbaycan Müdafiə Nazirliyinin Baş Qərargahının tabeçiliyində olan Xüsusi Təyinatlı Qüvvələrdə qüsursuz xidmət edib. O, ölkəmizlə yanaşı, digər xarici ölkələrdə təşkil edilən hərbi təlimlərdə uğurlara imza atıb.

M.Niftəliyev, xüsusən, çətin hərbi təlim sayılan “Qafqaz qartalı” və “EFES” təlimlərini keçib.

Azərbaycan ordusunun baş giziri olan Mehrab Niftəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Cəbrayılın və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, noyabrın 8-də Şuşa döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Mehrab Niftəliyevə “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.

Bundan əlavə Mehrab Niftəliyev ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir