Cəmiyyət

Meyxananın özü cinayətdir…

Sharing is caring!

Qan Turalı yazır…

Meyxana haqqında son dövrlərdə müxtəlif televiziya və internet platformalarındakı çıxışlar edirəm. Ancaq bu fikirləri yazı formasında ifadə etməyə xüsusi ehtiyac var. Söz uçur, yazı qalır… 

Koroğlu, yaxud Dədə Qorqud meyxana deməyiblər, aşıq, ozan olublar. Çünki meyxananın Azərbaycan xalqına heç bir dəxli yoxdur. 

Tarixən, Azərbaycan ədəbiyyatı iki istiqamət üzrə inkişaf edibdir. Birinci istiqamət divan ədəbiyyatı və ya yazılı ədəbiyyatdır ki, o öz təbiətinə uyğun olaraq güclü təsirə məruz qalır. Digər istiqamət isə xalqın yaratdığı şifahi ədəbiyyatdır ki, xalqın milli ruhunu, mənəvi varlığını təyin, təsdiq və mühafizə edən də odur. Şifahi ədəbiyyatı bəzən folklor da adlandırırlar. “Folk” sözü də ingilis dilində “xalq” deməkdir. 

Folklor hər cür yad təsirdən uzaqdır. Əməkçi xalqın arzu və ümidlərini, iztirab və ehtiraslarını da məhz nağıllar, dastanlar, məsəl və bayatılar  ifadə etmişdir. Və divan ədəbiyyatı əruz, folklor isə heca vəznindədir.

Detallara varmadan əruz haqqında Mirzə Ələkbər Sabirin fikirlərini bölüşək… 

“Əruz bizim deyildir. Bunu hamı bilir. Lakin 13 əsrdir ədəbiyyatımızı mühasirəyə almışdır. Bu mühasirə də böyük-böyük ustadların planı və əlləri ilə olmuşdur. Bu mühasirəni yarıb ədəbiyyatımızı xilas etmək, böyük ustadların əlləri ilə mümkün olacaqdır”.

Böyük ustadın dediyi o mühasirə çoxdan qırılıb. Əruz bu gün klassik ədəbiyyat formasından başqa bir şey deyil. 

Qayıdaq folklora. Folklorumuzun onlarla növünün heç birində əruz vəznindən istifadə edilməmişdir. Hər dilin öz strukturu, öz quruluşu var. Bizim dilin də ahəng qanunu var, özünəməxsus semantikası var. Əruz Azərbaycan dilinə uyğun deyil, məhz bu səbəbdən də divan ədəbiyyatında çoxlu sayda ərəb və fars sözləri işlədilir.

XVI əsrdə yaşayıb yaradan iki görkəmli simanın yazdığına baxaq:

Aşıq Dirili Qurbani

Qurbani der, könlüm bundan sayrıdı,
Nә etmişәm, yarım mәndәn ayrıdı?!
Ayrılıqmı çәkib boynu әyridi?!
Heç yerdә görmәdim düz bәnövşәni.

Məhəmməd Füzuli

Eylərəm bixud fəqan, gördükcə kuyin itlərin,
Aşina razi-nihanın aşinadən saxlamaz.

Məncə, məsələ aydındır…

Meyxananı Azərbaycan folkloru adlandıranlar nəyə görə Füzuli və Qurbani ilə bir dövrdə yaşamış bir meyxanaçı adı çəkə bilmirlər? Milli mətbuatımızın tarixində hətta XIX əsrdə yaşamış bir meyxanaçının da adı çəkilmir? 

Necə olur ki, Koroğlunun bir qolu Dərbənddən, bir qolu Təbrizdən danışır, ancaq Azərbaycan Respublikasının əhalisinin əksər hissəsi meyxananın varlığı haqqında ancaq son illərdə xəbər tutur? Bayatı haqqında heç bir şey eşitməyən bir azərbaycanlı tapmaq olar? Dastanın varlığından bixəbər bir azərbaycanlı varmı? O necə xalq yaradıcılığıdır ki, xalqın ondan xəbəri yoxdur?!

Problem ancaq meyxananın xalqımızın ruhuna yad olması ilə məhdudlaşmır. Onun mədəni irsimizə vurduğu zərbə ölçüyəgəlməzdir. Mən meyxananı Avstraliyadakı “Dovşan istila”sına bənzədirəm. 

Məlumdur ki, uzaq qitənin flora və faunası digər qitələrdən fərqlənirdi. Orada dovşan yaşamırdı. İngilislər Avstraliyaya adadovşanı gətirdikdə isə aqibət haqqında heç nə fikirləşmirdilər.

Avstraliyada dovşanların düşməni yox idi, üstəlik dovşanlar sürətlə çoxalırdı. Bir müddət sonra milyonlarla dovşan əkin yerlərini, otlaqları məhv etməyə başladılar. Milyonlarla dovşan öldürülsə də nəticə dəyişmirdi. Meyxana da Azərbaycanın adadovşanıdır.

Dostoyevski deyir ki, ədəbiyyat insana insan olduğunu xatırladır. Ümumilikdə, incəsənətin məqsədi və məramı budur: İnsanın ali duyğularını tərbiyə etmək, onun ruhunu ucaltmaq…

Ancaq dünyada kütlə mədəniyyətinin hökmranlığı baş verir. Heç bir zaman kütlə bu qədər güclü olmamışdı… Meyxananın populyarlaşmasından sonra estrada mahnıları da meyxanalaşdı. Eynən adadovşanı istilası kimi… 

Bir gənc təsəvvür edin. Müşfiqi oxuyur, Əli Kərimi oxuyur, Hadini əzbər deyir. Bir də meyxanaya qulaq asanları düşünün. Meyxana bu insanların incəsənətə yolunu bağlayır. Onların zövqünü yüksəltmək ucaltmaq əvəzinə bayağılığını artırır. 

Meyxanalarda bu qədər “oğru dünyası” mövzusu olmağı təsadüfdürmü? Əlbəttə ki, yox. Çünki meyxananın özü cinayətdir. Və o öz “xiridar”larını da cinayətə sürükləyir. Necə? Həyat haqqında yanlış təsəvvürlər yaratmaqla… Bəsitliyi və bayağılığı ilə… Məhdudluğu və lokallığı ilə… 

Yazımı Mark Porsinin açdığı “qafiyə” ilə bitirirəm: “Ceterum censeo Carthaginem esse delendam”. Yəni ki, Karfagen mütləq dağıdılmalıdır… 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir