Cəmiyyət

Ulu öndərimizin irsi dövlətçiliyimizin əsasıdır

Sharing is caring!

Bütün şüurlu həyatını ölkəmizin çiçəklənməsinə həsr etmiş Heydər Əliyevin müqəddəs ideyaları artıq neçə illərdir ki, uğurla həyata keçirilir. Bu illər ərzində iqtisadiyyatın inkişafı, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması, yeni iş yerlərinin yaradılması, şəhər və kəndlərin abadlaşdırılması və müasirləşdirilməsi sahələrində elə nailiyyətlər qazanılmışdır ki, bunları əvvəlki illərdə müşahidə etməmişdik.
   Respublikamız ən çətin məqamlarda – 1993-cü ildə özünün xilas yolunu müdrik rəhbərimizin dərin zəkası, uzaqgörənliyi sayəsində tapdı, onun göstərdiyi yolla gedərək ən qorxunc siyasi və iqtisadi böhranların məngənəsindən qurtardı.  Müstəqilliyimizin ilk illərində səriştəsiz rəhbərlər, şəxsi mənafeyini  güdən dırnaqarası xadimlər böyük zəhmət bahasına yaradılmış bu təmələ ağır zərbə vurdular, ancaq onu yıxa bilmədilər. Prezident Heydər Əliyevin qətiyyəti sayəsində Azərbaycan həmin müdhiş bəlalardan xilas oldu, ölkəmizin müstəqilliyi, əmin-amanlıq və sabitlik qorunub saxlanıldı, ölkəmizin daxili və xarici siyasəti, haqq işi dünya miqyasında müdafiə edildi.  Heydər Əliyev sözün müstəqim mənasında xalqımızı bəlalardan qurtardı,  inkişafımızın yolunda yeni bir mərhələni bina etdi. Bu tarixi gerçəkliyi bütün dünya qəbul edir və bu həqiqət xalqını, millətini məmləkətini sevən hər bir azərbaycanlının qəlbində tükənməz qürur hiss doğurur və gələcək nəsillərimiz də daim bu duyğu ilə yaşayacaqdır.
 İllər bir-birini əvəz etdikcə ümummilli liderimizin şərəfli ömür yolu xalqına, böyük Türk dünyasına və bəşəriyyətə nə qədər yaxın və dəyərli olduğu daha aydın görünür. Onun məqsədyönlü fəaliyyəti nəticəsində müstəqil Azərbaycan dövləti qısa müddətdə dünya dövlətləri sırasında öz layiqli yerini tutdu.  Hazırda müstəqil dövlətimizin çiçəklənməsi və möhkəmləndirilməsi real prosesə çevrilmişdir, dövlətçilik ənənələrinin zənginləşdirilməsi uğurla davam etdirilir, xalqımızın nailiyyətləri bütün dünyanın gözü qarşısındadır. Dünya və Avropa birliyində nüfuzu getdikcə artan, planetin üzərində yaşayan xalqların ailəsində siyasi və iqtisadi imicini daim möhkəmləndirən respublikamız bu gün Cənubi Qafqazın ən güclü ölkəsidir. Regionlarda mühüm tədbirlər həyata keçirilmiş, yaşayış məntəqələri sosial-mədəni cəhətdən simasını tanınmaz dərəcədə dəyişdirmiş, rayonlarımızın iqtisadiyyatı artmışdır. İnsanların yaşayış şəraiti əvvəlki dövrlərə nisbətən xeyli yaxşılaşmışdır. Bu da, inkişafımızın düşünülmüş qaydada, dərin elmi-nəzəri əsaslarla hazırlanmasından, vətəndaşlarımızın qadir əməklə çalışmasından irəli gəlir.

Aydın Hüseynov, jurnalist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir