Cəmiyyət

İsmayıllının XVII əsrə aid Tircan kəndi: “1000-dən çox ev var, su isə yoxdur” – ŞİKAYƏT

Sharing is caring!

İsmayıllı rayonun Tircan kəndində sakinlər susuzluqdan əziyyət çəkir.

Bu barədə Oxu.Az-a kənd sakinləri tərəfindən şikayət daxil olub. 

Sakinlərin sözlərinə görə, kənd rayon mərkəzindən 23 km cənub-şərqdə Şamaxı-İsmayıllı avtomobil yolunun kənarında, dağ ətəyində yerləşir:

“Tircan kəndinin çoxsaylı bulaqları olduğu halda burada su xəttlərinin və əhalinin rahatlığının təmini ilə bağlı tədbir görülmür. Əhalisi üç mindən çox olan kənddə sakinlər məcburiyyət qarşısında qalıb çox vaxt içməli suyu marketlərdən və kəndə gələn su maşınlarından ödəniş etməklə alırlar.

Biz əsasən təsərrüfatla və heyvandarlıqla məşğul oluruq. Suyun bizim üçün nə qədər vacib olmasını deməyə ehtiyac yoxdur. İsmayıllı İcra Hakimiyyətinin rəsmi saytında bildirilir ki, “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planında İsmayıllı rayonunda içməli su təchizatı, torpaqların su təminatı və meliorativ vəziyyətinin yaxşılaşdırılması sahəsində işlərin davam etdirilməsi nəzərdə tutulur. Bu məqsədlə bir neçə kəndi ilə birlikdə Tircan kəndində subartezian quyularının qazılması sənəddə yer alır.

Amma dərd odur ki, Meliorasiya və Su Təsərrüfatı ASC regiondan asılı olmayaraq bir quyunu 70 min manata, “Azərsu” isə 31 min 500 manata qazır. Şəxsi şirkətlər daha ucuz, 10-15 minə qaza bilər. İndi biz susuzluqdan ölək?”.

Kənd sakinləri deyir ki, yerli İcra Hakimiyyətindən subartezian quyusunun qazılması üçün kəndin coğrafi relyefinin əlverişli olmamasını deyiblər:

“Onlar bunu bəhanə edərək, digər mənbələrin araşdırılmasının zəruriliyini qeyd ediblər. Bilmək istərdik bu qərarlar nə vaxt yerinə yetiriləcək, layihələr, İcra Hakimiyyətinin dediyi mühəndis araşdırmaları, geoloji tədiqatlar nə vaxt aparılacaq?”.

Məsələ ilə bağlı Meliorasiya və Su Təsərrüfatının İsmayıllı Suvarma Sistemləri İdarəsinin rəisi Fazil Həsənov Oxu.Az-a açıqlamasında kənd sakinlərinin irəli sürdüyü iddialara cavab verib.

O bildirib ki, aprelin 28-də İcra Hakimiyyətinin vətəndaş qəbulu keçirilib və vətəndaşların şikayətləri dinlənilib:

“Ticran kəndi rayonun dağ ətəyində yerləşən ən hündür kəndlərindəndir. Ölkə başçısının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planında İsmayıllı rayonunda içməli su təchizatı, torpaqların su təminatı və meliorativ vəziyyətinin yaxşılaşdırılması sahəsində işlərin davam etdirilməsi ilə bağlı tapşırıqları əsasında mütəxəssislərimiz tərəfindən kənd ərazisinə baxış keçirilib. Kənd sakinlərinin əsas problemi içməli su ilə bağlıdır. Amma biz yenə də səlahiyyətlərimiz çərçivəsində edə biləcəyimiz alternativləri qiymətləndirməyə çalışdıq. 

Lakin mütəxəssislər bildirib ki, ərazi hündürlükdə olduğu üçün burada su çıxmır. Hazırda kəndə su gəlir, sadəcə çox az miqdarda olduğu üçün kənd sakinlərini qane etmir. Məsələ ilə bağlı aidiyyəti üzrə digər qurumlara müraciət edilməsi gözlənilir”.

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə qeyd edib ki, sözügedən kəndə qurum tərəfindən xidmət göstərilmir:

“Sözügedən kəndin əhalisi subartezian quyulardan və ərazi yaxınlığındakı bulaqlardan istifadə edir”.

Qeyd edək ki, İsmayıllı rayonunun Tircan kəndi qədim tarixə malik kəndlərdən biridir. Mənbələrdə bu kəndin XVII əsrdə salındığı qeyd edilir. Bu kəndin ən aktual sosial problemlərindən biri sudur. 

Əslində, kəndin qədim tarixini nəzərə alsaq, burada əsrlərdir su problemi var. Sovet dövrü Tircan qadınları suyu səhəng ilə kəndin bulaqlarından daşıyıblar.

Amma kənd sakinləri deyir ki, həmin o bulaqların bir qismi quruyub, bir qismi isə işə yaramır və yerli əhalinin sayı artır. Hazırda kənddə 1000-dən çox ev var.

Belə görünür ki, su problemi ildən-ildən daha da ağırlaşacaq.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir