Cəmiyyət

Həmrəylikdən Zəfər Qurultayına

Sharing is caring!

Dünya Azərbaycanlılarının V Qurultayının Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilməsi ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olmaqla yanaşı, diasporumuzun fəaliyyət tarixində yeni mərhələnin başlanğıcıdır. Şuşa təkcə coğrafi mənada deyil, həm də mənəviyyatımızın, qürurumuzun ucalığıdır. Bu, bir həqiqətdir ki, Şuşanın azad olunması tarixi ədalətin zəfəri, haqqın nahaq üzərində qələbəsinin, işığın zülmət üzərində təntənəsidir. Prezident İlham Əliyevin 2022-ci ili “Şuşa İli” elan etməsi onun tarixi və mədəni sahədə də Ümummilli liderin siyasi kursunu layiqincə davam etdirdiyinin əyani sübutdur. Dünyanın 65 ölkəsindən 400-dən çox soydaşımızı bir araya gətirən Dünya Azərbaycanlılarının Zəfər Qurultayında Müzəffər Komandan İlham Əliyev həm Vətən müharibəsindəki Böyük Qələbəni, postmüharibə dövrünün yeni reallıqlarını qiymətləndirdi, həm də dünya birliyinə açıq mesajlar ünvanladı.
Həm Azərbaycanda yaşayan Azərbaycan vətəndaşları, həm də dünya azərbaycanlıları bir nöqtəyə vururduq, bir hədəfə çatmaq üçün çalışırdıq. Hər birimiz hər gün öz əməyimizlə, işimizlə, hərə öz yerində bu Qələbə gününü yaxınlaşdırdıq. Torpaqlarımızın işğaldan azad olunmasından daha vacib və ali vəzifə yox idi.
Müharibə dövründə – cəmi 44 gün ərzində 300-dən çox şəhər və kəndi döyüş meydanında azad olunub. Məhz buna görə Ermənistan məcbur olub və noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atdı. Məhz biz Şuşanı noyabrın 8-də azad edəndən sonra Ermənistan rəhbərliyi nəhayət anladı ki, müharibəni davam etdirmək onlara daha baha başa gələcək .
İstər ATƏT-in Minsk qrupunun yarıtmaz fəaliyyəti, istərsə də Ermənistan rəhbərliyinin mənasız fikirləri və idddiaları Qarabağ məsələsinin danışıqlar yolu ilə həll edilməsini ləngidirdi: “Minsk qrupu son 30 ildə məsələnin həlli istiqamətində heç bir uğurlu addım atmırdı. Azərbaycan xalqı 30 il davam edən mənasız danışıqlar əvəzinə öz gücünü ortaya qoydu, ədaləti bərpa etdi, beynəlxalq hüququ bərpa etdi. Bütün dünyaya sübut etdi ki, biz böyük xalqıq və Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində deyildi.
Dünya Azərbaycanlılarının qurultayları bu prosesdə önəmli rol oynayıb. Dünya Azərbaycanlıları Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, Azərbaycanın haqlı mübarizəsinin ayrılmaz bir parçasına çevriliblər. Vətən müharibəsi dövründə diaspor təşkilatlarının dünyanın 30-dan çox ölkəsində 200-dək aksiya keçirmələri, bu aksiyalarda ümumilikdə 25 mindən çox soydaşımızın və dost xalqların nümayəndələrinin iştirakı, həmçinin 50-dən çox ölkədə fəaliyyət göstərən 300-ə yaxın diaspor təşkilatının müxtəlif ölkələrin dövlət və hökumət rəhbərlərinə, parlament üzvlərinə, beynəlxalq təşkilatlara bəyanatlar, müraciətlər göndərməsi də Azərbaycançılıq ideyasının bütün azərbaycanlıların vahid məfkurəsini çevrildiyini, həmvətənlərimizin bir amal uğrunda birləşməyi bacardıqlarını sübuta yetirir.
Xudayar Soltanlı, ADPU Cəlilabad filialının direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir