Cəmiyyət

Ana dilimizin dövlət dili olması
uğrunda yorulmaz mübariz

Sharing is caring!

21 aprel ölkəmizdə ən əziz günlərdən biridir. Çünki həmin tarix milli varlığımızın əsas atributlarından olan ana dilimizlə bağlıdır. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapmışdır. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir. Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Ulu Öndər bununla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qorumuşdur.
Dil millətin simasını səciyyələndirən amillərdən biri, onun milli sərvətidir. Millətin dilinin dövlət dili statusuna yüksəlməsi isə tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir.
Bu gün Azərbaycan dilinin dövlət statuslu dillər arasında olmasına görə bu dilin gözəl bilicisi, mahir natiq ümummilli lider Heydər Əliyevə minnətdar olmalıyıq. Ulu öndər milli-mənəvi dəyərlərimizin ən qiymətlisi və bir millət kimi milli varlığımızın rəmzi olan Azərbaycan dilinin saflaşdırılması və inkişafı istiqamətində çox mühüm addımlar atıb. 1993-cü ildə Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycan dili öz inkişafında yeni mərhələyə qədəm qoyub. Müstəqil dövlətimizin 1995-ci ildə qəbul edilən ilk Konstitusiyası ilə dövlət dilinin adı bərpa edilib.
Ümummilli lider Heydər Əliyevin “Dövlət dili işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli fərmanı, yeni əlifbaya keçidin 2001-ci ilin avqustuna kimi ölkəmizdə bütünlüklə təmin edilməsi çox möhtəşəm tarixi hadisələr idi. Ulu öndər 2001-ci il avqustun 9-da Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında fərman imzaladı. Həmin fərmanla avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü elan olundu. Bundan sonra hökumət səviyyəsində 2002-ci il 30 sentyabr tarixdə “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi istiqamətində daha bir addımdır.
Heydər Əliyevin dövlət quruculuğunda əhəmiyyətli bir yerdə duran dil siyasəti və onu inkişaf etdirməyin yolları haqqında söylədiyi fikirlər bizə Azərbaycan dilini xalqın mənəvi varlığı kimi sevməyi, dilin zəngin söz xəzinəsindən bacarıqla istifadə etməyi, dilin qayğısına qalmağı, onun saflığını qorumağı, onunla fəxr etməyi, onu dərindən bilməyi, mükəmməl mənimsəməyi, ana dilimizin gözəlliyini duymağı, bu gözəlliyi hər zaman hər yerdə təbliğ etməyi, bu dildə düzgün danışmaqla hamıya nümunə olmağı öyrətdi.
Qeyd edək ki, indi ölkəmizin sərhədlərindən kənarda da Azərbaycan dilində danışan milyonlarla soydaşımız yaşayır. Qürur duyuruq ki, Azərbaycan dili Beynəlxalq tribunalardan eşidilir. Azərbaycan Respublikasının Dövlət Himni məhz bu dildə bütün dünyada səslənir. Öyünürük ki, ölkəmiz dünya birliyində layiqli yer tutur. Ana dilimizdə isə dünya elminə, ədəbiyyatına töhfə verən əsərlər yaradılır.

Hafiz Cavadov, YAP Cəlilabad rayon təşkiıatının sədr müavini

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir