Cəmiyyət

LAÇIN AZƏRBAYCANIN DİLBƏR GUŞƏSİDİR

Sharing is caring!

Uzun illər ərzində Azərbaycanın hərtərəfli inkişafı üçün rəhbər tutulan strateji xəttin, ölkəmizin daha da güclənməsi üçün görülən fasiləsiz işlərin məntiqi nəticəsi isə tarixi ədalətin bərqərar olması – Vətənimizin ərazi bütövlüyünün təmin edilməsi olmuşdur. Azərbaycan xalqının apardığı Vətən müharibəsi Ermənistanın kapitulyasiya aktını imzalaması ilə nəticələnmişdir.

Tarixi 44 günlük savaş, düşmənin döyüş meydanında diz çökdürülməsi, məğlubiyyətini dərk edərək aman diləməsi xalqımızın yenilməzliyinin, Silahlı Qüvvələrimizin qüdrətinin, şanlı qalibiyyətimizin təntənəsi oldu. Hər birimizi döyüşə və qələbəyə ruhlandıran dəmir iradə, sarsılmaz qətiyyət, diplomatiya sahəsində və informasiya müharibəsində nümayiş etdirilən məharət, xalqımızın bir yumruq kimi ətrafınızda birləşməsi, Silahlı Qüvvələrimizin rəşadəti və qəhrəmanlığı ərazi bütövlüyümüzün bərpa olunmasını və düşmənin əzəli torpaqlarımızdan əbədi olaraq qovulmasını təmin etdi. Düşmən tərəf Laçını döyüşsüz təslim etdi. Hazırda işğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələr fasiləsiz icra olunur. Laçın rayonu zəngin faydalı qazıntılarla, o cümlədən 3 filiz, 37 qeyri-filiz və inşaat materialları yataqları, civə, vermikulit, əlvan və üzlük daşları, sement xammalı və tikinti daşı yataqları ilə zəngindir. Burada sənaye əhəmiyyətli Gilgəzçay, Sarıbulaq, Narzanlı civə, Ahnəzər əlvan daşı, Qarabəyli, Dəlikdaş, Çorman və Narzanlı kimi vermikulit yataqları daha böyük ehtiyatlara malikdir. Laçın rayonunda generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyasını işə salınıb. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək. Prezident İlham Əliyev vurğulayıb: “Bu, azad edilmiş torpaqlarda istismara verilən birinci elektrik stansiyasıdır və bunun çox böyük əhəmiyyəti, böyük rəmzi mənası var. Biz qayıdırıq bu torpaqlara. Biz Kəlbəcər və Laçın rayonlarında ermənilər tərəfindən uzun illər ərzində qanunsuz istismar edilmiş, onlar tərəfindən dağıdılmış bütün su elektrik stansiyalarını bərpa edəcəyik. Düşmən təkcə Laçın rayonu ərazisində 5 su elektrik stansiyasını dağıdıb. Onların hamısı bərpa ediləcək.”
Prezident İlham Əliyevin sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 72,8 kilometrdir. Birinci və ikinci texniki dərəcəyə uyğun tikiləcək yolun hərəkət hissəsinin eni 9-16 metr olacaq. İki və dörd hərəkət zolaqlı olacaq yol üzərində altkeçidlər və körpü inşa olunacaq. Yol üzərində 3 tunelin tikintisi aparılacaq. Tunellərin ümumi uzunluğu 9450 metr olacaq.Laçın istiqamətində dövlət sərhədləri möhkəmləndirilir. Eyni zamanda, Laçın rayonunda fərqli təyinatlı infrastruktur layihələri reallaşdırılır. Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır. Bunun mülki aviasiya, yükdaşıma və hərbi əhəmiyyəti danılmazdır. Azərbaycan dövləti bundan sonra qalib dövlət kimi inkişaf edəcək. Azərbaycan xalqı müzəffər xalq kimi yaşayacaq, qürur hissi ilə yaşayacaq. Doğma torpaqlarda yaşayıb rahat ömür sürmək bizim haqqımızdır. Buna görə cənab Prezidentə minnətdarlığımızı bildirir və onunla fəxr edirik.Fərqanə Məmmədova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir