Cəmiyyət

PANDEMİYAYA QARŞI MÜBARİZƏ GÜCLƏNDİRİLİR

Sharing is caring!

VIII Qlobal Bakı Forumunda Prezident İlham Əliyevin çıxışı ilə diqqətlə tanış olmuşuq. Prezident öz çıxışında çox maraqlı və vacib məqamlara toxunub. Azərbaycan dünyanın az saylı dövlətlərindəndir ki, pandemiya ilə mübarizədə ilk günlərdən qabaqlayıcı tədbirlər görərək istədiyinə nail olub.

COVID-19 pandemiyası başlayandan bəri Azərbaycan həm də dünyanı cənginə alan xəstəliklə mübarizədə qlobal səyləri səfərbər edən ilk ölkələrdən biri olub. İndiyədək Azərbaycan bu istiqamətdə bir sıra vacib və dəyərli təşəbbüslərlə çıxış edib, dünya güclərini həmrəyliyə çağırıb. Məhz, Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının pandemiya ilə mübarizə mövzusunda dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının uğurla keçirilməsi Azərbaycanın beynəlxalq ictimaiyyətin əlaqələndirilmiş birgə fəaliyyətinə böyük töhfələri hesab edilir. Bu mənada, Azərbaycan pandemiyaya qarşı ölkə daxilində ardıcıl mübarizə tədbirləri gördüyü kimi, beynəlxalq miqyasda da özünü məsuliyyətli dövlət kimi aparması ilə böyük rəğbət qazanıb, qlobal həmrəyliyin möhkəmlənməsinə fəal dəstək nümayiş etdirib.

Qoşulmama Hərəkatı adından bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsinə dair qətnamə irəli sürüb və həmin qətnamə cari ilin mart ayında yekdilliklə qəbul edilib. COVID-19-dan sonra daha yaxşı bərpa üçün güclü, əlaqələndirilmiş və məqsədyönlü qlobal addımlara ehtiyac var. Bu səbəbdən pandemiyadan sonrakı dövr üçün qlobal tədbirlərə dair BMT-nin COVID-19-dan sonra qlobal bərpa üzrə Yüksək Səviyyəli Panelinin yaradılması təklifi Azərbaycan tərəfindən irəli sürülmüşdür. Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan 30-dan artıq ölkəyə maliyyə və humanitar yardım göstərmişdir. Azərbaycanın təşəbbüsü ilə COVID-19-un müalicəsi ilə bağlı məlumat bazası yaradılıb və Ümumdünya Səhiyyə Təşkilatı Qoşulmama Hərəkatına üzv ölkələrdə həmin məlumat bazasından istifadə edir. Bu isə öz növbəsində ÜST-yə öz dəstəyini düzgün planlaşdırmağa və proqnozlaşdırmağa kömək edir. Azərbaycan təmənnasız olaraq bir neçə ölkəni peyvənd dozaları ilə təmin edib. Eyni zamanda, yoxsul ölkələrin dəstəklənməsi üçün Ümumdünya Səhiyyə Təşkilatına könüllü olaraq 10 milyon dollar həcmində maliyyə töhfəsi göstərilmişdir.

Azərbaycan dövləti əhalinin sağlamlığının qorunmasını özünün əsas vəzifəsi hesab edir. Xüsusi laboratoriya və xəstəxanaların sayı artır. Qabaqlayıcı tədbirlər çərçivəsində ölkədə xüsusi laboratoriyalar yaradılır. Həmçinin Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı. Hazırda laboratoriyaların sayı 20-dən çoxdur. Ölkəmizin yüksək səviyyədə təchiz edilmiş xəstəxanaları koronavirus xəstələrini müalicə etmək üçün ayrılıb. Beləliklə, Azərbaycanda COVID-19 pandemiyasına qarşı mübarizə planlı şəkildə aparılır. İlham Əliyevin böyük uzaqgörənliklə ölkəmizi daxil etdiyi vaksinasiya platformaları öz bəhrəsini verir.

İlham Əliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir