Cəmiyyət

ERMƏNİSTANIN YALAN ÜZƏRİNDƏ QURULMUŞ SİYASƏTİ

Sharing is caring!

 Qalib Ali Baş Komandan işğaldan bir il əvvəl azad olunmuş Xocavəndə növbəti tarixi səfərlərini gerçəkləşdirdi.  Bu, Qarabağa sahiblənməyin növbəti nümayişi idi.
  Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, Hadrut əməliyyatı ilə bağlı Ermənistan mətbuatında yalan informasiyalar kifayət qədər çox idi. Bu barədə Prezident İlham Əliyev Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə  çıxış edərkən bildirib ki, biz az itkilərlə qəsəbəni götürmək əzmində idik və buna da nail olduq. Ermənistan rəhbərliyi və Ermənistan Müdafiə Nazirliyi isə bəyan edirdi ki, Hadrut ermənilərin əlindədir. Halbuki, açıq-aydın idi ki, Hadrut artıq bizdədir. Yalnız Ali Baş Komandanın əmri ilə Hadrutda Azərbaycan bayrağı qaldırıldıqdan sonra artıq Ermənistan rəsmi təbliğatı etiraf etdi ki, Hadrut Azərbaycan Ordusunun nəzarətindədir. Bu, bir daha onu göstərir ki, Ermənistanın təbliğatı da, tarixi də, keçmişi də, dövlətçiliyi də saxtadır və tamamən yalanlar və uydurmalar üzərində qurulub. Biz bu yerlərə döyüşərək, qan tökərək, şəhidlər verərək qayıtmışıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, onların qanı, canı bahasına, hərbçilərimizin şücaəti, qəhrəmanlığı hesabına biz tarixi ədaləti bərpa etdik, işğalçıları doğma torpaqlarımızdan qovduq və doğma torpaqlarımıza qayıtdıq. Bu gün artıq Hadrutun və ümumiyyətlə Qarabağın yeni dövrü başlayır.
  Bundan başqa, Ermənilərin böyük bir fondu var, adı Hayastandır. Bilməyənlər üçün deyə bilərəm ki, Hayastan, əslində, Ermənistan deməkdir. Bilmirəm nəyə görə ingilis dilində, rus dilində Hayastana Armenia deyirlər, çünki ermənilər özlərini hay adlandırırlar, öz ölkəsini Armenia yox, Hayastan adlandırırlar. Ona görə də ermənilərin tarixi də saxtadır, keçmişi də saxtadır, dövlətçiliyi də saxtadır, mifologiyası da saxtadır. Sadəcə olaraq, dünya erməniliyi yaşadığı ölkələrdə elə bir yalan rəy yaradıb ki, sanki Ermənistan əhalisi əsrlər boyu burada yaşayıb. Hadruta ermənilər İrandan XIX əsrdə köçürülüblər. Bunu hamı bilir. O vaxta qədər burada erməni yaşamırdı. Tarixi saxtalaşdıraraq, bu gün də bugünkü reallıqları saxtalaşdırırlar. Müharibə dövründə biz Ermənistan rəsmi orqanlarından nə qədər yalan eşitdik. Hadrutla bağlı bu yalanların dərəcəsi ən son həddə çatmışdı. Çünki Hadrutun azad edilməsi Ermənistana çox böyük mənəvi-psixoloji sarsıntı yaşatdı. Birincisi ona görə ki, onlar hesab edirdilər, Azərbaycan Ordusu Hadrutu heç vaxt azad edə bilməz. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində yerləşən yaşayış qəsəbələrini işğalçılardan azad etmək Ermənistana göstərdi ki, Ermənistan torpaqlarımızdan çıxmaq haqqında öhdəlik götürməyənə qədər biz dayanmayacağıq və dayanmadıq.
  Müharibə başa çatandan sonra Ermənistanın Şirak vilayətindən keçmiş Hadrut rayonunun bəzi kəndlərinə xüsusi diversiya qrupu göndərildiyini xatırladan dövlətimizin rəhbəri onların  noyabrın sonlarında Laçın dəhlizindən keçərək bu bölgələrə daxil olduqları və tərkisilah edildikləri, həbs olunduqları barədə, həmçinin bu hadisələrin cinayət olduğunu bir daha vurğuladı. Prezident İlham Əliyev Ermənistan kapitulyasiya sənədini imzaladıqdan sonra da Hadruta hücum planlaşdırdığını, amma Azərbaycan Silahlı Qüvvələri tərəfindən  lazımi addımlar atıldığını bildirdi.

Vüsal Kazımov, Cəlilabad şəhər sakini

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir