Cəmiyyət

Vüqar Rəhimzadə: Füzuli Beynəlxalq Hava Limanı Qarabağın sülhə açılan hava qapısıdır

Sharing is caring!

“Sentyabrın 5-i tarixi  ölkəmiz üçün çox əlamətdar gün oldu.  Dövlətimizin başçısı İlham Əliyevin Qarabağımızın hava qapısı kimi dəyərləndirdiyi  Füzuli Beynəlxalq Hava Limanına dünyanın 2 nəhəng hava gəmisi uğurlu eniş etdi. Azərbaycanın “Airbus A340-500” təyyarəsi və “SilkWay” şirkətinin “Boeing 747-400” təyyarəsi öz texniki uçuşlarını müvəffəqiyyətlə yerinə yetirərək  Zəfər tariximizin daha bir möhtəşəm səhifəsinin yazılmasının iştirakçısı oldular.  İşğaldan azad olunmuş  ərazilərimizdə həyata keçirilən bərpa və quruculuq işlərini, həmçinin  Böyük Qayıdışın reallığa çevrilməsinə xidmət edən bu kimi addımları xalqımızın necə sevinclə, qürur hissi ilə qarşıladığını   təsəvvür etmək çətin deyil.  30 ilə yaxın düşmən tapdağı altında olan,  hər daşı, qayası dağıdılan, yerlə-yeksan edilən bu torpaqlarımızda həyatın yenidən başlanmasından, onlara yeni, doğma nəfəsin verilməsindən sevincli  nə ola bilər?  Bildiyimiz kimi, Füzuli Beynəlxalq Hava Limanının təməli dövlət başçısı İlham Əliyevin  cari ilin yanvarın 14-də Şuşaya səfəri çərçivəsində qoyulmuşdu. Qarabağın hava qapısı adlandırılan  bu müasir tipli beynəlxalq aeroport cəmisi 9 ay müddətinə  tamamlanaraq, artıq  qonaqlarını qarşılamağa hazırdır.”

Bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, “Qarabağ” adını daşıyan sərnişin  təyyarəsinin Füzuli Beynəlxalq Hava Limanına enməsi  30 ilə yaxın müddətdə həsrətlə gözlədiyimiz Böyük Qayıdışın daha bir rəmzi ifadəsi oldu: “Dövlətimizin qətiyyəti, rəşadətli Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində 30 ilin işğalına son qoyuldu. Tarixi Zəfərimiz 30 illik işğal dövrünün bütün reallıqlarına işıq saldı. Qonşu ölkələrə qarşı əsassız torpaq iddiası ilə çıxış edib bunu havadarlarının  dəstəyi ilə həyata keçirən   ermənilər tarixi saxtalaşdırmaqla  yalanlarını həqiqət kimi  sırımağa çalışsalar da,  Qələbədən sonra danışan daşlar, qayalar belə   bir daha bu reallığı ortaya qoydu ki,  ədalət, beynəlxaq hüquq mövcuddur, sadəcə  onların tətbiqi üçün aparıcı dünya dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar  maraqlarını bir kənara qoyub hadisələrə  açıq və obyektiv gözlə  baxmalıdırlar. Ermənilər işğal etdikləri ərazilərimizdə 30 ildə  bir dənə də olsun  quruculuq işi həyata keçirməyiblər.  Əksinə mövcud olanları  tamamilə dağıdıb,  vəhşiliyin onlara xas xislət olduğunu bütün dünyaya  nümayiş etdiriblər.  Bu gün dünya həqiqətləri görməklə yanaşı, həm də  onları etiraf etmək məcburiyyətindədir. Artıq bütün dünya  torpağın əsl sahibi olan azərbaycanlıların  işğaldan azad edilmiş ərazilərimizdə quruculuq işlərini necə böyük  həvəslə, qürur hissi ilə həyata keçirdiklərinə şahidlik edir. Bu gün əsas hədəf  bu torpaqları öz əvvəlki məcrasına gətirmək, cənnət məkana çevirməkdir. Dövlət başçısı İlham Əliyevin əsas çağırışlarından biri də budur ki, Qarabağın tacı, Azərbaycanın döyünən ürəyi olan Şuşa  dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməlidir. Füzuli Beynəlxalq Hava Limanının tikintisində məqsədlərdən biri də mədəniyyət paytaxtımıza  gediş-gəlişi yüksək səviyyədə təmin etməkdir. Təbii ki, burada yerli  vətəndaşlarla yanaşı, xarici turistlərin səfərləri də nəzərə alınır. Yol infrastrukturunun yüksək səviyyədə qurulması ümumilikdə bu ərazilərin malik olduğu iqtisadi resurslardan səmərəli istifadəni təmin edəcək.”

Baş redaktor onu da bildirib ki, dövlət başçısı İlham Əliyevin   rəhbərliyi və müvafiq tapşırıqları  əsasında işğaldan azad edilmiş ərazilərdə  zəruri infrastrukturun yaradılması istiqamətində işlər uğurla davam etdirilir: “Ölkə Prezidenti ilə birgə işğaldan azad edilmiş ərazilərimizə səfərlər edən, burada aparılan quruculuq və bərpa işləri ilə yaxından tanış olan, yeni obyektlərin təməlinin qoyulmasında və bərpadan sonra açılışında iştirak edən Azərbaycanın  Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşkilatçılığı ilə keçirilən tədbirlərin Böyük Qayıdışın reallığa çevrilməsində, möhtəşəm  Qələbəmizin təqdimatında mühüm əhəmiyyəti vardır.  Hazırda dünyaya səs salan “Xarıbülbül” musiqi festivalı, Vaqif Poeziya Günləri ənənələrinin bərpasında Heydər Əliyev Fondunun xidmətləri  böyükdür. Bu mühüm tədbirlər işğalçı  Ermənistana və ona dəstək verən dövlətlərə ciddi mesajlar olmaqla yanaşı, həm də  bərpa və quruculuq  işlərinin daha böyük əhval-ruhiyyə, ruh yüksəkliyi ilə davam etdirilməsinə stimuldur.”  

Vüqar Rəhimzadə daha sonra qeyd edib  ki,  Qarabağın dünyaya açılan  hava qapısı olan Füzuli Beynəlxalq Hava Limanı ilə yanaşı, Laçın və Zəngilan rayonlarında da beynəlxalq aeroportların  tikintisinə başlanılıb: “Bu mühüm addımlar  həm sosial-iqtisadi, həm də   strateji cəhətdən olduqca önəmlidir. Yaradılan  bu infrastruktur qarşıdakı illərdə Azərbaycanın dayanıqlı inkişafına  böyük dəstək olacaq. Azərbaycan dövləti bütün bu imkanlardan və üstünlüklərdən istifadə edərək öz qüdrətini daha da artıracaq. Hazırda Füzuli Beynəlxalq Hava Limanının ərazisində yaşıllaşdırma işləri həyata keçirilir. Bir sözlə, bu günlər Füzulidə qaynar  həyat yaşanır.  Qısa zamanda həyata keçirilən nəhəng quruculuq və bərpa işlərinin miqyasının genişliyi, eyni zamanda, Azərbaycanın iqtisadi və maliyyə imkanlarının təqdimatıdır. Möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, bu gün  üçün bizim  yeganə rəqibimiz  zamandır. Çünki bərpa və quruculuq  işlərinin uğurla  başa çatdırılmasının  zamana ehtiyacı var.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir