Cəmiyyət

MƏDƏNİYYƏT PAYTAXTIMIZ YENİDƏN QURULACAQ, DAHA DA FÜSUNKAR OLACAQ

Sharing is caring!

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Şuşaya son səfərləri Zəfər tariximizi növbəti mühüm hadisələrlə zənginləşdirdi. Şuşanın baş planının təqdim edilməsi, dahi Azərbaycan şairi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin, büstünün, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin heykəlinin açılışı və ev-muzeyində aparılacaq işlərlə tanışlıq, “Otel və Konfrans Mərkəzi”nin təməlinin qoyulması mədəniyyət paytaxtımızın bərpası və yenidən qurulması istiqamətində atılan addımların tərkib hissələridir. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Vaqif Poeziya Günləri ənənəsinin bərpası Ermənistana və ona havadarlıq edən dövlətlərə növbəti mesaj oldu. Bərpasına 2021-ci il yanvarın 14-dən, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin şanlı Zəfərimizdən sonra Şuşaya ilk səfərindən başlanan işlərin miqyasının böyüklüyü qürur doğurmaqla yanaşı, Böyük Qayıdışın tezliklə reallaşacağının təsdiqidir.

   Dövlət başçısının Şuşaya ilk səfəri zamanı Füzuli-Şuşa yolunun və Füzuli Beynəlxalq Hava Limanının da təməli qoyulmuşdur. Qarabağın hava qapısı kimi dəyərləndirilən Füzuli Hava Limanının iqtisadi və strateji əhəmiyyəti hazırda geniş təhlil olunmaqdadır. Prezident İlham Əliyev Şuşaya səfəri zamanı Füzuli Beynəlxalq Hava Limanında görülən işlərlə də tanış oldu. Ümumilikdə, icrası başa çatmaqda olan, yaxud təməli qoyulan hər bir layihədə məqsəd işğaldan azad edilmiş ərazilərimizdə bərpa və yenidənqurma işlərini, bunun fonunda isə Böyük Qayıdışı sürətləndirməkdir.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş torpaqlarımıza Müzəffər Ali Baş Komandan kimi hər səfəri, bərpa, yenidənqurma tədbirlərində iştirakı hər bir vətəndaşımızı olduqca sevindirir və fərəhləndirir. Bu, həm də onu göstərir ki, dövlətimiz işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması ilə bağlı bütün ideya və planlarını sürətlə reallaşdırmaq gücünə, əzminə malikdir.

   Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Şuşaya son səfərləri çərçivəsində Vaqifin Heydər Əliyev Fondu tərəfindən bərpa olunan məqbərəsinin və büstünün yenidən açılışı baş tutub. Eyni zamanda, şəhərdə Üzeyir Hacıbəylinin abidəsi yenidən ucaldılıb. Üzeyir Hacıbəylinin dağıdılmış evinin bərpası ilə bağlı göstəriş verilib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Üzeyir Hacıbəylinin ev-muzeyində görüləcək işlərlə tanış olublar. Səfər çərçivəsində Polad Bülbüloğlu və onun oğlu, Bülbülün nəvəsi ilə birlikdə dahi Bülbülün ev-muzeyinin bərpasından sonra açılış mərasimi keçirilib. Vaqif Poeziya Günlərinin, bundan əvvəl isə “Xarıbülbül” festivalının bərpası da şəhərin həyatında əlamətdar hadisələrdir. Bu günlərdə Şuşanın mədəni həyatında daha bir əlamətdar hadisə yaşanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 30-da Şuşada keçirilən Vaqif Poeziya Günləri çərçivəsində Heydər Əliyev Fondu tərəfindən təşkil edilən “Qarabağ Azərbaycan mədəniyyətinin incisidir” və “Yenidən doğma diyarda. Qarabağın sənət inciləri” sərgiləri ilə tanış olublar.

    Görülən işlər Müzəffər Ali Baş Komandanın Şuşanın işğaldan azad edildiyi gün xalqa müraciətində söylədiyi “Əziz Şuşa, biz səni dirçəldəcəyik!” sözlərin çox qısa bir zamanda reallaşdığını sübut edir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xüsusi diqqəti nəticəsində Şuşa şəhəri tezliklə dirçələcək, o cümlədən tarixi, mədəni və dini abidələrimiz bərpa olunacaq. Biz mədəniyyət paytaxtımız Şuşanın nüfuzunu özünə qaytaracağıq. Mədəniyyət paytaxtımızı dövlətimizin gücü və qüdrəti sayəsində əvvəlki görkəmindən də gözəl edəcəyik. “Xarıbülbül” festivalından sonra Şuşada vaxtilə məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü əsasında həyata vəsiqə alan Vaqif Poeziya Günlərinin uzun illərdən sonra təşkili hər bir azərbaycanlıya qürur verir.
   Biz Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə çox təşəkkür edirik, qəhrəman şəhidlərimizin ruhu qarşısında baş əyirik.

Fərhad Qurbanov, Cəlilabad Uşaq İncəsənət məktəbinin direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir