Cəmiyyət

XALQIN GÖZÜ TƏRƏZİDİR

Sharing is caring!

Azərbaycan Prezidentı, Ali Baş Komandan Kəlbəcər və Laçına səfəri əsnasında bir daha vurğulayıb ki, İkinci Qarabağ müharibəsi tarixi Zəfərimizdir, Azərbaycanın çoxəsrlik tarixində buna bənzər qələbə olmayıb. “Vətən müharibəsi xalqımızın qəhrəmanlıq salnaməsinə yeni səhifələr yazdı. 44 gün davam edən əks-əməliyyatlar nəticəsində Füzulinin, Ağdamın, Cəbrayılın, Kəlbəcərin, Laçının, Qubadlının, Zəngilanın, Şuşanın, Hadrutun… 300-ə yaxın kəndin, strateji yüksəkliklərin işğaldan azad olunması ilə bölgədə yeni geopolitik mənzərə yaradan rəşadətli Azərbaycan Ordusunun uğurları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 17 illik gərgin siyasi-diplomatik səylərinin, dövlətçilik təcrübəsinin, xalqına və torpağına bağlılığının, əsgər və zabitlərimizin ruh yüksəkliyinin, xalq-ordu birliyinin məntiqi nəticəsidir.
Ordumuzun hərbi əməliyyatlar nəticəsində qazandığı uğurlar faşist xislətli Ermənistanın son iki əsrdə azərbaycanlılara qarşı apardığı soyqırımlara, siyasi, hərbi, ekoloji terrorlara cavabdır. Çünki otuz il ərzində ermənilər bir neçə mif uydurmuşdular ki, onların ordusu “yenilməz ordu”dur və bu torpaqları əbədi işğal altında saxlaya bilər. Azərbaycan Ordusu tarixi Qələbə ilə bu mifləri darmadağın etdi. 44 günlük Vətən müharibəsində erməni ordusunun silah-sursatlarının mütləq əksəriyyəti məhv edildi, ya da ki, qənimət kimi götürüldü. Həmin hərbi texnika, silah-sursat tarixi Qələbəmizin dünyaya təqdimatı olan Zəfər paradında nümayiş etdirilməklə yanaşı, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin təşəbbüsü ilə açıq səma altında yaradılan Hərbi Qənimətlər Parkında da ziyarətçilərə nümayiş etdirilir.
İşğaldan azad edilən Azərbaycan torpaqlarında ermənilərin törətdikləri vəhşilikləri mülki əhaliyə qarşı qəddarlığı görən dünya ictimaiyyəti də təsdiqləyir. Ancaq başqa bir həqiqətdən də yan keçmək olmaz. AXC-Müsavat hakimiyyəti dünya miqyasında bəlkə də ən biabırçı hakimiyyətlərdən biri idi, bəlkə də birincisi idi. AXC-Müsavat cütlüyünün bir illik hakimiyyətləri dövrü yaddaşlardadır. Ölkəni xaosa, anarxiyaya, özbaşınalığa sürükləyən bu ünsürlər dövlət müstəqilliyimizi itirmək, Azərbaycanın bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qoymuşdular. AXC-Müsavat hakimiyyəti ordu quruculuğuna fikir vermirdi, orduda heç bir islahat aparılmırdı. Əksinə, ordumuzu zəiflətmək üçün hər vasitədən istifadə edirdi. Silahlı Qüvvələrin torpaqların deyil, ayrı-ayrı dairələrin maraqlarının müdafiəsinə xidmət etməsi ərazilərimizin işğalını sürətləndirirdi. Onlar isə öz laxlamış hakimiyyətlərini qorumaq üçün Gəncəni bombalayırdılar. AXC-Müsavat cütlüyü nəyin bahasına olursa-olsun hakimiyyəti zəbt etməyə çalışırdı. Ölkə əldən gedirdi, ölkədə vətəndaş qarşıdurması pik həddə çatmışdı, torpaqlar işğal altına düşürdü, ancaq onlar yalnız öz mənafeyini, öz maraqlarını düşünürdülər. Şuşa və Laçının işğal altına düşməsi AXC-Müsavat cütlüyünün xəyanəti, satqınlığıdır. Kəlbəcər rayonu işğal altına düşəndə artıq AXC-Müsavat cütlüyü öz çirkin məqsədlərinə çatmışdı. Onların xəyanətkar, satqın, antimilli hakimiyyəti Kəlbəcərin işğalını şərtləndirdi.
Xalqın gözü tərəzidir, el-obamız baş verənlərə ən düzgün qiymətini verib: AXC-Müsavat hakimiyyəti, onun başında duranlar fəraridirlər, satqındırlar, qorxaqdırlar, xaindirlər və bu, əsl həqiqətdir.
Şöhrət Namazova, ADPU Cəlilabad filialının baş müəllimi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir