Cəmiyyət

MÜHÜM VƏZİFƏLƏR, MÜQƏDDƏS AMALLAR

Sharing is caring!

Avqustun 16-da Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı bir sıra önəmli siyasi mesajlar verdi. Dövlətimizin başçısının Şərqi Zəngəzura səfəri ərəfəsində mənfur qonşularımız Azərbaycan-Ermənistan sərhədində təxribatlar və gərginliklər törədiblər. Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiyanın sülhməramlı qüvvələrinin nəzarət etdiyi zonada qeyri-qanuni fəaliyyət müşahidə edilir. Nəinki Ermənistanın qüvvələri bölgədən çıxarılmır, üstəlik yeni qrupların daşınması həyata keçirilir. Bütün bu qanunsuz hallara son qoyulmalı və noyabrın 10-da imzalanmış üçtərəfli birgə Bəyanatın 4-cü maddəsinin tələbləri həyata keçirilməlidir.
İndiki mərhələdə ölkəmizin əsas vəzifəsi müharibənin nəticələrini diplomatik-siyasi müstəvidə əsaslı şəkildə möhkəmləndirməkdir: “Azərbaycan-Ermənistan sərhədində bundan sonra da mövqelərimiz güclənəcək. Yenidənqurma, bərpa işlərinə start verilib ki, bu da əsas vəzifələrdən biridir. Keçmiş məcburi köçkünləri azad edilmiş torpaqlara tədricən qaytarmaq da gündəlikdə duran məsələdir”.
Azərbaycan ərazisində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması ölkəmizin qarşısında yeni prioritetlər müəyyənləşdirdi. Bu, həm tarixə, həm də gələcəyə əsaslanır. Göyçə mahalında və Qərbi Zəngəzurda azərbaycanlıların yaşaması tarixi ədalətin bərpası ilə yanaşı, vətəndaşlarımızın tam hüququdur. Ümumiyyətlə, həmin torpaqlar bizim tarixi, dədə-baba torpaqlarımızdır. Bu ərazilər üzərindəki hüquqlarımızı da bərpa etməliyik. Çünki bizim vətəndaşlar təkcə Zəngəzur mahalından yox, Göyçə mahalından da zorla qovulublar və onların tam haqqı var ki, gedib öz dədə-baba torpaqlarında yaşasınlar.
Prezident qeyd edib ki, “Hazırda Basarkeçər rayonuna Ermənistanda “Vardenis” deyilir. Ancaq bu rayonun, bölgənin əsl adı Basarkeçərdir, Göyçə mahalıdır və həmin ərazi qədim Azərbaycan torpağıdır. 1930-cu ildə Basarkeçər rayonu Ermənistan ərazisində yaradılıb. Basarkeçərdə yaşayanların da mütləq əksəriyyəti azərbaycanlılar olub. O cümlədən Zod kəndinin sakinləri də azərbaycanlılar idi və onlar da deportasiyaya məruz qalıblar. Yalnız 1969-cu ilin iyun ayında Ermənistan Basarkeçər rayonunun adını dəyişdirərək “Vardenis” adlandırıb. Azərbaycanda bu bölgə ilə bağlı reportajlar hazırlayan zaman və ümumiyyətlə, bizim ümumi leksikonumuzda “Vardenis” yox, Basarkeçər adı bərpa edilməlidir. Bununla yanaşı, Naxçıvan-Ermənistan sərhədində gərginliklə bağlı mediada tarixi yer adlarına diqqət yetirilməlidir. Hazırda Ermənistanın “Yerasx” kəndinin tarixi adı Arazdəyəndir və azərbaycanlılar deportasiyaya qədər orada əbədi yaşayıblar. İndiki Ermənistan ərazisində yerləşən bütün digər qədim Azərbaycan yaşayış məntəqələri əsl adları ilə də çağırılmalıdır. Bütün qədim, yəni tarixi adlar bərpa edilməlidir.
Mənzilə Rəhimova, ADPU Cəlilabad filialının Pedaqoji fakultə dekanı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir