Cəmiyyət

QARABAĞ VƏ ZƏNGƏZUR BİZİM TARİXİ TORPAQLARIMIZDIR

Sharing is caring!

Prezident İlham Əliyev Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı dərin məzmunlu çıxışında vurğulayıb ki, həm Qarabağ, həm Zəngəzur tarixi dədə-baba torpağımızdır. Qarabağ iqtisadi rayonunda bütün Qarabağ bölgəsinə aid olan rayonlar, Şərqi Zəngəzur iqtisadi rayonunda Şərqi Zəngəzura aid olan rayonlar birləşdi, Qərbi Zəngəzur isə hazırda Ermənistanın nəzarəti altındadır. Ancaq Zəngəzur dəhlizinin çəkilişi nəticəsində əlbəttə ki, biz bu dəhlizdən istifadə edib öz vətəndaşlarımızı dədə-baba torpaqlarımıza qaytaracağıq. Belə planlar var və bu da təbiidir. Çünki bizim vətəndaşlar indiki Ermənistan ərazisindən, təkcə Zəngəzur mahalından yox, Göyçə mahalından da, – bura ilə həmsərhəddir, – zorla qovulmuşlar və onların tam haqqı var ki, gedib öz dədə-baba torpaqlarında yaşasınlar.
Azərbaycanın dövlət başçısının Kəlbəcərdə, Laçında çıxışları, verdiyi ismarıclar məhz müzəffər ordunun Ali Baş Komandanının çıxışı, ismarıcıydı. Azərbaycan Müdafiə Nazirliyinin Qarabağda müvəqqəti yerləşmiş “sülhməramlıları”na rəsmi xəbərarlığından və Xarici İşlər Nazirliyimizin İran səfirini çağırıb, “nota” təqdim etməsindən, üstəlik, Prezidentin “CNN Türk”ə hadisə müsahibəsindən sonra Kəlbəcər-Laçın səfəri və orada səsləndirilən fikirlər lap yerinə düşdü.
Prezident bölgədə hazırkı hərbi-siyasi durumu dəqiq qiymətləndirdi, onun məğlubiyyətə məhkum Ermənistana və onun ziyanlı havadarlarına ünvanlanmış ismarıcları dövlətimizin əldə etdiyi nəticələri, malik olduğumuz gücü və gələcəkyönümlü planlarımızı ifadə edir. Bu planların detalları tam olaraq açılmasa da, hədəf, yön, yol aydındır: Azərbaycan öz haqq-hüquqlarını bir kimsəyə güzəştə getməyəcək, haqq etdiklərimizi alacağıq. İndiki mərhələdə əsas vəzifə isə müharibənin nəticələrini möhkəmləndirmək, azad edilmiş torpaqlarda möhkəmlənmək, Azərbaycan-Ermənistan sərhədində bundan sonra da mövqelərimizi gücləndirməkdir. Yenidənqurma, bərpa işləri də əsas vəzifələrdən biridir.
Elçin Hüseynov, Cəlilabad Gİİ rəisi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir