Cəmiyyət

ÖLKƏMİZDƏ YENİ DAĞ-MƏDƏN SƏNAYESİ MÜƏSSİSƏLƏRİ İSTİFADƏYƏ VERİLƏCƏK

Sharing is caring!

İyulun 22-də ölkəmizin qərb bölgəsinə səfər edən Prezident İlham Əliyev Daşkəsən, Goranboy və Naftalanda yeni-yeni sosial-iqtisadi infrastrukturların açılışlarını etdi, Azərbaycan Televiziyasına müsahibəsində ölkə iqtisadiyyatının mövcud durumunu dəyərləndirdi. Bildirdi ki, son 18 ildə milli iqtisadiyyatımızda ən yaxşı inkişaf göstəriciləri qeyri-neft sektorunda qeydə alınıb ki, bu da təsadüfi deyil. Bəhs olunan dövrdə ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsi əsasında neftdənkənar iqtisadiyyatın inkişafı davamlı olaraq diqqət mərkəzində saxlanılıb və bu məqsədlə silsilə tədbirlər görülüb. Yüksək infrastruktur təminatı, ardıcıl səciyyə daşıyan islahatlar, həmçinin neft gəlirlərinin məqsədyönlü şəkildə iqtisadiyyatın şaxələndirilməsinə yönəldilməsi, innovativ texnologiyalarla işləyən yeni istehsal müəssisələrinin yaradılması, sənaye xəritəsinin regionlara doğru genişləndirilməsi və digər belə tədbirlər öz müsbət nəticələrini verib. Son altı ayda ölkəmizin qeyri-neft sənayesində qazanılan uğurları yüksək dəyərləndirən Prezident İlham Əliyev “Qeyri-neft sənayemiz 16,6 faiz artıb və daha da artacaq. Bütövlükdə, neftdənkənar iqtisadiyyatın davamlı inkişafını hədəfləyən respublikamızda qeyri-neft sənayesinin müxtəlif istiqamətlərdə inkişaf etdirilməsi xüsusilə diqqət çəkir. Azərbaycan dövləti qeyri-neft sənayesinin ayrı-ayrı perspektivli sahələrinin inkişafına hərtərəfli şəkildə dəstək göstərir. Dağ-mədən sənayesi də bu sırada yer alır. Bu sahədə potensial kifayət qədər böyükdür. Ölkəmizin müxtəlif regionlarında ehtiyatların olması, eləcə də dağ-mədən sənayesində buraxılan məhsullara dünya bazarında tələbatın getdikcə artması və digər amillər bu sahənin inkişaf perspektivlərini şərtləndirir. O cümlədən Daşkəsəndə yeni qızıl yatağının istifadəyə verilməsi böyük iqtisadi önəm daşıyır. Respublikamızda dağ-mədən sənayesinin inkişaf perspektivləri ilə bağlı fikirlərini diqqətə çatdıran dövlətimizin başçısı vurğulayıb: “Bu gün biz Daşkəsəndə yeni qızıl yatağının istifadəyə verilməsini qeyd etdik. Bu, çox önəmli hadisədir. Çünki qeyri-neft sektorunun inkişafı üçün bu sahə xüsusi perspektivlərə malikdir. Dağ-mədən sahəsi bizim qeyri-neft sektorumuzda aparıcı sahəyə çevrilir və perspektivlər də çox gözəldir. Bu gün həm açılışını qeyd etdik, eyni zamanda, bundan sonra görüləcək işlərlə bağlı təqdimat oldu. Təkcə qızıl yox, digər qiymətli metalların hasilatı Azərbaycanda bundan sonra daha geniş miqyasda öz həllini tapacaq”. Dövlət başçımızın səfər çərçivəsində fəaliyyəti ilə tanış olduğu “Çovdar” qızıl mədənində hasilat işlərinə 2016-cı ildən başlanıb. Həmin vaxtdan etibarən bu mədəndə böyük yenidənqurma və infrastruktur işləri həyata keçirilib. Bu günədək 259 min unsiya qızıl istehsal edilib, növbəti illərdə isə əlavə 338 min unsiya qızılın istehsalı planlaşdırılır. “AzerGold” QSC təkcə “Çovdar” yatağının istismarı nəticəsində ölkənin qeyri-neft məhsulları ixracatçıları arasında lider mövqeyə yüksəlib, qızıl və gümüş ixracından ölkə iqtisadiyyatına xarici valyutada 640 milyon manata yaxın vəsait cəlb edilib. İndiyədək, ümumilikdə, 245 min unsiyadan çox qızıl və 434 min unsiyadan çox gümüş ixrac edilib. Artıq “AzerGold” qızıl layihələrinin icrası üzrə büdcədən asılılığın tam surətdə aradan qaldırılmasına nail olub. Cəmiyyət tədavülə istiqraz buraxan ilk milli dağ-mədən şirkəti kimi də tarixə düşüb. Cəmiyyətin metal ehtiyatları 24 dəfə artıb. 2017-ci ildə “Ağyoxuş-1” və “Ağyoxuş-2” qızıl yataqları, 2018-ci ildə isə “Mərəh” qızıl yatağı kəşf edilib. Bu ildən etibarən bir sıra yataqların istismara verilməsi planlaşdırılır. Ölkəmizdə dağ-mədən sənayesinin inkişafından söhbət açarkən qara metal filizi yataqlarının işlənməsinin önəmini də ayrıca qeyd etmək lazımdır. Daşkəsəndə dəmir filizi yataqları böyük sənaye ehtiyatlarına malikdir. Həmin yataqlarının işlənilməsi ilə bağlı konkret planlar var. Belə ki, bir müddət bundan əvvəl dövlət başçısının göstərişi ilə xüsusi proqram tərtib edilib, həmçinin dövlət investisiya resursları cəlb olunub. Bu sahə çox böyük gəlir gətirən sahə olacaq. Eyni zamanda, minlərlə iş yeri yaradılacaq və idxaldan asılılıq azalacaq. Qeyd edək ki, son beş il ərzində təkcə dəmir məmulatlarının idxalına ölkədən 1,7 milyard manat vəsait yönləndirilib. Yerli yataqların müasir texnologiyalar əsasında istismarı imkan verəcək ki, idxaldan asılılıq kəskin şəkildə azalsın və ölkəmizin yeni ixrac imkanları yaransın. Məlumat üçün bildirək ki, Prezident İlham Əliyevin ötən il imzaladığı müvafiq Sərəncama əsasən, “Daşkəsən Dəmir Filiz” Məhdud Məsuliyyətli Cəmiyyəti artıq fəaliyyətə başlayıb. Ölkə ərazisində qara metal filizi yataqlarının işlənilməsi və idarə edilməsi də 2020-ci ildən etibarən “AzerGold” ASC-yə həvalə edilib.

Əlövsət Qarayev, “Aqroservis” ASC-nin Cəlilabad Regional Nümayəndəliyinin direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir