Cəmiyyət

QARABAĞIN STATUSU MƏSƏLƏSİ XÜLYADIR

Sharing is caring!

Prezident İlham Əliyev Daşkəsəndə təqdim etdiyi müsahibədə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin üzv dövlətlərin xahişi ilə daha bir il uzadılmasını və Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin ölkəmizə səfəri çərçivəsində aparılan danışıqları da dəyərləndirdi. Şarl Mişelin ölkəmizə səfərinin nəticələrini yüksək qiymətləndirən Prezident vurğuladı ki, bu, Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın daha da genişlənməsi üçün perspektivlər açdı. Azərbaycan Aİ-yə üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq edir. Bu, Avropa İttifaqının üçdəbir hissəsidir. Avropa İttifaqı-Azərbaycan arasında imzalanacaq yeni sazişə gəlincə isə Prezident dedi ki, artıq sənədin 90 faizi razılaşdırılıb, qalan məsələlər də, realizm prinsipləri üstünlük təşkil etsə və bəzi məsələlərlə bağlı Azərbaycanın narahatlığı nəzərə alınsa, bu saziş yaxın aylarda imzalana bilər. Sədrliyin bir il uzadılmasının səbəbləri, əlbəttə ki, Azərbaycan Prezidentinin qətiyyətli və prinsipial siyasəti, verdiyi bütün vədlərə sadiqliyidir: “Üzv ölkələr gördülər ki, biz nəyi deyiriksə, onu da edirik. Gördülər ki, Azərbaycan əgər Qoşulmama Hərəkatına bir il də sədrlik etsə, 2023-cü ilə qədər bu Hərəkatın nüfuzu da artacaq, təsir imkanları da artacaq. Eyni zamanda, tarixdə ilk dəfə olaraq, Qoşulmama Hərəkatının Zirvə görüşündə Avropa İttifaqının yüksəkvəzifəli şəxsi - xarici siyasət üzrə xüsusi nümayəndə iştirak edirdi, vitse-prezident statusunda. Tarixdə olmayıb və Qoşulmama Hərəkatının digər beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində bağlanması bizim gündəliyimizdə duran məsələdir. Bu yaxınlarda mən Azərbaycanda səfərdə olmuş Avropa İttifaqı Şurasının sədri cənab Mişellə bu məsələni müzakirə etdim və hesab edirəm ki, bu əməkdaşlığın perspektivləri var”. Prezident eyni zamanda Şarl Mişelin Bakı səfəri çərçivəsində ikinci Qarabağ müharibəsindən sonrakı vəziyyəti dəyərləndirərkən bir dəfə də olsun “Dağlıq Qarabağ” və “status” sözlərini işlətmədiyinə də aydınlıq gətirdi. Xatırladaq ki, Aİ Şurasının prezidenti hətta İrəvanda olarkən Ermənistanla sərhədə dair “mübahisəli ərazilər” sözlərini işlətmişdi. Bu da Ermənistanda böyük məyusluğa səbəb olmuşdu. İlham Əliyev bir daha status məsələsinə toxundu: “Müharibə başa çatandan sonra noyabrın 10-da statusun yerini göstərmişdim. O, hələ oradadır və orada qalacaq yana-yana, əbədi. Ona görə bu məsələ ilə də bağlı başqa fikir ola bilməz... Mən, Azərbaycan Prezidenti deyirəm, mən bu məsələni həll etmişəm, vəssalam! Dağlıq Qarabağ yoxdur, status yoxdur! Şərqi Zəngəzur var, hansı ki, mənim sərəncamımla Qarabağ iqtisadi zonası ilə bərabər 7 iyul 2021-ci ildə imzalanıb”. Prezident İlham Əliyev vurğuladı ki, Ermənistanın məyusluğu davam edəcək. Çünki görünür onlar hələ də müharibədən tam nəticə çıxarmayıblar: “Bu ölkənin bəzi yersiz bəyanatları, addımları onu göstərir ki, onlar hələ nəticə çıxarmalıdırlar. İkinci Qarabağ müharibəsini unutmamalıdırlar. Şarl Mişel İrəvanda olarkən sərhəd ərazilərini mübahisəli ərazilər adlandırdı. Sözün düzü, mən də bu ifadə ilə razı deyiləm. Çünki biz hesab edirik ki, bu, bizim ərazilərdir. Mən hesab edirəm ki, bu, Zəngəzur ərazisidir. Zəngəzur isə bizim dədə-baba torpağımızdır və biz öz ərazimizdəyik”. Ermənilərin hələ də xülyalarla yaşadıqlarını vurğulayan Prezident məğlub ölkənin postmüharibə reallıqları ilə barışa bilmədiyini söylədi və bir daha xəbərdarlıq mesajını yolladı: “Ermənistan əvvəlki səhvləri buraxmamalıdır. Çünki onların yersiz və qəbuledilməz addımları, bəyanatları onlara çox baha başa gəldi. İkinci Qarabağ müharibəsi onu göstərdi. Ona görə boş-boşuna havanı silkələmək lazım deyil”.

Ramil İbrahimov, Cəlilabad rayon mədəniyyət mərkəzinin direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir