Cəmiyyət

AZƏRBAYCAN-AVROPA ƏLAQƏLƏRİNDƏ YENİ MƏRHƏLƏ

Sharing is caring!

Ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün döyüş əməliyyatlarını uğurla yerinə yetirən Silahlı Qüvvələrimizin qazandığı şanlı qələbə sayəsində Azərbaycan ərazilərinin uzun müddət Ermənistan tərəfindən işğal altında saxlanılmasına son qoyuldu. Bundan sonra beynəlxalq münasibətlərdə əsaslı dəyişikliklər baş verib. Başlıcası budur ki, Prezident İlham Əliyev dediyi kimi, Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanı strateji tərəfdaş hesab edir. Düşünürük ki, bu, bizim hökumətimizin çox böyük nailiyyətidir.
Tamamilə doğru tezisdir. Yəni Azərbaycanın milli maraqlara əsaslanan tam müstəqil xarici siyasət kursu həyata keçirməsi, regional və qlobal miqyasda əməkdaşlığın möhkəmlənməsinə sanballı töhfələr verməsi, müxtəlif məsələlərə yanaşmada ədalətli mövqe sərgiləməsi ölkəmizə beynəlxalq miqyasda böyük nüfuz qazandırıb. Respublikamızın Avropa İttifaqı (Aİ) və quruma üzv dövlətlərlə münasibətlərinin dərinləşməsi deyilənləri əyani şəkildə təsdiqləyir. Elə bu günlərdə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycana səfəri baş tutub. Qurumun yüksəksəviyyəli rəsmisi səfər çərçivəsində bir sıra önəmli görüşlərə və tədbirlərə qatılıb. Bütövlükdə, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycana səfəri uğurlu keçib. Deyə bilərik ki, bu səfərlə Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin inkişafında yeni səhifə açılıb. Şarl Mişelin simasında Aİ rəhbərliyi Azərbaycan cəmiyyətinin müasir inkişaf səviyyəsi, ölkəmizdə mövcud olan pozitiv mühitlə tanış oldu, mediaya, siyasi partiyalara ciddi basqıların hökm sürdüyü Ermənistandan fərqli olaraq, Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının, KİV-in azad şəraitdə inkişaf etdiyini gördü.

   Biz bilirik ki, Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinə nəzər saldıqda ilk növbədə qeyd etmək lazımdır ki, 1996-cı il aprelin 22-də Lüksemburqda Avropa İttifaqı və Azərbaycan Respublikası arasında ticarət, sərmayə, iqtisadiyyat, qanunvericilik, mədəniyyət, immiqrasiya və qeyri-qanuni ticarətin qarşısının alınması sahəsində əməkdaşlığı nəzərdə tutan “Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi” imzalanmışdır. Siyasi şərhçilər, həmçinin tanınmış ictimai-siyasi xadimlər də bu müqavilənin imzalanmasını Azərbaycanın xarici siyasətinin uğurlarından biri kimi dəyərləndirirlər. Çünki  Avropa İttifaqı qlobal siyasət və Avrasiya bölgəsinin mühüm birliklərindən biridir. Ölkəmizin Avropaya inteqrasiya yolunda, həmçinin diplomatik fəaliyyətdə tarixi əhəmiyyət kəsb edən bu müqavilə Azərbaycanın Avropa strukturları və institutları ilə əlaqələrinin genişlənməsində, mövqeyinin möhkəmləndirilməsində hüququ baza rolunu oynayırdı. Bütün dövlətlər tərəfindən ratifikasiya edilən müqavilə ulu öndər Heydər Əliyev tərəfindən  imzalandıqdan sonra tərəflər arasında yüksək səviyyəli əməkdaşlığın təşəkkül tapmasında  böyük rol oynadı. Azərbaycanın Avropa İttifaqı ilə çoxtərəfli əməkdaşlığa və tərəfdaşlığa böyük önəm verməsi getdikcə bu qurumla münasibətləri daha da möhkəmləndirdi.  2004-cü ildə Avropa Şurası Avropanın şərqində və cənubunda yerləşən 16 qonşu ölkə arasındakı siyasi, iqtisadi və təhlükəsizlik münasibətlərini formalaşdıran Avropa Qonşuluq Siyasəti konseptinə Azərbaycanı da daxil etməsi bu nüfuzlu qurumun da ölkəmizlə əməkdaşlığın möhkəmləndirməsində maraqlı olduğundan xəbər verirdi. Bu məsələdə ölkəmizin əsas məqsədi siyasi, iqtisadi cəhətdən Avropa dəyərlərinə yaxınlaşmasını sürətləndirməkdən ibarət idi. Sonrakı illərdə  Prezident İlham Əliyevin Avropa İttifaqı ilə əlaqələri genişləndirmək baxımından atdığı qətiyyətli addımlar da bundan xəbər verirdi.

   Dövlətimizin başçısı  Azərbaycanın Avropa İttifaqına üzv olan ölkələr ilə strateji tərəfdaşlıq bəyannamələri qəbul etdiyini dəfələrlə diqqətə çatdırıb. Bu, o deməkdir ki, Avropa İttifaqına üzv ölkələrin əksəriyyəti Azərbaycanı strateji tərəfdaş hesab edir. Bu, müstəqil ölkə üçün çox vacibdir və əlbəttə ki, biz Avropa İttifaqı ilə Azərbaycan arasında gələcək razılaşmanı strateji əlaqələrin gücləndirilməsində daha bir mühüm mərhələ hesab edirik. Hazırda Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələr uğurla inkişaf edir. Bu əlaqələr bir sıra istiqamətlərdə, iqtisadi, siyasi, energetika sahəsində mövcud münasibətlər daha da inkişaf etdirilir.

  Bütün bunlar onu göstərir ki, ölkəmiz dünya üçün bu gün çox vacibdir. Azərbaycan da sülhpərvər ölkə olaraq dünyada gedən bütün proseslərdə öz sözünü deməklə yanaşı, töhfəsini də verir. 

Aqil Qurbanov, Cəlilabad KOB nümayəndəsi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir