Cəmiyyət

MEDİANIN YENİ İNKİŞAF MODELİ

Sharing is caring!

Böyük Azərbaycan ziyalısı Həsən bəy Zərdabinin redaktorluğu ilə nəşrə başlayan “Əkinçi” qəzetinin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının yaranmasında və təşəkkül tapmasında əvəzsiz rolu olub. Qəzet xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük əhəmiyyət daşıyıb. Əsasən maarifçilik missiyasını və qələm sahibləri qəzetlə əməkdaşlıq edib, müntəzəm məqalələrlə çıxış ediblər. Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü funksiyasını yerinə yetirib. Ulu Öndər Heydər Əliyevin 1998-ci il 6 avqust tarixli “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilib. Bu fərman kütləvi informasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verməklə yanaşı, onların rasionallığının artırılması sahəsində geniş Dövlət Proqramının əsas istiqamətlərini müəyyən edib. Ölkəmizdə mətbuat və söz plüralizmi təmin olunur. Azad mətbuatın inkişafı, iqtisadi müstəqilliyin təmin edilməsi, reklam bazarında müəyyən nöqsanların aradan qaldırılması, sosial vəziyyətin yaxşılaşdırılması məqsədilə xüsusi proqramlar hazırlanıb. Ölkəmizdə mətbuatın davamlı inkişafı təmin olunur. Bu gün ölkədə 5 mindən çox media subyekti var. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Bütün dünyada gedən qloballaşma prosesi mətbuatdan da yan ötməyib. Bu gün yüzlərlə jurnalist beynəlxalq təşkilatların dəstəyi ilə təşkil olunan ixtisasartırma və təkmilləşmə kurslarında iştirak edirlər. Vaxtilə Azərbaycanda Mətbuat Şurasının formalaşması media sahəsində pərakəndəliyi aradan qaldırmağa imkan verib, 2003-cü il martın 15-də Azərbaycan jurnalistlərinin birinci qurultayında qəbul edilmiş Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları isə media qurumları arasında problemlərin həllinə müsbət təsir göstərib. Mətbuatın inkişafı siyasi prioritetdir. Ötən əsrin 80-ci illərindən başlayaraq milli mətbuat azad və demokratik mətbuat missiyasının, insanların düşüncə və sözlərinə hörmətin, yeniləşən informasiya vasitəsilə operativ məlumatlandırmanın, plüralizm və tolerantlıq ideyalarının daşıyıcısı olub. Bu gün tez-tez “dördüncü hakimiyyət” adlandırılan mətbuat Azərbaycanda bir çox proseslərin şəffaflığına və hakimiyyətin üç “klassik” qolunun (icra, qanunverici, məhkəmə) fəaliyyətinin yaxşılaşdırılmasına səbəb olur. Azərbaycanda insan hüquqları, siyasi plüralizm, vətəndaş cəmiyyətinin mövcudluğu demokratik institut kimi formalaşdırılmış müstəqil kütləvi informasiya vasitələrinin fəaliyyətində, onların inkişafı üçün yaradılan hüquqi təminatlarda öz təsdiqini tapır. Hədəflər reallığa uyğun olduqda, fəaliyyət isə həm hədəfləri, həm də reallığı əks etdirdikdə uğur qazanmaq olur. Təbii ki, ictimai rəydə müzakirələr zamanı “MEDİA-nın yaradılması hansı zərurətdən irəli gəldi və bu addımın əhəmiyyəti nədən ibarətdir” sualı da gündəmə gəlməyə başladı. Qurum ötən zaman müddətində konkret prinsiplərə və yanaşmalara əsaslanan fəaliyyəti ilə, zənnimcə, bu suallara böyük ölçüdə cavab verməyə müvəffəq oldu. Lakin düşünürəm ki, bəhs olunan məsələyə tam aydınlıq gətirmək üçün bir sıra məqamlara xüsusi nəzər yetirmək gərəkdir.

Qurumun yaradılması fəlsəfəsinə və onun fəaliyyət istiqamətlərinə nəzər saldıqda belə bir qənaətə gəlmək olur ki, MEDİA ölkəmizdə yeni keyfiyyətdə informasiya mühitinin formalaşması işində xüsusi missiya yerinə yetirir. Bəs “yeni keyfiyyətdə informasiya mühiti” nə deməkdir, o, özündə hansı xüsusiyyətləri ehtiva edir?
Biz bilirik ki, hər bir ölkənin media məkanı (buraya audiovizual, çap, onlayn media subyektləri ilə yanaşı, yeni media kimi səciyyələndirilən sosial şəbəkələr də daxildir-H.B.) informasiya məcmusundan ibarətdir. Yəni bu məkanda istər yerli, istərsə də xarici kanallar vasitəsilə müxtəlif məlumatlar toplanır. Məsələnin bu tərəfi təbii və normaldır. Lakin əsas nüans milli informasiya məkanımızda toplanan məlumatların keyfiyyəti və xarakteristikası ilə bağlıdır. Yəni bu məlumatlar ictimai rəyə – ovqata necə təsir edir, dövlət-vətəndaş münasibətləri və sosial əlaqələr nə dərəcədə təsirlənir, media subyektlərimiz bu məkanda öz missiyalarını hansı səviyyədə və necə yerinə yetirə bilirlər… Bax, MEDİA-nın qarşısında duran “yeni keyfiyyətdə informasiya mühiti formalaşdırmaq” missiyası bu strateji məsələləri özündə ehtiva edir.
Elçin Hüseynov, Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin rəisi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir