Cəmiyyət

MİLLİ MARAQLARIMIZ HƏR ŞEYDƏN UCADIR

Sharing is caring!

Bu günlərdə Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin onlayn formatda aralıq konfransı keçirilib. Qeyd edək ki, Qoşulmama Hərəkatının ideyası 1955-ci ildə İndoneziyanın Bandunq şəhərində keçirilən Asiya-Afrika Konfransında formalaşıb. Bandunq Konfransından 6 il sonra, 1-6 sentyabr 1961-ci il tarixlərində keçmiş Yuqoslaviyanın Belqrad şəhərində Asiya və Afrikanın 25 dövlət və hökumət başçısının iştirakı ilə təşkil olunmuş Zirvə Görüşündə Qoşulmama Hərəkatının institusional əsası qoyulub. Hazırda qurumda 120 üzv, 17 müşahidəçi dövlət və 10 müşahidəçi beynəlxalq təşkilat təmsil olunur.

 Konfransda videoformatda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev dünyadakı reallıqlar və yeni çağırışlar fonunda qurumun beynəlxalq miqyasda rolunun artmasına diqqət çəkərək vurğulayıb: “Bu il biz BMT Baş Assambleyasından sonra ikinci ən böyük siyasi təsisat olan Hərəkatımızın yaradılmasının 60 illiyini qeyd edirik. Qoşulmama Hərəkatının təməlində sülh, multilateralizm və qlobal həmrəyliyin möhkəmləndirilməsi dayandığından, mürəkkəb qlobal çətinliklər Hərəkatımızın əhəmiyyətini daha da artırıb”.

Prezident həmçinin vurğulayıb ki, biz Qoşulmama Hərəkatı ölkələrinin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə müntəzəm dəstəyini yüksək qiymətləndiririk. Bu da onu sübut edir ki, Azərbaycan qısa müddət ərzində Qoşulmama Hərəkatında olduqca böyük nüfuz və etimad qazanıb.

   Milli maraqlara əsaslana çoxvektorlu xarici siyasət kursu həyata keçirən müstəqil Azərbaycanın uğurla təmsil olunduğu beynəlxalq təşkilatlardan biri də Qoşulmama Hərəkatıdır. Respublikamız 2011-ci ildə Qoşulmama Hərəkatına tamhüquqlu üzv qəbul olunub və həmin vaxtdan etibarən qurumun fəaliyyətinə özünün töhfələrini verib. Bu da Hərəkatda ölkəmizin nüfuzunun artmasını şərtləndirib. Hərəkata üzv ölkələrin 2016-cı ildə Venesuelada keçirilmiş Zirvə Görüşündə quruma 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul edilib. Qoşulmama Hərəkatı dövlət və hökumət başçılarının 25-26 oktyabr 2019-cu il tarixlərində Bakıda keçirilmiş 18-ci Zirvə Görüşündə quruma sədrlik Azərbaycana həvalə olunub. “Azərbaycan Qoşulmama Hərəkatında sədrliyi zamanı öz prioritetlərini və fəaliyyətini tarixi Bandunq prinsipləri üzərində quracaq. Bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq və qarşılıqlı maraqların qorunması və əməkdaşlığın təşviqi kimi prinsipləri ehtiva edən Bandunq prinsipləri Azərbaycanın xarici siyasətinin təməl prinsipləri ilə üst-üstə düşür”, - deyə dövlətimizin başçısı bəhs olunan Zirvə Görüşündəki nitqində bildirib.

  Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan Qoşulmama Hərəkatında sədrliyi zamanı digər təsisatlarla dialoqun qurulması və inkişaf etdirilməsi, əməkdaşlığın coğrafiyasının genişləndirilməsi üçün səylər göstərəcək və üzv dövlətlərin maraqlarının BMT çərçivəsində müdafiə edəcəkdir.

Ötən qısa müddət ərzində əldə olunan uğurlar onu deməyə əsas verir ki, Azərbaycan öz missiyasını yüksək səviyyədə yerinə yetirir. Bütövlükdə, Qoşulmama Hərəkatına üzvlükdən qısa müddət sonra respublikamızın quruma sədrlik etməsi üzv dövlətlərin Azərbaycana olan etimadının və ölkəmizin beynəlxalq nüfuzunun artmasının daha bir parlaq nümunəsidir. Açıq-aydın görünür ki, ölkəmizin qlobal səyləri və Prezident İlham Əliyevin beynəlxalq həmrəyliyin və əməkdaşlığın möhkəmlənməsinə hesablanan təşəbbüsləri dünya ictimaiyyəti tərəfindən dəstəklənərək təqdir olunur.
Ərəstun Vəliyev, Cəlilabad Rayon Təhsil Şöbəsinin metodisti

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir