Cəmiyyət

MEDİA AZADLIĞININ TƏMİN EDİLMƏSİ HEYDƏR ƏLİYEVİN ŞAH ƏSƏRİDİR

Sharing is caring!

Dünyanın siyasi tarixinə nəzər saldıqda xalqların taleyinə, bəşəriyyətin gələcəyinə təsir edən həlledici faktorlar sırasında lider amilinin rolu xüsusi olaraq diqqəti cəlb edir. Beynəlxalq təcrübə göstərir ki, tarixi-siyasi, coğrafi şəraitdən asılı olmayaraq, liderlik fenomeni milli dövlətin inkişafında aparıcı rola malikdir. Lider yalnız tərəfdarlarını, xalqı arxasınca aparan rəhbər deyil, o həm də tarix yazan, tarixin yazdığı və tarixin gedişatına həlledici təsir göstərən şəxsiyyətdir: “Bu kontekstdə ayrı-ayrı xalqların və dövlətlərin timsalında müxtəlif nümunələr mövcuddur. Bir əsrdə iki dəfə istiqlaliyyət qazanmış Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu, dinamik inkişafı, beynəlxalq münasibətlər sistemində davamlı yüksəlişi bilavasitə liderlik amili ilə bağlıdır. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövrünə nəzər saldıqda görürük ki, O, xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görüb.

  Ümummilli Liderin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri Onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir: “Hazırda ərazi bütövlüyümüzün təmin olunması, dövlətimizin və dövlətçiliyimizin daha da möhkəmlənməsi, milli birliyimizin təntənə etməsi kimi sosial-siyasi strateji faktorlar da məhz Heydər Əliyevin yaratdığı iscimai-siyasi sabitlik və müstəqil siyasətin ardıcıllığı kontekstində baş tutan hadisələrdir. Söz və mətbuat azadlığı isə Heydər Əliyevin şah əsərlərindən biri adlandırdığımız Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapan əsas hüquqlardan biri olmaqla hazırda media azadlığımızın təmin edən vasitə kimi çıxış etməkdədir.

  Ölkəmizdə bütün sahələrdə olduğu kimi, mətbuat sahəsinin inkişafında da ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətləri olmuşdur. O, hakimiyyətə gəldiyi gündən bəri Azərbaycanda mətbuatın inkişafına, bu sahədə maddi-texniki bazanın möhkəmləndirilməsi və jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət göstərmişdir. 1991-ci ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan mətbuatında da yeni səhifə açıldı. Həmin illərdə Azərbaycanda söz və mətbuat azadlığının təmin edilməsi, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinə imkanların yaradılması əsas vəzifə kimi qarşıya qoyulmuşdur.

  Azərbaycan dövləti müstəqilliyini bərpa etdikdən sonra istər müstəqillik aktında, istərsə də Azərbaycan Respublikasının Konstitusiyasında ölkəmizin dünyəvi, demokratik, hüquqi dövlət elan olunması və həmin konstitusiyanın 50-ci maddəsində “Məlumat azadlığının təsbit olunması", hələ ondan əvvəl, 1992-ci ildə ilk dəfə Parlament tərəfindən "KİV haqqında Qanun"un qəbul edilməsi jurnalistikanın inkişafına güclü təkan verdi.  

   Ulu öndər Heydər Əliyevin milli mətbuatımızın inkişafına xidmət edən növbəti addımı 1999-cu ildə “Kütləvi İnformasiya Vasitələri haqqında” Qanunu təsdiqləməsi oldu. Bu sənədlə ölkəmizdə yeni mətbuat orqanlarının təsis olunması prosesi xeyli asanlaşdırıldı. “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üçün Tədbirlər Proqramı” təsdiq olundu. Vətəndaş müraciətlərinə baxılması, informasiyaların mühafizəsi, informasiya azadlığı, radio-televiziya yayımları, İTV və radio haqqında müxtəlif qərar və qanunlar qəbul etməklə KİV-lərin fəaliyyətinin genişləndirilməsi və inkişafı təmin edildi.

   Ümummilli lider Heydər Əliyevin 2000-ci ildə imzaladığı Fərman Azərbaycan milli mətbuatının yubileylərinin ölkə səviyyəsində qeyd edilməsi, mətbuat-dövlət münasibətlərinin möhkəmlənməsində həlledici rol oynadı. Məhz ulu öndərin milli mətbuatın inkişafına göstərdiyi diqqət və qayğının nəticəsi idi ki, 2002-ci ildə o, “Ruh” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin təsis etdiyi “Jurnalistlərin dostu” mükafatına layiq görülmüşdür.

15 mart 2003-cü ildə Jurnalistlərin I Qurultayında jurnalistlər tərəfindən qeyri-hökumət təşkilatı olan Mətbuat Şurası yaradıldı. Bütün bu addımlar Azərbaycan mətbuatının dünya mətbuatına inteqrasiyasını, jurnalistika sahəsində yeni-yeni nailiyyətlərin əldə edilməsini sürətləndirdi.
Bu gün isə əminliklə demək olar ki, mətbuat ölkədə ən sürətlə inkişaf edən, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə günü-gündən təkmilləşən fəaliyyət sahələrindən biridir. Dövlət başçısı İlham Əliyev son illərdə mütəmadi olaraq KİV-in inkişafına təkan verən, onun müstəqil fəaliyyəti üçün imkanlar yaradan addımlar atır. Ölkə mətbuatı müasir informasiya cəmiyyəti quruculuğunda, milli-mənəvi dəyərlərin qorunub saxlanması və təbliğində, o cümlədən tədris və maarifləndirmə sahəsində mühüm rol oynayır.
Varid Əsgərov, Cəlilabad şəhər sakini, ziyalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir