Cəmiyyət

Ölümsüz ömür yaşayan səngər generalı – Yazı

Sharing is caring!

Bayram MƏMMƏDOV
Ehtiyatda olan polkovnik-leytenant, Əməkdar müəllim

Səməd Vurğunun Üzeyir Hacıbəyova həsr etdiyi şeiri xatırlayıram:

Ölüm sevinməsin qoy! Ömrünü vermir bada,
El qədrini canından daha əziz bilənlər.
Şirin bir xatirətək qalacaqdır dünyada,
Sevərək yaşayanlar, sevilərək ölənlər.

Xalq hikməti, xalqın hikməti min illərdi sözün qüdrətinə iman gətirənlərə bir mətləb də yaşadır: Sevin Vətəni, Vətəni sevənləri sevin. Bu dünyaya gəlişi bəlli, gedişi bəlli olmayanlara yazıq…

Ömrünü xalqının sabahlarına şam-çıraq edənlər həmişə ehtiramla xatırlanıb. Xalq bu ehtiramları yaşada-yaşada xalq kimi formalaşıb. Onları bir ad ümumiləşdirir: Vətən mücahidləri. Vətən mücahidləri azadlıq, müstəqillik cəfakeşləridi. “Ömür Vətən üçündü” fəlsəfəsiylə yaşayanlar şəhidliyi bəşəriliyin yaşamı naminə ömrün davamı bilir…

Polad Həşimov Qəbələnin Vəndam kəndində anadan olub. Sumqayıtda təhsil alıb. Yeniyetməliyi Azərbaycanda milli-azadlıq hərəkatının kükrədiyi vaxtlara düşüb. Bəlkə də bu, yeniyetmə Poladın dünya duyumunu incələşdirib, onun vətənpərvərliyini formalaşdırıb.

Ermənistan Azərbaycana qarşı elan etmədən müharibəyə başlayanda Poladın 13 yaşı vardı. Ağdamda Əlinin, Bəxtiyarın qətlə yetirildiyini o da eşitmişdi. Vəndamdan Ağdama aparası yollara sarı baxmışdı. Nə keçmişdi könlündən? Duyumum mənə deyir ki, Əlinin, Bəxtiyarın qətlə yetirilməsi onun da düşüncələrinin tufanına dönüb. Onda “Ruhumuz Vətənin pərvanəsidi” – dediyinə zərrəcə şübhəm yoxdu. Bu düşüncələr onun ömür yolunun işığına dönüb. Hərbçi olmaq istəyi ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində, sonra Türkiyədə hərbi təhsil alıb…

Birinci Qarabağ müharibəsində mən də Vətənin müdafiəsində dayandım.

Mən də Birinci Qarabağ müharibəsinin iştirakçısıyam. Vətən kəlməsinin müqəddəsliyini bu müharibədə bir daha, döyüş-döyüş mən də yaşamışam. 

Birinci Qarabağ müharibəsi başlayan illərdə Polad Həşimov kursant idi. Ona elə gəlirdi ki, zaman ləng ötüşür; onu da digər kursant yoldaşları kimi ön xətt, döyüş mövqeləri, səngərlər çəkirdi…

Eşitdiklərimə əsaslanıb xatırlayıram ki, yüksək rütbəli hərbçi olan Polad Həşimov akademik hərbi təhsil almaq istəyirdi. Sənədlərini Silahlı Qüvvələrin Hərbi Akademiyasına vermişdi. Ancaq sabiq müdafiə naziri onun istəyinə (həm də ordumuz üçün gərəkli istəyinə!) mane olmuşdu.

Polad Həşimovu 2012-ci ildən tanıyırdım. Silahlı Qüvvələrin Hərbi Akademiyasında təhsil almağa seçilənlərin sırasında o da vardı. İmtahanlara hazırlıq məşğələlərində o da iştirak edirdi və vaxtaşırı söhbətləşirdik, sual-cavab formatında… Ancaq müdafiə nazirinin xüsusi göstərişi ilə  komandiri olduğu hərbi hissəyə qaytarılanda hərbçi kimi əmri yerinə yetirsə də, qəlbi gizildəmişdi. Təhsilini davam etdirə bilməməyin təəssüfünü niyyətinə çatana kimi gizlincə yaşayacaqdı…

Yeni müdafiə nazirinin təyin edilməsilə hazırlıqlı, savadlı, geniş dünyagörüşlü, yüksək intizamlı zabitlərin ordu quruculuğunda fəal iştirakına geniş imkanlar açıldı. Polad Həşimovun qəlbində kimsənin xəbəri olmayan bir sızıltıdan xilas olmaq imkanı yarandı, ona komanda-qərargah fakültəsində magistr təhsil almaq imkanı yarandı. 2014-cü ildə qəbula gələnlər arasında polkovnik Polad Həşimov da vardı. İmtahanlardan uğurla keçdi, qiyabi şöbəyə daxil oldu.

İngilis dilindən məşğələləri mən aparırdım. Ona görə də yaxından ünsiyyətimiz olurdu. Təkcə dinləyici-müəllim kimi deyil, həm də həmfikirlər kimi Vətəndən, müharibələr tarixindən, Birinci Qarabağ müharibəsindən danışırdıq. Gənc polkovnikin düşüncələrinin əhatəliyi də, məntiqi söhbətləri də, xəlqi-milli heysiyyəti də könlümə yatırdı; maraqlı və arzulanan həmsöhbət idi. Belə bir zabitlə tanışlığı ömrümə qazanc bilirdim.

Magistr işınin müdafiəsi ərəfəsində o da digərləri kimi elmi məqaləsini Müdafiə Nazirliyinin orqanı olan “Hərbi Bilik” jurnalında dərc etdirmək istəyirdi. Bunun üçün məqalənin xülasəsi ingilis dilinə tərcümə olunmalıydı.  Etiraf edək ki, elmi işlə məşğul olanların hamısının belə köməyə ehtiyacı olur. İngiliscə-azərbaycanca, azərbaycanca-ingiliscə hərbi lüğəti nəşrə hazırlayırdım. Rəhbərliyin tələbi ilə bu işlə ciddi məşğul idik. Qapı döyüldü. Gələn polkovnik Polad Həşimov idi. Onda korpus komandirinin müavini-qərargah rəisi vəzifəsində xidmət edirdi. Səmimi insan idi, tutduğu yüksək vəzifəyə baxmayaraq, çox mədəni və alicənab hərəkəti nəinki müəllimlərin, hətta laborantın da diqqətini cəlb etdi. Gedəndən sonra o zabitin kimliyi ilə maraqlandı. Hansı vəzifədə xidmət etdiyini biləndə təəccübləndi, onun sadələyinə, insanlara sevgisinə, yüksək mədəni davranışına həsəd apardı.

Onun yazdığı elmi məqalənin xülasəsinin tərcüməsini, kompüterdə yığılmasını təxminən yarım saat ərzində yekunlaşdırdıq.  Məqalənin dərc edilməsi üçün lazımi sənədlər hazırlandı. Üzünü cazibədar bir təbəssüm bürüdü. Təşəkkür etdi. “Siz sağ olun ki, ordumuz naminə yüksək hərbi təhsil alırsınız, bu prosesdə bizim də zərrəcə xidmətimiz varsa, taleyimizə minnətdarıq” dedim. Sağollaşıb getdi.

Uzun müddət polkovnik Polad Həşimovun insanlarla (dinləyicilərlə, müəllimlərlə, zabitlərlə) davranışı heç birimizin yadından çıxmadı. Kimsə polkovnik Polad Həşimovun davranışını az qala protokol kimi qəbul etməyi təklif etdi. Arada səmimi bir təbəssüm gəzişdi. Bu təbəssüm reallığa nə qədər yaxın idi!..

Polad Həşimov polkovnik idi, general-mayor oldu…

Bu ali rütbədə də Vətənin əsgəri idi…

Mərd hərbçi idi. İstər zabit yoldaşları ilə, istərsədə əsgərlərilə söhbətlərində Ali Baş Komandanın əmriylə başlayacaq döyüşlərdən, qazanılacaq qələbədən, ərazi bütövlüyümüzün bərpa olunacağından danışardı. “Rütbəmizdən, tutduğumuz vəzifədən asılı olmayaraq hər birmiz Vətənin əsgəriyik. Döyüşlərdə əsgər kimi də vuruşarıq. Qələbə naminə! Döyüşləri Ali Baş Komandanın sər-kərdəliyi ilə zəfərlə başa çatdırmaq üçün!”, – deyərdi.

Xidmətim müddətində əsgərlərin tam səmimiyyətlə sevdiyi zabitləri tanımışam. Bu sevginin qələbəyə zəmanət olduğunu da duyurdum. İllər sonra zabit-əsgər münasibətinin nizamnamələri mənəvi baxımdan tamamlayan nizamnamə olduğunu da dərk etdim. Bütün tələbləri də, tapşırıqları da, əmrləri də ordumuzun gücünün, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsinə xidmət edən zabitlər haqqında söz düşəndə general-mayor Polad Həşimovu da anırıq. Bu anma ehtiramdı, sevgidi…

Zamanında Murov və Daşkəsən kimi döyüş bölgələrində xidmət etmiş general-mayor Polad Həşimov “Cəsur, mərd zabit idi, həm əsgərlər, həm də zabitlər arasında kifayət qədər hörməti var idi. Hər zaman əsgərin yanında idi” (Seymur Kazımov).

General-mayor Polad Həşimovu tanıyanların hamısı onu böyük ehtiramlarla xatırlayır. Kimisi savadlı şagird, kimisi savadlı kursant, kimisi savadlı zabit kimi. Hamısı deyir ki, Polad həm də dərin intellekti ilə fərqlənib. Bu fərqlənmə daxili zənginliyin səviyyəsi kimi qəbul edilib. Onun ən çox dəyər verdiyi xüsusiyyətlərdən biri də səmimi yoldaşlıq olub. Mayor Həşim Həşimov (onlar sadəcə, eyni familiyanı bölüşürlər, Biri Qəbələdəndi, digəri Cəlilabaddan) qorxubilməz insan adlandırdığı kursant yoldaşı haqqında deyir: “Poladla kursant yoldaşı olmuşuq. Bu və ya digər fəndən imtahana hazırlaşanda qarşılıqlı köməkdən faydalanardıq. Bilmədiyim, yaxud da unutduğum mövzuları o qədər həvəslə, o qədər əhatəli izah edərdi ki! Həm də dinləmə mədəniyyəti ilə seçilərdi. “Yaxşı dinləməsən, yaxşı öyrənə bilməyəcəksən”- Polad belə deyərdi…

“Özünə, ailəsinə necə münasibət bəsləyirdisə, əsgərlərinə də həmin sevgiylə qayğı göstərirdi. Ona hədiyyə edilən  mənzili şəhid ailəsinə bağışlamışdı. Bir gizirin oğlu olduğunu eşidincə onu yanına çağırtdırır. Təbrik edir, səmimiyyətlə əlini sıxır və … növbədənkənar məzuniyyət biletini, kiçik ölçülü zərfi ona verir. Sonra məlum olacaqdı ki, maaşından artırdığı pulun bir hissəsini gizirə verib ki, oğlunun yanına ürəklə getsin…”, – genaral-mayor Polad Həşimov haqqında belə də deyirlər…

1996-cı ildə leytenant Polad Həşimovun komandir olduğu bölükdə taqım komandiri kimi xidmətə etmiş Elbrus Rzayev (indi ehtiyatda olan baş leytenantdır) onu “Murovdağ qartalı” adlandırır, deyir ki, Daşkəsəndə hərbi hissənin elektrik problemini Polad həll etdi. Həm də kimsənin ağlına gəlməyən üsulla. Axar çaydan motor vasitəsilə elektrik enerjisi alınmasına nail oldu, kazarmalarda televizorlara baxa bildik. Yəni Poladın təfəkkürü və qayğısı sayəsində hərbi xidmətimiz xeyli dəyişdi…

2016-cı ilin Aprel döyüşləri indi tarixdir. O döyüşlərdə Azərbaycan Ordusunun qələbəsi təkcə hərbi dəyəri ilə səciyyəvi deyil, o döyüşlər ictimaiyyətin orduya inamını da kükrətdi, güvəncini də. Dünya gördü və əmin oldu ki, Azərbaycan ordusu torpaqlarını döyüşlə işğaldan azad etməyə qadirdir. Həmin döyüşlərdə Lələtəpə, Bayraqtəpə kimi mühüm strateji əhəmiyyətli yüksəkliklər də işğaldan azad edildi.

2016-cı il Aprel döyüşlərində göstərdiyi xidmətlərə görə Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2016-cı il tarixli əmri ilə “Vətənə xidmətə görə” II dərəcəli ordeni ilə təltif edilib. Həmçinin, Azərbaycan Respublikası Müdafiə Nazirinin müvafiq əmrləri ilə “Qüsursuz xidmətə görə” medalının hər üç dərəcəsi, “Azərbaycan Respublikası Silahlı Qüvvələrin 10 illiyi (1991-2001)”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrin in 95 illiyi (1918-2013)”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)” yubiley medalları, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı”, “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif olunub. 2-4 aprel 2016-cı ildə Talış kəndi yüksəklikləri uğrunda gedən döyüşlərdə 1-ci Ordu Korpusunun Qərargah rəisi olmuş, döyüş zamanı yaralanmışdı.

Yeri gəlmişkən, 2016-cı ilin Aprel döyüşlərində Talış kəndi istiqamətdə gedən döyüşlərdə mühüm mövqelərdən birinin işğaldan azad edilməsi bilavasitə Polad Həşimovun adı ilə bağlıdır. Müharibə tarixinə, Aprel döyüşlərinə ehtiram kimi həmin post “Polad postu” adlandırılır. General bu adlanmaya etiraz edirdi: “Bu postu şəhidlərin adına post adlandırın, Aprel döyüşləri postu adlandırın, xalqın orduya inamı adlandırın, ruhumuzun postu adlandırın…” Həmin post tarixən bu adla yaşayacaq…

25 iyun 2019-cu ildə Polad Həşimova general-mayor ali hərbi rütbəsi verilmiş, daha sonra Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Qərargah rəisi təyin olunmuşdu. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin general-mayoru Polad Həşimov 14 iyul 2020-ci ildə Tovuz rayonu istiqamətində Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən şəhid olmuşdur. Polad Həşimov İsmət Qayıbov və Məhəmməd Əsədovdan sonra 1988-ci ildən etibarən başlayan Qarabağ müharibəsində həlak olan üçüncü Azərbaycan generalı olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: “General Polad Həşimov orduda çox böyük hörmətə malik olan bir insan idi. Aprel döyüşlərində öz rəşadətini göstərib. Mənim tərəfimdən ilk dəfə yüksək dövlət ordeni ilə təltif edilmiş, ona general rütbəsi verilmişdir”. Bu, generala Ali Baş Komandanın verdiyi dəyərdir.

Polad Həşimov İsmayıl bəy Qutqaşınlıdan sonra Qəbələnin ilk generalı idi…

General döyüşləri məsafədən idarəedən şəxs olsa da, general-mayor Polad Həşimov hər zaman öz əsgərlərinin yanında olub. Son dərəcə sadə və vətənpərvər idi. Ürəklərdə yaşamaq ölümsüzlük deməkdir. Polad Həşimov ölümsüz ömür yaşadı…

Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 2020-ci il tarixli sərəncamı ilə general-mayor Polad Həşimov Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görüldü…

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir