Cəmiyyət

BEYNƏLXALQ HÜQUQLA QORUNAN HƏRBİ TƏRƏFDAŞLIQ

Sharing is caring!

Azərbaycan-Türkiyə münasibətləri hazırda özünün ən uca zirvəsinə yüksəlib. Xalqlarımızın eyni soykökə, dilə, dinə, mədəniyyətə və bir çox digər ortaq dəyərlərə, sıx bağlara malik olması ölkələrimizi həmişə bir-birinə yaxın edib. Ermənistanın 30 illik təcavüzünə son qoyulmasında, işğal altındakı torpaqların düşməndən azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində Türkiyənin mənəvi-siyasi dəstəyi xalqımızın hər bir nümayəndəsi tərəfindən yüksək qiymətləndirilir. Hazırda Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region ölkələri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində ölkələrimizin birgə təşəbbüsləri dünya dövlətləri üçün ən gözəl nümunədir. Azərbaycan, Türkiyə və Ermənistan arasında münasibətlərin tənzimlənməsinə ABŞ-ın münasibəti getdikcə aydınlaşır. Senatdakı dinləmələrlə bağlı erməni cəmiyyətinin gözləntiləri özünü doğrultmadı. İyunun 14-də NATO Sammiti çərçivəsində ABŞ Prezidenti Türkiyə Prezidenti ilə görüşdü. Görüşdən sonra Bayden “əminəm ki, Türkiyə və Birləşmiş Ştatlar münasibətlərdə əsl tərəqqiyə nail olacaqlar” bəyanatını verdi. Ərdoğan görüşü “məhsuldar və səmimi” kimi xarakterizə etdi. O, əlavə etdi ki, “münasibətlərdə həll oluna bilməyəcək mövzular yoxdur və əməkdaşlıq sahələri problemlərdən daha böyük və zəngindir”. Bu görüşdən əvvəl də erməni toplumu ümid edirdi ki, Bayden Ərdoğana, daha sonra isə Ərdoğan İlham Əliyevə ciddi reaksiya göstərəcək. Baydenlə görüşdən dərhal sonra Ərdoğanın Şuşaya gəlməsi Ermənistanın ümidlərini tamamilə məhv etdi. Əslində Yeni geosiyasi mənzərə göz qabağındadır. Yəni artıq NATO Türkiyənin timsalında regiona daxil olur. Bu o deməkdir ki, Rusiyanın Cənubi Qafqazdakı təsir imkanları Qərb dövlətləri tərəfindən tədricən azaldılır. Rusiyanın istər Əfqanıstanda, istər Liviyada, istərsə də Suriyada hərbi kontingent saxlaması daxili iqtisadi vəziyyətin çətinləşməsi ilə müşayiət olunub. Azərbaycan ərazisində rus hərbçilərinin saxlanılması da zəif rus iqtisadiyyatı üçün kifayət qədər xərc tələb edən avantüradır. Erməni toplumu anlayır ki, rus sülhməramlılarının bölgədən getməsi onları azərbaycanlılarla üz-üzə qoyacaq. Belə olan vəziyyətdə azərbaycanlılarla ya savaşmaq, ya da dostluq etmək lazım gələcək. Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, Tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır. Beləliklə, ümumi maraqların qorunmasında hər iki ölkənin siyasi, iqtisadi, müdafiə, mədəni, humanitar, səhiyyə, təhsil, sosial, gənclər və idman sahələrindəki imkan və potensiallarının birləşdirilməsini ehtiva edən sənəd ölkələrin gələcək inkişafına və xalqların rifahına təminat verir. Hər iki ölkə və xalqların maraqlarına xidmət edən Bəyannamə. İki ölkə və onun xalqları arasındakı dostluq və qardaşlıqdan çıxış edərək Azərbaycan Respublikası və Türkiyə Respublikası arasındakı münasibətləri keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldıran Bəyannamə xalqların mənafelərinə xidmət edir. Dünyaya səs salan Şuşa Bəyannaməsi müxtəlif sahələri əhatə edir. İki qardaş ölkənin siyasi iradəsi və qətiyyəti sayəsində Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, çoxtərəfli əməkdaşlığın nümunəsi olan Cənub Qaz Dəhlizi, onun əsas seqmentləri olan TANAP və TAP layihələrinin reallığa çevrilməsi təkcə iki ölkə deyil, bütün bölgə və dünya üçün əhəmiyyətlidir. Qarşıdakı illərdə bu birliyin nəticəsində reallığa çevriləcək enerji və nəqliyyat layihələri daha geniş coğrafiyanı əhatə edərək, ölkələr, xalqlar arasında dostluq körpüsünün möhkəmlənməsinə böyük töhfələr verəcək.

Xudayar Soltanlı, ADPU Cəlilabad filialının direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir