Cəmiyyət

QEYRİ-NEFT SEKTORU
İQTİSADİYYATIMIZIN ƏSASIDIR

Sharing is caring!

Ölkəmizdə qeyri-neft sektorunun inkişafı və ixrac çeşitliliyinin yaradılması məqsədilə atılan addımlardan biri də Ələt Azad İqtisadi Zonanın yaradılmasıdır. Burada sənaye sektorunun və digər infrastrukturun formalaşması üçün geniş bir ərazinin mövcudluğu, eləcə də nəqliyyat xətlərinin, dəniz limanının orada olması azad iqtisadi zona üçün münbit bir şərait yaratmışdır. Qeyd edək ki, texniki şərtlərlə yanaşı xaricdən investor çəkməyin başqa vacib şərtləri də var. Məsələn: investor stabilliyi, dövlət səviyyəsində investora inam aşılayacaq addımlar, ölkədə davamlı ictimai-siyasi sabitlik və s. Əminliklə demək olar ki, ölkəmiz bu şərtlərin də hər birinə tam cavab verir.

Ümumi sahəsi 850 hektar olacaq AİZ-in 60 hektarında layihələndirilmə artıq başa çatıb və inşaat işləri başlayıb, bütün infrastrukturun yaradılması üçün zəruri addımlar atılıb. Bu o deməkdir ki, artıq Ələt geniş sənaye zonası kimi öz qapılarını bütün investorların üzünə açıb və istehsal, emal, xidmət və digər fəaliyyətlərin həyata keçirilməsinə start veriləcək. İqtisadi Zonanın tikintisi davam etdirildiyi dövrdə ölkələr arası hökumət komissiyaları birgə əməkdaşlıq nümunəsi ortaya qoyacaq, xaricdəki Azərbaycan səfirliklərinə təlimatlar veriləcək, keçirilən bütün iqtisadi tədbirlərdə, toplantılarda bu mövzu gündəliyə salınacaq və xarici şirkətlər podratçı qismində bu nəhəng iqtisadi layihəyə dəvət olunacaqlar. Ələt Azad İqtisadi Zonası layihəsinin uğurla başa çatdırılması vətəndaşlarımızın da yeni iş yerləri ilə təmin olunmasında və yaşayış səviyyələrinin yüksəlməsində vacib rol oynayacaq. Ələt iqtisadi zonasının yaradılması uğurunun əsas meyarlarından biri də güclü qanunvericilik bazasının yaradılmasıdır. Xüsusi qanunlarla idarə ediləcəyinə görə Ələt Azad İqtisadi Zonası xarici sərmayədarlar üçün maraqlı investisiya məkanına çevriləcək. Ələt İqtisadi Zonası burada yaradılacaq sosial infrastruktur və xarici sərmayədarlar üçün təqdim ediləcək imkanlar baxımından digər ölkələrdəki oxşar zonalardan daha cəlbedici olacaq. Ələt Azad İqtisadi Zonasının təməlqoyma mərasimində Prezident İlham Əliyev Azərbaycan Televiziyasına verdiyi müsahibədə də vurğulamışdır ki, “Azərbaycanda çox gözəl sərmayə iqlimi vardır. Biz bunu həm neft-qaz layihələrinin icrası zamanı nümayiş etdirmişik, həm də digər sahələrdə aparılan islahatlar nəticəsində çox gözəl investisiya iqlimi yaradılmışdır”. Beləliklə, ölkəmizdə Ələt Azad İqtisadi Zonasının uğurlu gələcəyinin təmini üçün bütün şərtlər mövcuddur. Hər birimiz əminik ki, bu layihə də daha əvvəl dövlətimiz tərəfindən icra edilən digər layihələr kimi uğurlu oacaq və dövlətimizin gələcəyində müstəsna rol oynayacaq. Ələt Azad İqtisadi Zonasının yaradılması ölkə iqtisadiyyatının dinamik inkişafı baxımından böyük əhəmiyyətə malik olacaq. Qabaqcıl idarəetmə əlavə dəyərli və ixracyönümlü istehsalı təmin edəcək. İnnovativ texnologiyalardan istifadə edərək xidmətlər göstərən investorların cəlb edilməsi, bu şirkətlərin Azərbaycan şirkətləri ilə əməkdaşlığının təmin olunması ölkə iqtisadiyyatının dinamik və dayanıqlı inkişafını sürətləndirəcək, dövlət gəlirlərinin və büdcəyə daxil olan vəsaitin artmasına töhfə verəcək. Nəticədə ölkəmizdə on minlərlə yeni iş yeri yaradılacaq. Beləliklə, ölkə iqtisadiyyatı, eləcə də region iqtisadiyyatı üçün Ələt Azad Iqtisadi Zonasının yaradılması çox mühüm hadisədir. Ələt Azad Iqtisadi Zonasının yaradılması Azərbaycana böyük iqtisadi dividentlər yaratmaqla yanaşı, şübhə yoxdur ki, ölkəmizin regionda mövqelərini daha da gücləndirən mühüm addım olacaqdır. Bu İqtisadi Zonanın yaradılması ölkəmizdə qeyri-neft sektorunun inkişafında açılan yeni səhifə kimi böyük əhəmiyyətə malikdir. Əminliklə deyə bilərik ki, investorların buraya marağı çox böyük olacaq.

Azər Xəlilov, ADPU Cəlilabad filialının 4-cü kurs tələbəsi, TGT sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir