Cəmiyyət

ÖLKƏMİZİN STRATEJİ ƏHƏMİYYƏTİ DAHA DA ARTIR

Sharing is caring!

Azərbaycanda qeyri-neft sektorunun inkişafının təmin olunması, iqtisadiyyatın müxtəlif sahələrinin şaxələndirilməsi, ölkəmizin ixrac potensialının artırılması, xarici investisiyanın cəlb edilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində çox vacib layihələr icra olunub. Pandemiyanın dünyada yaratdığı böyük iqtisadi və maliyyə çətinliklərinə baxmayaraq, Azərbaycanda bu proseslər uğurla davam edir. Ələt Azad İqtisadi Zonasının yaradılması bunun bariz nümunəsidir. Xarici sərmayələrin Azərbaycana cəlb olunması və qeyri neft sektorunun inkişafı baxımından Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Ələt Azad İqtisadi Zonasının təməlinin qoyulması mühüm tarixi hadisə kimi dəyərləndirilməlidir. Ələt Azad İqtisadi Zonası beynəlxalq ticarət qaydaları çərçivəsində fəaliyyət göstərməsi xarici və yerli investisiyanın cəlb olunması üçün ən vacib və diqqətçəkən amillədən biridir. Eləcə də zonanın yaradılmasında ən mühüm hədəf qabaqcıl idarəetmə praktikasına uyğun olaraq yüksək əlavə dəyərli və ixracat üçün nəzərdə tutulan yerli istehsalı təmin etməkdir. Bu iqtisadi zonanın yaradılması əlverişli sərmayə iqliminə əvəzolunmaz şərait yaradacaq. Azərbaycanın dünya birliyində ən uğurlu gənc dövlət kimi qəbul olunması, Dünya Bankının “Doing Business” hesabatında 190 ölkə arasında 28-ci yerə layiq görülməsi və Davos Ümumdünya İqtisadi Forumunun reytinq cədvəlindəki yüksək mövqeyə sahib olması bu gün ölkəmizdə əlverişli investisiya mühitinin formalaşmasını şərtləndirən vacib amillərdən biridir. Bu geniş miqyaslı layihənin icrası ölkəmizə dünyada etibarlı tərəfdaşlar qazandıracaq və əlbəttə ki, dövlət büdcəmizə iqtisadi mənfəət gətirəcək. Eləcə də Cənubi Qafqaz regionunda lider dövlət kimi qazandığımız mövqeni daha da qüvvətləndirəcək, Şərq-Qərb və Şimal-Cənub tranzit-nəqliyyat dəhlizlərində vaz keçilməz rolu olan dövlətimizin strateji əhəmiyyətini artıracaq. Təməlqoyma mərasimindən sonra Azərbaycan Televiziyasına müsahibə verən Prezident İlham Əliyev Azərbaycanın ən böyük qeyri-neft sektoru layihəsi olan Ələt Azad İqtisadi Zonası layihəsi ilə bağlı beynəlxalq təcrübənin dərindən öyrənildiyini diqqətə çatdırıb. Möhtərəm Prezident televiziyaya müsahibəsində yeni texnologiyaların, innovasiyaların ölkəmizə gətirilməsi və yeni iş yerlərinin yaradlması baxımından layihənin cəlb edici olduğunu söyləyib. O, deyib: Bu zonanın yaradılması ideyasının təməlində bizim siyasətimiz dayanır. Xüsusilə son illər qeyri-neft sektorunun inkişafı ilə əlaqədar görülən işlər bu zonanın yaradılmasına təkan vermişdir. Biz gördük ki, qeyri-neft sektoruna qoyulan sərmayə daha çox dövlət sərmayəsidir, yaxud da ki, yerli şirkətlərin sərmayəsidir. Xarici şirkətlər daha çox neft-qaz sektoruna sərmayə qoymağa meyillidirlər. Ona görə, bu zonanın yaradılması, əminəm ki, Azərbaycanın qeyri-neft sektorunun, iqtisadiyyatımızın qeyri-neft sektorunun inkişafına xidmət göstərəcəkdir”. Dövlətimizin qarşısında dayanan əsas vəzifə Ələt Azad İqtisadi Zonasına dövlət sərmayəsini deyil, potensial xarici investorları cəlb eləməkdən ibarətdir. Çünki, ölkə başçımızın da söylədiyi kimi, dövlət sərmayəsi artıq öz rolunu oynayıb, ən vacib infrastruktur layihələr icra olunub. İqtisadi Zonanın tikintisi davam etdirildiyi dövrdə ölkələrarası hökumət komissiyaları birgə əməkdaşlıq nümunəsi ortaya qoyacaq, xaricdəki Azərbaycan səfirliklərinə təlimatlar veriləcək, keçirilən bütün iqtisadi tədbirlərdə, toplantılarda bu mövzu gündəliyə salınacaq və xarici şirkətlər podratçı qismində bu nəhəng iqtisadi layihəyə dəvət olunacaqlar. Ələt Azad İqtisadi Zonası layihəsinin uğurla başa çatdırılması vətəndaşlarımızın da yeni iş yerləri ilə təmin olunmasında və yaşayış səviyyələrinin yüksəlməsində vacib rol oynayacaq. Beləliklə, Ələt Azad İqtisadi Zonasının yaradılması ideyasının təməlində dövlətin siyasəti dayanır. Bu zonanın yaradılması, Azərbaycanın qeyri-neft sektorunun, iqtisadiyyatımızın qeyri-neft sektorunun inkişafına xidmət göstərəcəkdir və şübhəsizdir ki, ölkəmizin strateji əhəmiyyətini daha da artıracaq.

Aqil Qurbanov, Cəlilabad KOB nümayəndəsi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir