Cəmiyyət

AZƏRBAYCAN KEYFİYYƏTCƏ
YENİ PİLLƏYƏ QƏDƏM QOYUR

Sharing is caring!

Müstəqil Azərbaycan ildən-ilə güclənir, sürətlə inkişaf edir. Aparılan iqtisadi siyasət sayəsində Azərbaycanın makroiqtisadi inkişafında dayanıqlıq təmin edilib və bir çox dövlətlərin uzun müddət ərzində əldə edə bilmədiyi yüksəliş tempinə nail olunub. Bu gün iqtisadiyyatda əldə edilmiş sıçrayışlı inkişafın və çoxsaylı nailiyyətlərin nəticəsi olaraq Azərbaycan keyfiyyətcə yeni pilləyə – modernləşmə mərhələsinə qədəm qoyub. Ölkənin durmadan artan maliyyə imkanları hesabına eyni zamanda beynəlxalq əhəmiyyətli strateji infrastruktur layihələri uğurla həyata keçirilir ki, bu layihələr də təkcə Azərbaycanın deyil, bütövlükdə regionun nəqliyyat infrastrukturunun modernləşdirilməsinə şərait yaradır.

Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin siyasi kursuna sadiq qalaraq Azərbaycanı yeni zirvələrə dogru aparmaqdadır. Xüsusilə Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun qazandığı tarixi zəfərin misli-bərabəri yoxdur. Düşünülmüş və məqsədyönlü siyasəti ilə regionda, dünyada mövqeyini möhkəmləndirən, siyasi çəkisini, nüfuzunu artıran Azərbaycanın tarixi Zəfərimizdən sonra beynəlxalq münasibətlər sistemində roluna yeni əlavələr edilməkdədir. Ələt İqtisadi Zonasının yaradılması da ölkəmizin regionda liderliyinə və qlobal siyasətdə əhəmiyyətinə verilən qiymətin təzahürü kimi dəyərləndirilir.

Ələt Azad İqtisadi Zonasının yaradılması ölkəmizin perspektiv inkişafına əsaslanan olduqca mühüm layihədir. Belə ki, ölkəmizdə qeyri-neft sektorunun inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq müəyyən edilib. Xarici sərmayədarların portfellərində əsas yeri neft və qaz sahəsinə sərmayənin qoyulması tutsa da, iqtisadi zonanın yaradılması nəticəsində, eyni zamanda iqtisadi əlaqələrin daha da genişləndirilməsi mümkün olacaq. Dövlət tərəfindən iqtisadiyyata göstərilən xüsusi marağın nəticəsi olaraq yaranacaq yeni iqtisadi model öz üstünlüyünü qısa zamanda göstərəcək. Ələt Azad İqtisadi Zonasının 60 hektarında layihələndirmə başa çatıb və inşaat işləri başlayıb, infrastruktur yaradılır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda qeyri-neft sektorunun inkişafının təmin olunması, iqtisadiyyatın müxtəlif sahələrinin şaxələndirilməsi, ölkəmizin ixrac potensialının artırılması, xarici investisiyanın cəlb edilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində çox vacib layihələr icra olunub. Pandemiyanın dünyada yaratdığı böyük iqtisadi və maliyyə çətinliklərinə baxmayaraq, Azərbaycanda bu proseslər uğurla davam edir. Ələt Azad İqtisadi Zonasının yaradılması bunun bariz nümunəsidir. Bu layihənin icrası Azərbaycana böyük iqtisadi dividendlər qazandırmaqla yanaşı, ölkəmizin regionda mövqelərini daha da gücləndirəcək, Şərq-Qərb və Şimal-Cənub tranzit-nəqliyyat dəhlizlərində mühüm rolu olan respublikamızın strateji əhəmiyyətini daha da artıracaq. Bu iqtisadi zonanın yaradılması dövlət gəlirlərinin və büdcəyə daxil olan vəsaitin artmasına, yeni investisiyaların cəlb edilməsinə şərait yaradacaq. Ələt Azad İqtisadi Zonasının yaradılması ideyasının təməlində bizim siyasətimiz dayanır. Xüsusilə son illər qeyri-neft sektorunun inkişafı ilə əlaqədar görülən işlər bu zonanın yaradılmasına təkan verib. Bu fikri Prezident İlham Əliyev Ələt Azad İqtisadi Zonasının təməlqoyma mərasimindən sonra Azərbaycan Televiziyasına müsahibəsində söyləyib. Ələt Azad İqtisadi Zonası Azərbaycanda qeyri-neft sektorunun inkişafı və bütövlükdə Azərbaycan iqtisadiyyatına investisiyaların cəlb edilməsi baxımından vacib layihədir. İqtisadi zonalarla bağlı xüsusi qanun qəbul olunduğundan Ələt Azad İqtisadi Zonası praktik olaraq beynəlxalq hüquqla tənzimlənir. Bu da sərmayələrin cəlb edilməsi, xüsusən aparıcı xarici şirkətlərin Ələt Azad İqtisadi Zonasına investisiya qoyuluşunun təşviq edilməsi baxımından vacibdir. Eyni zamanda Azərbaycan höküməti tərəfindən burada ilkin infrastruktr formalaşdırılır. Bu da məhz xarici investisiyaların cəlbi baxımından vacibdir. Prezident İlham Əliyevin həyata keçirdiyi qətiyyətli iqtisadi siyasət sayəsində ölkə iqtisadiyyatında hökm sürən makroiqtisadi sabitlik, istehsalda əldə olunmuş sabit artım tempi, bank, maliyyə və digər sahələrin göstərdiyi yüksək iqtisadi nəticələr onu deməyə əsas verdi ki, ölkədə keçid dövrü başa çatmışdır və Azərbaycan bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan ölkədir. Bununla əlaqədar hazırda özəl sektorun və bütövlükdə qeyri-neft sahələrinin inkişafı hökumətin yeni prioritetini təşkil etməkdədir.

Arif Nəcəfov, Cəlilabad şəhər sakini

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir