Cəmiyyət

HƏYATIMIZA YAZILMIŞ PARLAQ SƏHİFƏLƏR

Sharing is caring!

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu xalqımızın qəhrəmanlıq tarixinə yeni parlaq səhifələr yazdı. Azərbaycan torpaqlarını 30 ildən bəri işğal altında saxlamış Ermənistan silahlı qüvvələri darmadağın edildi. Əzəli və tarixi torpağımız olan Qarabağ mənfur düşmənin əsarətindən xilas olundu.Azərbaycan Silahlı Qüvvələrinin şərəfli tarixi Ulu öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ordumuzun beynəlxalq standartlara uyğun formalaşdırılması, inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, döyüş qabiliyyətinin gücləndirilməsi, ən əsası tariximizə Zəfər Gününü yazması dahi şəxsiyyətin düşünülmüş və məqsədyönlü siyasətinin təntənəsidir. Ümummilli lider Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən 1918-ci ildə Əlahiddə Azərbaycan Korpusunun yaradıldığı gün – 26 iyun tarixi Azərbaycan Silahlı Qüvvələri Günü kimi qeyd olunur. 103 illik yol Ordumuzun dünəninin, bu gününün və sabahının təqdimatıdır. Ulu öndər Heydər Əliyev hələ hakimiyyətinin birinci dövründə Azərbaycanı gələcəkdə müstəqil görərək bu istiqamətdə mühüm addımlar atmışdır ki, bunlardan da biri Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılmasıdır. Milli kadrlar hesabına möhkəmlənən Ordumuzda xidmət edən zabitlərin əksəriyyəti bu hərbi liseyin yetirmələridir. 26 İyun-Azərbaycan Silahlı Qüvvələri Günündə təşkil olunan hərbi paradlarda Azərbaycan əsgərləri döyüşə hazır olduqlarını daim nümayiş etdirərək üçrəngli bayrağımızın işğal altında olan torpaqlarımızda dalğalanacağına böyük əminlik ifadə edirdilər. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlanan inkişaf, tərəqqi yolu, ərazi bütövlüyümüzün təmin edilməsinə, Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasına xidmət edən siyasəti və bu xəttin son 18 ilə yaxın dövrdə möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi belə bir əminliyə əsas verməklə yanaşı, 44 günlük İkinci Qarabağ müharibəsində Qələbəmizi də şərtləndirdi.Tarixi ədalətin öz yerini tutması, dövlətimizin ərazi bütövlüyünün bərpa olunması xalqımızın özünə inamını qaytarmış və ruhunu təzələyib. Bu gün biz yurd yerlərimizə, doğma Qarabağa qayıdırıq. Bu haqqı bizə qəhrəman ordumuz, onun Ali Baş Komandanı qaytarıb. Biz şəhidlərimizin, qanlı döyüşlərdə yaralanmış əsgər və zabitlərimizin igidliyini və fədakarlığını heç zaman unutmayacağıq. Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Ordumuzun silah-sursatla təchiz edilməsi bizim imkanlarımızı bütün dünyaya göstərdi. Bəzi aparıcı Qərb mətbu orqanlarında, analitik dərgilərdə belə bir fikir ortalığa atılıb ki, hətta dünyanın aparıcı ölkəsi bizim qarşımızda olsaydı, onların da bizim qabağımızda heç bir şansı olmayacaqdı. Biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir. Qürur hissi ilə deyə bilərik ki, biz Silahlı Qüvvələr Gününü müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik.
Bu, tarixi nailiyyətdir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq zəfər olmamışdır. Biz bütün gücümüzü səfərbər edərək düşmənə sarsıdıcı zərbələr endirib düşməni məğlub etdik, tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etdik.Vətən müharibəsi dövründə Azərbaycan hərbiçisinin nümayiş etdirdiyi cəsarət, rəşadət, qarşısına qoyulan bütün döyüş tapşırıqlarını şərəflə, dəqiqliklə yerinə yetirməsi nəticəsində bu gün Qalib Ordu obrazından, yeni əsrin müharibəsini aparmış Azərbaycan Ordusunun qüdrətindən danışılmaqdadır. Uğurun əsas amili xalq-iqtidar birliyidir. Dövlət siyasəti xalq tərəfindən dəstəklənir və bu siyasətə böyük inam var. Müharibə və onun nəticələri bir daha xalq-iqtidar birliyini və qarşılıqlı inamı nümayış etdirmişdir.
Möhtərəm Prezident İlham Əliyevin 26 iyun – Silahlı Qüvvələr Günü ərəfəsindən 76 mindən artıq hərbçini təltif etməsi qalib Orduya olan diqqət və qayğının nəticəsidir: “Müzəffər Ali Baş Komandan qalib Ordunun cəsur, mərd hərbçilərini təltif etməklə onların daim diqqət mərkəzində olacağını, şəhidlərimizin daim uca tutulacağını, qazilərimizin hər zaman nümunə olacağını göstərdi. 30 ildən sonra 26 iyun – Silahlı Qüvvələr Gününü böyük sevinc və qürur hissi ilə qeyd etdik. Çünki Azərbaycan Ordusu artıq Qalib Ordudur, torpaqlarını işğaldan azad etmiş, düşmənə tarixi dərs vermiş Silahlı Qüvvələrdir.
Vasif Həsənov, Maşlıq kənd bələdiyyə sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir