Cəmiyyət

VAKSİNASİYA CƏMİYYƏTİMİZ ÜÇÜN OLDUQCA ÖNƏMLİDİR

Sharing is caring!

Koronavirus – XXI əsrin biomüharibəsidir. Bu müharibənin strategiyası da, taktikası da dünyada baş vermiş müharibələrin hamısından fərqlidir. Əgər indiyə qədərki müharibələrdə hücum taktikası əsas hesab olunurdusa, biomüharibədə müdafiə olunma, təcrid edilmə qələbəyə aparan əsas yolu müəyyən edir. Başqa xalqların ərazilərini, sərvətlərini ələ keçirməyi əsas hədəf kimi seçən digər müharibələrdən fərqli olaraq, biomüharibənin əsas strategiyasını insanı məhv etmək təşkil edir. Koronavirus insanı hədəfə aldığı üçün bütün insanlıq bu bəşəri bəla ilə mübarizədə birləşmişdir.
Məlum olduğu kimi, 2020-ci ilin əvvəlindən bütün dünyanı cənginə alan yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı ölkəmizdə səmərəli mübarizə aparılır. Ümumiyyətlə, Azərbaycan elə ilk günlərdən virusun yayılmasının qarşısının alınması ilə bağlı çox effektiv tədbirlər həyata keçirib. Nazirlər Kabineti yanında Operativ Qərargahın fəaliyyətə başlaması, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, karantin rejiminin tətbiqi və digər tədbirlər bu baxımdan xüsusi qeyd edilməlidir. Bir sözlə, dövlətimiz vətəndaşların sağlamlığını və təhlükəsizliyini əsas götürərək bütün mümkün addımları atır. Bu ilin əvvəlindən isə ölkəmizdə kütləvi vaksinasiya prosesinin həyata keçirilməsi olduqca mühüm əhəmiyyətə malikdir. Həmin addımların nəticəsidir ki, bu gün Azərbaycanda sanitar-epidemioloji vəziyyət nəzarət altındadır.

   Vaksinlər xəstəliyə yoluxma zamanı ağırlaşma və ölüm hallarının qarşısını alan təhlükəsiz vasitədir. İmmun sistemi vaksini antigen kimi qəbul edir və ona qarşı anticisimlər yaradır. Orqanizm peyvənd vasitəsilə virusla tanış olduğu üçün artıq xəstəliklə qarşılaşanda hazırlıqlı olur və ağırlaşmanın qarşısı alınır. Vaksin öldürülmüş və ya zəiflədilmiş mikroblar və onların ifraz etdiyi bəzi antigen xassəli maddələr olduğu üçün xəstəliyə yoluxma zaman qarşıya çıxan canlı virusla müqayisədə heç bir təhlükəsi yoxdur. Bütün klinik yoxlamalar 10 minlərlə insana tətbiqi zamanı bəzi hallarda yalnız zəif allergik reaksiya ilə nəticələnmişdir.

  Müasir peyvəndlər milyonlarla insanın həyatını xilas edib. Peyvəndlər icad olunana qədər dünya bugünkündən daha çox təhlükədə idi. Cəmi bir neçə on il əvvəl milyonlarla insan poliomielit xəstəliyinin qurbanı olurdu - bu xəstəliyə yoluxanları ya iflic, ya da ölüm yaxalayırdı. Hazırda poliomielit tamamilə yox olub.
 Azərbaycan dövləti əhalinin sağlamlığının qorunmasını özünün əsas vəzifəsi hesab edir. Pandemiya təhlükəsi başlayanda dövlət vacib addımlar atdı. Prezident İlham Əliyevin göstərişi əsasında Nazirlər Kabinetinin Sərəncamı ilə 2020-ci il 30 yanvar tarixində “Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı” təsdiq edildi, 2020-ci il 27 fevral tarixində koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət Operativ Qərargah yaradıldı və bütün bu tədbirlər pandemiya ilə mübarizədə öz müsbət təsirini göstərdi.
   Ölkəmizin hər yerində olduğu kimi Cəlilabad rayonunda da fevralın ayından  “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq 65 və daha yuxarı yaşda şəxslərin peyvəndləmə prosesinə başlanılıb. Strategiyaya uyğun olaraq vaksinasiya üçün müraciət edən 65 və daha yuxarı yaşda şəxslər öncə həkim müayinəsindən keçirilir, təzyiq, temperatur ölçülür, daha sonra peyvəndləmə prosesi aparılır. 

  Müşahidələr göstərir ki, vaksinasiya prosesi fəallaşıb, xüsusilə bu günlər vətəndaşlar öz sağlamlıqlarına diqqət yetirirlər və tezliklə bu xəstəlikdən xilas olmağa çalışırlar.  Bu ümumxalq tədbirində bir qayda olaraq Çinin "Sinovac Biotech" şirkətinin istehsalı olan “CoronaVac” vaksinindən istifadə olunur. "CoronaVac” peyvəndi tələb olunan standartlara uyğun bütün sınaq mərhələlərindən uğurla keçib. İndiyədək bu vaksinin ciddi fəsadlara səbəb ola biləcək yan təsirlərinə rast gəlinməyib. Sözügedən vaksin ənənəvi, etibarlı və sınanmış inaktiv platformada hazırlanıb. haliyə tövsiyəm odur ki, koronavirus pandemiyasından tezliklə qurtulmaq üçün peyvənd olunmaq vacibdir. Biz keçən dövrdə bunun fəsadları, ölümləri müşahidə etdik. İnsanlarımız diqqətli olub, vaksinasiya olunsun. Koronaviruslu xəstə ilə təmasda olanda da xəstəliyi yüngül keçirə bilsinlər.

    Peyvənd vasitəsilə tarix boyu bir çox xəstəliklərin kökü kəsilib. Əminik ki, vaksinasiya ilə tezliklə koronavirus bəlası da yer üzündən yoxa çıxacaq.

Nadir Əliyev, Göytəpə ASM müdiri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir