Cəmiyyət

DOĞMA TORPAQLARDA YAŞAMAQ ƏZƏLİ HAQQIMIZDIR

Sharing is caring!

Müharibə ilə bağlı, əlbəttə ki, çox danışmaq olar. Ancaq bu gün biz daha çox gələcəklə bağlı danışmalıyıq. Müharibə tarixdir, şanlı tariximizdir. Bu tarix əbədi qalacaqdır, bu tarix dərindən öyrənilməlidir və öyrənilir. Dünya miqyasında, dünyanın aparıcı ölkələrinin ali hərbi məktəblərində 44 günlük müharibə öyrənilir və Azərbaycanın göstərdiyi yeniliklər öyrənilir. Bu müharibəni, Qələbəni udmaqda qəhrəman hərbçilərimizə borcluyuq, şəhidlərimizə borcluyuq. İstənilən texnikan ola bilər, istənilən maddi imkanın ola bilər, əgər Vətən sevgisi yoxdursa, əgər milli ruh yoxdursa, əgər Vətən uğrunda ölümə getməyə hazır deyilsənsə heç vaxt Qələbə qazanmazsan.
Artıq bütün dünya Azərbaycanın gücünü gördü. 44 günlük müharibə bizim gücümüzü göstərdi, Silahlı Qüvvələrimizin rəşadətini göstərdi, qəhrəmanlığını göstərdi, xalqımızın birliyini göstərdi. Biz bir yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbələr endirdik, düşməni torpağımızdan qovduq. Qırx dörd günün hər bir günü qəhrəmanlıq dastanıdır, hər bir günü bizim üçün əzizdir, doğmadır. Çünki hər gün biz irəli gedirdik, hər gün. Bir gün də geri addım atmamışıq. Düşmən müharibənin son mərhələsində panikaya, isterikaya qapılaraq öz məğlubiyyətini artıq dərk etməyə başlamışdı.
Bizim müharibəmiz təkcə faşist Ermənistan dövlətinə qarşı deyildi, bizim müharibəmiz faşizm əleyhinə müharibədir. Ermənistan məğlub edilmiş dövlətdir və bizim işğal altında olan torpaqlarda törədilmiş vəhşilik o erməni lobbi təşkilatlarının öz xalqı haqqında yaratdıqları mifologiyaya da son qoydu. Çünki bu dağıntıları törədən vəhşidir. Bunun başqa adı yoxdur. Təkcə Ağdam deyil, azad edilmiş bütün torpaqlarda mənzərə eynidir. Sanki bu torpaqlardan vəhşi qəbilə keçib. Bizim qələbəmiz göstərir ki, bütün faşistlərin aqibəti, ermənilərin aqibətinə bənzər olacaq.
Torpaqlarımızı işğaldan azad etməklə nəinki ərazi bütövlüyümüzü təmin etdik, həmçinin illərlə sahibsiz qalan, vandalizmə məruz qalan, dağıdılan, ancaq hər daşı bir tarix danışan abidələrimizi, irsimizi, dəyərlərimizi və ənənələrimizi millətimizə geri qaytarmış və yenidən qazanmış olduq. Ancaq buna baxmayaraq, İrəvanın vandalizm siyasətinin qurbanı olan tarixi abidələrimiz, maddi-mənəvi irsimizin qəsdən və riyakarcasına dağıdılması və təhqir olunması beynəlxalq hüquq və ədalət prinsiplərinə sığmayan vandalizm aktının şahidi olduq. İşğaldan azad olunan rayon və kəndlərimizdə abidələrimizi, səfalı guşələrimizi yararsız və dağıdılmış vəziyyətdə görmək çox ağrılıdır.
Azərbaycan müharibə dövründə də özünü məsuliyyətli ölkə kimi apardı. Biz müharibə dövründə də özümüzü ləyaqətlə aparmışıq və müharibənin bütün qaydalarına riayət etmişik. Məhz buna görə Ermənistan tərəfində mülki vətəndaşlar arasında itkilər həddindən artıq azdır. Biz ancaq işğalçı orduya qarşı mübarizə aparmışıq, müharibə aparmışıq. Prezidentin dediyi kimi, Azərbaycan burada yaşayan bütün xalqların tarixinə, dininə və mədəniyyətinə hörmət edən dövlətdir. Müharibə Azərbaycan və Ermənistan arasında olan fərqi bir daha dünyaya aşkar şəkildə nümayiş etdirib. Bizim bütün şəhərlərimiz dağıdılıb, bütün kəndlərimiz dağıdılıb, tarixi abidələr dağıdılıb, məscidlər dağıdılıb, qəbirlər dağıdılıb, misli görünməmiş vandallıq, barbarlıq törədilib. Bütün binalarımızı dağıdıblar, məscidlərimizi dağıdıblar. Məscidlərdə heyvan saxlayıblar. Bizim müqəddəs abidələrimizi təhqir ediblər. Azərbaycanlıların tikdirdikləri evləri noyabrın 10-dan dekabrın 1-nə qədər yandırıblar, dağıdıblar, meşələri qırıblar. Su elektrik stansiyalarını dağıdıblar. Biz isə ancaq öz torpaqlarımızı azad etmişik. Budur, bizim aramızda olan fərq.
Bəli, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Ordumuz rəşadət və şücaəti ilə təkcə işğal altında torpaqlarımızı azad etmədi, eyni zamanda, çoxəsirlik tariximizi, qədim mədəniyyət və incəsənətimizi xalqımıza qovuşdurdu. Xalqımız üçün torpaqlarımızın işğaldan azad edilməsi ümummilli məsələdir və heç vaxt biz bu vəziyyətlə barışmadıq və bunu açıq bəyan edirdik. İkinci Qarabağ müharibəsi bir daha Azərbaycan xalqının əzmini, iradəsini göstərdi, bütün dünyaya göstərdi və bu şanlı Qələbə tarixdə əbədi qalacaqdır. Hazırda işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Ağdamda infrastruktur layihələr fasiləsiz icra olunur. Bundan sonra Azərbaycan dövləti qalib dövlət kimi inkişaf edəcək. Azərbaycan xalqı müzəffər xalq kimi yaşayacaq, qürur hissi ilə yaşayacaq. Doğma torpaqlarda yaşayıb rahat ömür sürmək bizim haqqımızdır. Buna görə cənab Prezidentə minnətdarlığımızı bildirir və onunla fəxr edirik.

Elçin Hüseynov, Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin rəisi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir