Cəmiyyət

AZƏRBAYCANIN QLOBAL TƏŞƏBBÜSLƏRİ BEYNƏLXALQ MİQYASDA QƏBUL OLUNUR

Sharing is caring!

Müsəlman Şərqində ilk parlament respublikası – Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, müasir dövrə xas dövlət təsisatlarının yaradılmasına nail olmuşdu və mürəkkəb siyasi dövrdə cərəyan edən hadisələrin və Azərbaycan xalqının milli oyanışının məntiqi yekunu idi. Bu oyanış xalqımızın intibahında misilsiz rol oynadı. Qafqaz regionunun lider dövləti olan Azərbaycan həmin təməl üzərində ciddi tarixi nailiyyətlərə sahib olaraq son illərdə apardığı uğurlu xarici siyasət kursu nəticəsində istər aparıcı beynəlxalq təşkilatlarla, istərsə də böyük dövlətlərlə mühüm əməkdaşlıq əlaqələri yaradıb. Bu gün Heydər Əliyev siyasi kursunun layiqincə davam etdirilməsi, Prezident İlham Əliyevin düşünülmüş strategiyası müstəqil Azərbaycanı dünyanın inkişaf etmiş demokratik dövlətlərindən birinə, beynəlxalq aləmdə söz sahibinə çevirib. Azərbaycan dövləti Qoşulmama Hərəkatının sədri qismində istər COVID-19 pandemiyasına qarşı qlobal mübarizənin təşkilində, istərsə də vaksinasiya ilə bağlı ortaya çıxan problemlərin həllində əhəmiyyətli rolunu ortaya qoyub. Təsadüfi deyil ki, bu gün dünyada sülhün və təhlükəsizliyin təmini istiqamətində gedən proseslərdə yer alan, eləcə də COVID-19 pandemiyasına qarşı qlobal mübarizənin təşkilində əsaslı rol oynayan Azərbaycan işğalçı Ermənistan istisna olmaqla bütün dövlətlər tərəfindən yaxın tərəfdaş qismində qəbul olunur.

  Bunu 28 May Respublika Günü münasibətilə Azərbaycan Prezidentinə ünvanlanan məktublarda yer alan fikirlər də təsdiqləyir. Həmin fikirlər bir daha ölkəmizin beynəlxalq münasibətlər sistemindəki mühüm rolundan xəbər verir.  Nəzərə alınmalıdır ki, ölkəmiz 30 ilə yaxın bir müddətdə terrordan əziyyət çəkib və yalnız 44 günlük Vətən müharibəsində əldə olunan qələbə nəticəsində torpaqlarımız işğaldan azad olunub. Azərbaycan öz gücü ilə tarixi ədaləti bərpa edib və yeni reallıqlar yaradıb.

  Bu reallıqlar dünyanın aparıcı təşkilatları və dövlətləri tərəfindən təqdir olunur. 28 May - Respublika Günü münasibətilə xarici dövlətlərin başçıları tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlanan məktublar bu deyilənləri təsdiqləyir.   Bu uğurlara Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasəti və qlobal proseslərdə oynadığı rol nəticəsində nail olunub.  Təsadüfi deyil ki, ABŞ prezidenti Co Bayden tərəfindən Azərbaycanın NATO ilə əməkdaşlığı, ölkəmizin bu sahədə həyata keçirdiyi siyasət və beynəlxalq missiyaya verdiyi dəstək qeyd olunur. Təbrik məktubunda ikitərəfli münasibətlərin çoxşaxəliliyinə xüsusi önəm verilir, qeyd olunur ki, müstəqilliyimizin bərpasından keçən 30 ilə yaxın müddətdə ABŞ və Azərbaycan xalqlarımız arasında əlaqələri gücləndirərək təhlükəsizlik, enerji və demokratik idarəetmə məsələlərində birlikdə çalışıb. Çin Xalq Respublikasının sədri Si Cipenin məktubunda isə Azərbaycanın “Bir kəmər və bir yol” layihəsində iştirakı və nəqliyyat dəhlizlərinin reallaşdırılmasında oynadığı rol xüsusi olaraq qeyd edilir. Bu da Prezident İlham Əliyevin yürütdüyü siyasətin nə qədər çoxşaxəli olduğunu və beynəlxalq münasibətlər sisteminin bütün istiqamətləri üzrə Azərbaycanın rolunu bir daha təsdiqləyir. Bu baxımdan həmin məktublar həm də Azərbaycanın qlobal proseslərdə oynadığı rola verilən qiymətdir. 28 May - Respublika Günü münasibətilə Azərbaycan Prezidentinin ünvanına gələn təbrik məktublarının məzmununda bu strateji məsələlər və onların öz həllini tapmasında Prezident İlham Əliyevin rolu xüsusilə vurğulanır. Bu isə xalqımız və dövlətimiz üçün hər birimizdə qürur hissi doğurur.

Mehdiyev Firuz, Cəlilabad rayonu Ocaqlı kənd sakini, müəllim

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir