Cəmiyyət

BEYNƏLXALQ ƏMƏKDAŞLIĞA SƏRHƏD YOXDUR

Sharing is caring!

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən keçirilmiş “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı tədbirdə Azərbaycan Prezidentinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinə, bu həmsədrlərindən biri olan ABŞ-a mühüm mesaj verməsinə diqqət çəkib: Prezident bildirib ki, “əgər sülh sazişinə nail olunarsa, üç Cənubi Qafqaz ölkəsi arasında azad ticarət aparıla bilər və bu da mümkündür. Azərbaycan buna hazırdır və Ermənistan tərəfindən müsbət cavab gözləyəcək. Mən tam əminəm ki, Azərbaycan ilə Ermənistan arasında sülh sazişi mümkündür. İndi çatışmayan məsələ Ermənistan tərəfindən siyasi iradənin olmamasıdır. Bu saziş imzalansa, təhlükəsizliklə, gücün tətbiq edilməməsi, cari vəziyyətlə əlaqədar reallıqların qəbul olunması ilə bağlı məsələlər sülh sənədinin ayrılmaz tərkib hissəsi olacaq”.

  Qarabağ Rusiya ilə ABŞ arasında olan nadir əməkdaşlıq mövzularından biridir. Rusiya və ABŞ Minsk qrupunun həmsədrləri kimi demək olar ki, 30 il ərzində Azərbaycanla Ermənistan arasında fəal danışıqlar prosesinin bir hissəsi olublar. ABŞ-la Rusiya arasında əlaqələrin çox aşağı səviyyədə olduğu bir vaxtda xüsusilə aydın görünür ki, münaqişənin həlli məsələsi bəlkə də Rusiya və ABŞ-ın çox fəal və çox açıq şəkildə əməkdaşlıq etdiyi yeganə məsələ idi. Müəyyən mənada Azərbaycan öz münaqişəsi ilə ən azı bu iki supergücün səmimi şəkildə əməkdaşlıq edə biləcəyi bir sahəyə malik olmaqla mühüm rol oynayır. Rusiya və ABŞ-ın ən yüksək rütbəli hərbi rəsmiləri, hər iki ölkənin ordularının baş qərargah rəisləri Bakıda mütəmadi görüşlər keçirirdilər. Rusiya ordusunun baş qərargah rəisi və NATO-nun hərbi komandiri də bir neçə dəfə Bakıda silsilə danışıqlar aparıblar. Onlar hər hansı başqa bir məkan seçə bilərdilər. Lakin Bakının seçilməsi, ilk növbədə, Azərbaycanın müstəqil xarici siyasətinin həqiqətən də yaxşı göstəricisi, həmçinin ölkəmizə yüksək səviyyəli hörmətin və etimadın təzahürüdür.

  Dövlət başçısı bildirdi ki, Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşmasında ABŞ böyük rol oynaya bilər, çünki ABŞ dünyada aparıcı ölkədir. Onun dəstəyi və ədalətli mövqeyi regionun inkişafını sürətləndirə bilər. Ona görə də münasibətləri normallaşdırmağa kömək etmək və icmalara bizim yanaşı yaşamalı olduğumuzu başa salmaq istiqamətində səylər yüksək qiymətləndiriləcək. ABŞ öz potensialından istifadə edərək Ermənistanı inandıra bilər ki, revanş məsələsinin hətta ağıllarına belə gətirilməsi onlar üçün olduqca təhlükəli olacaq. Yəni, çoxlu imkanlar və gözləntilər var, ancaq biz ABŞ administrasiyasının tam olaraq işə başlamasını gözləyir və mesaj almaq istəyirik ki, onlar bizimlə münasibətləri necə qurmaq istəyirlər.

   Digər tərəfdən, dövlət başçısı tədbirdə sualları cavablandırarkən bir daha Zəngəzur dəhlizinin regionun inkişafında strateji əhəmiyyət kəsb edəcəyinə diqqət çəkib. Zəngəzur dəhlizi açıldıqdan sonra bütün region ölkələri üçün yeni imkanlar yaranacaq. Ümumiyyətlə, Azərbaycan Prezidenti tədbirdə Cənubi Qafqazda regional inkişaf və əməkdaşlıq perspektivləri ilə bağlı dünyaya mühüm mesajlar verdi, Azərbaycanın regionda inkişaf və əməkdaşlıqda maraqlı olduğunu bir daha nəzərə çatdırdı.

Varid Əsgərov, Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı aparatının baş məsləhətçisi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir