Cəmiyyət

Liderlik zirvəsini fəth edən Dahi

Sharing is caring!

Vüqar Rəhimzadə,

«91-lər»in  üzvü, siyasi elmlər doktoru,  
«İki sahil» qəzetinin baş redaktoru,
Əməkdar jurnalist

Heydər Əliyevin həyat yolu və siyasi fəaliyyəti Onu bu ucalıqda sönməz məşələ çevirdi

Ulu Öndərin xilaskarlıq missiyası: Vətənə, xalqa bağlılıq

Dünya təcrübəsi göstərir ki, güclü, ölkəsinin, xalqının gələcəyini düşünən lideri olan dövlətlər yüksək inkişaf yolu keçir, gələcəyə böyük inamla addımlayır, imzalar içində imzası ilə fərqlənir. Həmçinin bu reallıq da hər zaman önə çəkilir ki, keçmişini unutmayan, bu günü ilə qürur duyan və gələcəyə doğru böyük inamla irəliləyən xalq tarixin sınaqlarından şərəflə çıxır, böyük uğurlara imza atır, yeni prioritetlərin fonunda yüksək zirvələri fəth edir. Zəngin dövlətçilik tarixinə malik olan Azərbaycan xalqı dünyaya bu nümunəni də göstərib. Xalqımız XX əsrin əvvəllərində qazandığı müstəqilliyi qısa zamanda obyektiv səbəblər ucbatından itirsə də bu uğursuzluq onun sabaha inamını itirmədi, əksinə, müstəqil və azad yaşamaq arzusu daha da alovlandı. 1991-ci il oktyabrın 18-də dövlət müstəqillyini bərpa edən Azərbaycan nəinki yenidən onu itirmək, hətta bir dövlət kimi tarix səhnəsindən silinmək təhlükəsi ilə üz-üzə qaldı. Həmin dövrün iqtidarının səriştəsizliyi, idarəçilik qabiliyyətinin yoxluğu, hakimiyyətin ən yuxarı eşalonunda yüksək məqama sahib olmaq məqsədilə biri-birini didib-parçalamağa hazır olan üzdəniraq “liderciklərin” şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaları Azərbaycanı “olum, ya ölüm” dilemması qarşısında qoymuşdu. Ölkəmizdə  vətəndaş müharibəsi başlanmışdı. Respublikada meydan sulayan anarxiya, xaos, özbaşınalıq şəraitində bölgələrdə mərkəzdənqaçma tendensiyası gündən-günə güclənirdi. Şimalda “Sadval” separatizmi, cənubda qondarma “Talış-Muğan respublikası” xülyası, mərkəzdə müxtəlif siyasi qüvvələr arasında hakimiyyət uğrunda amansız mübarizə ölkəni uçuruma aparırdı. Həmin ərəfədə silahlı qüvvələrin torpaqlarımızın Ermənistanın getdikcə daha intensiv xarakter alan hərbi təcavüzündən qorunmasına deyil, ayrı-ayrı dairələrin maraqlarının müdafiəsinə xidmət etməsi ərazilərimizin işğalına  şərait yaradırdı. Xüsusilə özünün yarıtmaz idarəçiliyi nəticəsində ölkəni vətəndaş müharibəsi həddinə çatdıran xəyanətkar AXC-Müsavat hakimiyyətinə qarşı 1993-cü il iyunun 4-də Gəncə şəhərində baş verən hərbi qiyam vəziyyəti daha da gərginləşdirirdi. Bu mənzərə o dövrdə hakimiyyətdə olanların şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmalarının göstəricisi idi.

Qeyd etdiyimiz kimi, Ermənistanın hərbi təcavüzünün genişləndiyi həmin mürəkkəb tarixi şəraitdə hakimiyyət hərislərinin kreslo uğrunda mübarizəsi xalqa ağır məşəqqətlər yaşatdı. O dövrdə özbaşınalıqlar, AXC-Müsavat hakimiyyətinin ümumiyyətlə,  idarəçilik sisteminin olmaması, 1993-cü ilin əvvəllərindən ölkədə meydan sulayan və ayrı-ayrı dairələrin siyasi maraqlarına xidmət edən silahlı dəstələrin özbaşınalığının Azərbaycanın daxilində qardaş qırğınına və vətəndaş müharibəsinə zəmin yaratması, bütün bunlar azmış kimi bölgələrdə separatçılıq və mərkəzdənqaçma meyillərinin güclənməsi Azərbaycanın bir dövlət kimi varlığını sual altında qoymuşdu. Belə bir çıxılmaz vəziyyətdə Azərbaycan xalqı o zaman Naxçıvan Muxtar Respublikası Ali Məclisinə rəhbərlik edən özünün sınanmış liderinə, ulu öndər Heydər Əliyevə üz tutdu.

Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 9-da xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya gəlməsi Azərbaycanın gələcək taleyini düşünən hər bir vətənpərvər soydaşımızın qəlbində sönməz ümid çırağı yandırdı. Böyük məşəqqətlər yaşayan xalqımız bir daha əmin oldu ki, Ümummilli Lider Azərbaycanı düçar olduğu fəlakətdən xilas edəcək. Belə də oldu. Azərbaycanda vətəndaş qarşıdurmasının dayandırılması, dövlət müstəqilliyinin itirilməsi təhlükəsinin aradan qaldırılması həmin o tarixi günlərdən başlandı. Gəncə hadisələrinin səbəb və nəticələrini öyrənmək üçün iyunun 13-14-də ziyalılardan, ağsaqqallardan ibarət bir  qrupla Gəncəyə gedən Ulu Öndər AXC-Müsavat iqtidarının yetirməsi, o günədək, necə deyərlər, ipə-sapa yatmayan qiyamçı polkovnik Surət Hüseynovla, sadə vətəndaşlarla, hərbçilərlə görüşərək siyasi böhranın, qarşıdurmanın aradan qaldırılması üçün söhbətlər apardı, ölkəni düçar olduğu siyasi böhrandan xilas etməyin yolları barədə tövsiyələrini bildirdi. Görüşün nəticələri barədə iyunun 15-də keçirilən Azərbaycan Ali Sovetin fövqəladə sessiyasında fikirlərini açıqlayan Ümummilli Lider əminliklə bildirdi ki, göstərilən səylər, aparılan danışıqlar bu gərginliyi aradan qaldıracaq. Dahi rəhbər dönə-dönə vurğuladı ki, bu gərginlik, qarşıdurma yalnız sülh, barışıq, qarşılıqlı anlaşma, danışıqlar yolu ilə həll olunmalıdır.

Məhz 1993-cü ilin 15 iyun günü çağdaş Azərbaycanın tarixinə əlamətdar hadisə kimi yazıldı. Sessiyada deputatların yekdil səsverməsi ilə ulu öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Bu seçim ilə Azərbaycanın xilas yolunun, müstəqilliyimizin əbədiliyinin təməli qoyuldu. Həmin gün Azərbaycanın dövlətçilik tarixinə Milli Qurtuluş Günü, əbədiyyət rəmzi kimi yazıldı.

Ulu öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətə qayıdışının  ilk mərhələsində hər bir inkişafın əsasında dayanan sabitliyi təmin etdi, “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” tezisini önə çəkərək iqtisadiyyatın inkişafında neft amilinə böyük dəyər verdi, bugünümüz üçün möhkəm iqtisadi təməl yaratdı, əsl liderə xas olan səbr, qətiyyət, müdriklik nümayiş etdirərək bütün çətinliklərə qalib gəldi.

Ötən əsrin 90-cı illərinə qısa ekskurs edərkən belə bir məqamı xüsusi vurğulamalıyıq ki, Ümummilli Liderin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olduğu dövrdə gördüyü işlər də dahi şəxsiyyətin bugünümüzə xidmət edən addımları sırasındandır. Həmin dövrdə Ulu Öndərin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı, himni, gerbi bərpa olundu, dünyanın müxtəlif dövlətlərinə səpələnmiş soydaşlarımızın birliyinə hesablanmış 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü təsis edildi. Dahi şəxsiyyətin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qaydışından sonra diaspor quruculuğu dövlət siyasətinin əsasına çevrildi. Ulu öndər Heydər Əliyev harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlıları bir amal-azərbaycançılıq ideyası ətrafında sıx birliyə çağırdı. Ümummilli Liderin «Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!» tezisi hər bir Azərbaycan vətəndaşının həyat amalına çevrildi. Ulu öndər Heydər Əliyev dönə-dönə bəyan edirdi ki, müstəqillik yolunda ilk addımlarını atan dövlətin varlığının təsdiqlənməsində ikitərəfli və çoxtərəfli çərçivədə əməkdaşlıq, diaspor quruculuğu vacib amillərdir. Müstəqilliyimizin ilk illərində Azərbaycan haqqında məlumatsızlıq erməni yalanlarının ayaq tutub yeriməsinə səbəb olmuşdu. Ümummilli Lider müstəqil dövlətimizin başçısı kimi ilk gündən diqqətini Azərbaycanın ətrafında yaradılan informasiya blokadasının yarılmasına yönəltdi. Təbii ki, dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın bir araya gətirilməsi, vahid mərkəzdən idarə olunmaları da bu prosesə öz müsbət təsirini göstərirdi. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci il noyabr ayının 9-10-da Dünya azərbaycanlılarının I qurultayının keçirilməsi diaspor quruculuğu, bir sözlə, Azərbaycanın dünyaya təqdimatı istiqamətində növbəti addım oldu. Torpaq, Vətən sevgisi bütün dünya azərbaycanlılarını vahid amal uğrunda birləşdirdi. Ümummilli Lider bu çağırışı da edirdi ki, suverenliyimizi daimi yaşatmaq, dövlət müstəqilliyimizi əbədi etmək üçün hər bir azərbaycanlıdan müqəddəs Azərbaycan qayəsi ətrafında əməl və əqidə birliyi , sarsılmaz həmrəylik tələb olunur.

«Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir» söyləyən ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının Prezidenti olduğu 10 il müddətində daim bu tezisinə sadiq qalaraq dövlətçiliyimizi, xalqımızı gözlənilən bəlalardan xilas etdi. 1993-cü ilin iyununda törədilən Gəncə hadisələri, separatçı Əlikram Hümbətovun başçılığı ilə təşkil olunan Lənkəran qiyamı, 1994-cü ilin oktyabrında, 1995-ci ilin martında Bakıda dövlət çevrilişlərinə cəhdlərin qarşısını xalqla birliyi ilə alan ulu öndər Heydər Əliyev müstəqilliyimizin əbədiliyinin qarantı oldu. Dövlət çevrilişinə cəhdlər zamanı bir çağırışı, xalqa müraciəti ilə milyonlarla insanı ətrafına toplamağa qadir olan xalqın ümid yeri, qətiyyəti, sarsılmaz siyasi iradəsi, cəsarəti, ən nəhayət Vətənə bağlılığı ilə taleyin ən çətin sınaqlarından alnı açıq, üzü ağ çıxan dahi şəxsiyyət Heydər Əliyevin əzəməti qarşısında cılız görünən təxribatçılar qısa müddətdə tərksilah edildi. 1994-cü ilin oktyabr, 1995-ci ilin mart hadisələri göstərdi ki, dövlətin qorunması, müstəqilliyin əbədiliyi üçün xalq-iqtidar birliyi silahdan qat-qat artıq gücə malik olan həlledici amildir.

«91-lər» Yeni Azərbaycan Partiyasının «qızıl fondu»dur

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin xalqımız, dövlətimiz qarşısında xidmətlərindən biri də təbii ki, bu gün nəinki ölkənin, regionun aparıcı siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının yaradılmasıdır. Partiyanın yaradıldığı dövrün xarakteristikası hər kəsə məlumdur. Xalqın istəyini özündə əks etdirən, Yeni Azərbaycan Partiyasının qızıl fondu kimi dəyərləndirilən «91-lər»in üzvü kimi bu fikri böyük fəxr hissi ilə qeyd edə bilərəm ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə belə bir partiyanın yaradılması, eyni zamanda, xalqın təkidli tələbi ilə dahi şəxsiyyətin hakimiyyətə qayıdışı həmin dövrün tələbi, ortaya çıxan zərurət, bugünümüz üçün möhkəm təməl idi. Əvvəldə də qeyd etdiyim kimi, müstəqillik tariximizin ilk illəri xaos, anarxiya, özbaşınalıq, iqtisadi böhran dövrü kimi xarakterizə olunur. Yaşananların fonunda xalqın sabaha ümidi yox idi. Belə bir çətin məqamda xalqın böyük əksəriyyətinin istəyinin ifadəsi kimi 91 nəfər ziyalının ulu öndər Heydər Əliyevə «Azərbaycan Sizin sözünüzü gözləyir» müraciəti, dahi şəxsiyyətin müraciətə «Yeni, müstəqil Azərbaycan uğrunda» cavabı itirilən ümidlərin bərpa olunacağına inam yaratdı. İstər müraciətə, istərsə də Ümummilli Liderin cavabına diqqət yetirsək görərik ki, hər iki tarixi sənəddə Azərbaycanın müstəqilliyinin bir sərvət olduğu və onun qorunmasının vacibliyi öz əksini tapır. Yeni Azərbaycan Partiyası öz adında bütün istəkləri, arzuları birləşdirir. «91-lər»in müraciətində xalqı bu çətin vəziyyətdən xilas edəcək partiyanın yaradılması və ona Heydər Əliyev kimi yüksək idarəçilik qabiliyyətinə, dövlətçilik təcrübəsinə,  siyasi bacarığa, geniş dünyagörüşünə malik bir şəxsiyyətin rəhbərlik etməsinə ehtiyacın olduğu vurğulanırdı. Ümummilli lider Heydər Əliyevin yeni yaradılacaq partiya üçün «Yeni Azərbaycan» adını məqsədəuyğun bilməsi də təsadüfi deyildi. Partiya müxalifət partiyası kimi yaransa da xalqa, dövlətə qarşı müxalifətdə deyildi, milli maraqlarımız, dövlətçiliyimiz bu siyasi təşkilatın tutduğu xəttin əsasını təşkil edirdi. YAP yarandığı gündən indiyədək əqidəsinə, tutduğu yola sadiqliyi ilə diqqət çəkib və bu yol ona hər zaman uğurlar qazandırıb. Yaxın tariximizə nəzər yetirsək görərik ki, YAP yarandıqdan 7 ay sonra iqtidar partiyasına çevrildi. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın, eyni zamanda, Yeni Azərbaycan Partiyasının həyatında yeni bir mərhələnin təməlini qoydu. Yeni Azərbaycan Partiyası adında ehtiva etdiyi məqsəd və mərama çatmaq üçün ciddi səylər göstərdi, uğurlu siyasəti ilə milyonların partiyasına çevrildi. Zamanın yaddaşına söykənərək bu fikri böyük fəxr hissi ilə qeyd edirik ki, YAP xalqın istəyi, zamanın tələbi ilə yaranan partiyadır. Ulu öndər Heydər Əliyevin fikirlərinə istinad etməklə deyə bilərik ki, YAP Azərbaycanda gedən ictimai-siyasi proseslərin içərisindən yaranan  zərurətdir: «O, bir adamın istəyi ilə yaranan partiya deyildir. Azərbaycanda yaranan partiyaların bir çoxu ayrı-ayrı şəxslərin, siyasi fəaliyyətə başlayan adamların şəxsi təşəbbüsü ilə, onların ətrafında toplaşan adamların təşəbbüsü ilə yaranan partiyalardır. Ancaq Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq istəyən, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan, hərəsinin öz tərəfindən hərəkət etməsi nəticəsində, ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmış bir partiyadır.”

Ümummilli lider Heydər Əliyev Yeni Azərbaycan Partiyasının I qurultayında bu məqamı xüsusi qeyd etmişdir ki, o vaxt partiya yaratmaq fikrim yox idi. Hər zaman xalqına sədaqətlə xidmət etdiyini vurğulayan Ulu Öndər bildirmişdir ki, amma Moskvada yüksək vəzifələrdən kənarlaşdırılandan, istefaya gedəndən sonra ətrafımda cərəyan edən ədalətsizliyi və on illər boyu sədaqətlə xidmət etdiyim hökumətin, partiyanın təzyiqlərini, təqiblərini görərkən yenidən siyasətə qayıtmaq fikrində olmadım. Hesab etdim ki, həyatda öz missiyamı yerinə yetirmişəm, onun qiymətini isə gələcək, tarix verəcəkdir: «Məni siyasi həyata qayıtmağa məcbur edən 1990-cı ildəki Yanvar hadisələri oldu.»

Siyasi həyata qayıtmağını şərtləndirən amillərdən bəhs edən ulu öndər Heydər Əliyev bütün addımlarının kökündə torpaq, Vətən sevgisinin əsas yer tutduğunu önə çəkirdi. Təsadüfi deyildir ki, Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı ziyalarımızın müraciətinə cavabında da Ümummilli Lider müstəqilliyi tarixi nailiyyətimiz kimi dəyərləndirərək onu təhlükə qarşısında qoymağın mümkünsüzlüyünü xüsusi vurğulamış və bu inamı ifadə etmişdir ki, belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər: “Əgər belə partiya yaradılarsa, onun fəaliyyətində fəal iştirak etməyə hazıram.”

1992-ci il noyabrın 21-də respublikanın müxtəlif bölgələrindən 550 nümayəndənin iştirakı ilə öz təsis konfransını məlum səbəblərdən Naxçıvanda keçirən Yeni Azərbaycan Partiyası bu gün sıralarında 760 mindən artıq üzvü birləşdirir. YAP-ın sıralarının kəmiyyət və keyfiyyət baxımından günbəgün zənginləşməsi, uğurlar, qələbələr partiyası kimi böyük nüfuz qazanması sözsüz ki, ulu öndər Heydər Əliyevin ideyalarına sədaqətin, möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətə inamın göstəricisidir.

Əbəs yerə deyilmir ki, tarix hər bir hadisənin önəminin açıqlanmasında yardımçıdır. Artıq bu il Yeni Azərbaycan Partiyasının yaradılmasının 29 ilini arxada qoyacağıq. Ötən 29 il partiyanın fəaliyyətinin dəyərləndirilməsi baxımından mühüm hadisələrlə zəngindir. Son 17 ildə Heydər Əliyev siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən Azərbaycan Prezidenti, YAP-ın Sədri cənab İlham Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyası inkişaf edir, təkmilləşir, yeniləşir. Partiyaya xalqın sevgisi sonsuzdur. 1993-cü ildən indiyədək ölkəmizdə keçirilən bütün seçki kampaniyaları bu reallığın təsdiqidir. Ümumiləşdirmə aparsaq əminliklə deyə bilərik ki, ulu öndər Heydər Əliyevin bildirdiyi kimi, Yeni Azərbaycan Partiyasına xidmət etmək xalqa, dövlətə xidmət etmək deməkdir. Azərbaycanın müstəqillik tarixinin əsas bələdçisi olan Yeni Azərbaycan Partiyası populizmdən uzaqlığı, real işləri ilə xalqın dəstəyini qazanıb və bu dəstək davamlıdır. Ötən 29 ildə partiyanın qazandığı uğurlar gələcəyin aydın mənzərəsini yaradır.

Yeni Azərbaycan Partiyasının bu il martın 5-də keçirilən VII qurultayında dövlətimizin başçısı İlham Əliyev Ulu Öndərin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın, Yeni Azərbaycan Partiyasının uğurlarından bəhs etməklə yanaşı, «91-lər»in də fəaliyyətini yüksək dəyərləndirmişdir. “Mən bu gün bir daha o vaxt milli maraqları hər şeydən üstün tutan “91-lər”i qeyd etmək istəyirəm, onların fəaliyyətini yüksək qiymətləndirirəm» söyləyən Prezident İlham Əliyev bu inamı ifadə etmişdir ki, bundan sonra da onlar fəal işlərlə məşğul olacaq, Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasında fəaliyyət göstərəcək və ictimai həyatda fəaliyyət göstərəcəklər. Onları Azərbaycan xalqı unutmamalıdır”. Prezident kimi hər zaman “91-lər”in fəaliyyətini yüksək qiymətləndirdiyini bildirən dövlətimizin başçısı onu da vurğulamışdır ki, təkcə ona görə yox ki, Heydər Əliyevə müraciət ediblər: “Ona görə ki, qorxmadılar, çəkinmədilər, ölkə maraqlarını öz şəxsi maraqlarından üstün tutdular. Faktiki olaraq 1992-ci ilin noyabr ayı gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. Ondan sonra heç bir il keçməmiş – 1993-cü ilin oktyabr ayında Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkəmizin böhrandan çıxma prosesi artıq başlandı”. Yeni Azərbaycan Partiyasının Sədri bu çağırışı da etmişdir ki, biz bu tarixi yaxşı bilməliyik. O tarixi yaşamayanlar isə bunu öyrənməlidirlər: “Mən demişəm, bizim dərsliklərdə bu tarixlə bağlı geniş məlumat verilməlidir. O tarixin canlı şahidləri öz xatirələrini bölüşməlidirlər ki, bu tarix əbədi yaşasın, bu müstəqillik tariximiz məhz ondan başladı, 1991-ci ilin oktyabrından yox. Halbuki 1991-ci ilin 18 oktyabrını biz Müstəqillik Günü kimi qeyd edirik. Ancaq hər kəs bilməlidir ki, o, bizdən asılı olan proseslər deyildi. Azərbaycan hətta gecikmişdi. Artıq bir çox keçmiş müttəfiq respublikalar öz müstəqilliyini elan etmişdilər. Sovet İttifaqı demək olar ki, dağılırdı. Artıq parçalanma prosesləri gedirdi. Nəyi gözləyirdilər 18 oktyabra qədər. Ondan əvvəl müstəqilliyi elan etmək olmazdımı? Əlbəttə, olardı. Ona görə bizim əsl müstəqillik tariximiz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.»

Böyük inamla qeyd edirik ki, milyonların partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının güc mənbəyi ulu öndər Heydər Əliyevin zəngin irsi və möhtərəm Prezidentimiz İlham Əliyevin siyasi fəaliyyətinin uğuru, qüdrətli Azərbaycanı gələcək inkişafa aparan yoldur.

Azərbaycanın bugünü üçün möhkəm təməl: 1993-2003-cü illər

Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra yenidən qurulan Azərbaycan qısa müddətdə dünya birliyinin layiqli üzvünə çevrildi. Sabitliyin yaradılması ilə iqtisadi inkişafın da əsası qoyuldu. Bu fakt inkaredilməzdir ki, Azərbaycan yerləşdiyi coğrafi məkana, malik olduğu təbii resurslara görə daim dünyanın diqqətində olub. Müstəqilliyimizin ilk illərində ölkədə xaosun, anarxiyanın, özbaşınalıqların hökm sürməsi ölkəmizlə iqtisadi əməkdaşlıqda maraqlı olan dövlətlərin tərəddüdlərinə səbəb olurdu. Lakin ulu öndər Heydər Əliyevin yaratdığı sabitlik, həyata keçirdiyi «açıq qapı» siyasəti xarici iş adamlarının ölkəmizlə əməkdaşlığa maraqlarını artırdı, Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrildi. 1994-cü il mayın 12-də ulu öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində Ermənistanla atəşkəs sazişinin imzalanması sabitliyin daha da möhkəmlənməsinə, bütün sahələrdə uğurlu addımların atılmasına böyük zəmin yaratdı. Belə ki, həmin il sentyabrın 20-də tarixə «Əsrin müqaviləsi» kimi daxil olan neft sazişi imzalandı ki, bununla da Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının əsası qoyuldu. Azərbaycan etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirdi. Bu sazişdən sonra onlarla müqavilənin və Anlaşma Memorandumunun imzalanması Azərbaycana olan inamın göstəricisi idi. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlu icrası nəticəsində Azərbaycanın iqtisadi imkanlarının artması fonunda ölkəmizin maliyyə imkanları da genişləndi ki, bu da öz növbəsində əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən addımların atılmasını şərtləndirdi. Ulu öndər Heydər Əliyev bildirmişdir ki, neft Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur. Ümummilli Liderin böyük uzaqgörənliklə yaratdığı Dövlət Neft Fondu da məhz neft gəlirlərini idarə olunmasında şəffaflığın qorunmasına xidmət edir. Belə ki, Fondun vəsaitləri hesabına maliyyələşən sosial-iqtisadi layihələrin uğurlu icrası nəticəsində ümumilikdə ölkənin hərtərəfli inkişafı təmin edilir.

Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə dövlətçiliyimizin əsasları quruldu. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul olunan Milli Konstitusiyamız Azərbaycanın demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunda atdığı addımlar üçün təkmil mexanizmdir. Dövrün və zamanın tələblərinə uyğun təkmilləşmə bu ali sənədimizdə də öz əksini tapıb. Belə ki, Konstitusiyanın qəbulundan ötən 26 ildə 3 dəfə sənədə əlavə və dəyişikliklərin edilməsi məqsədilə ümumxalq səsverməsi keçirilib. Ölkəmizdə demokratik cəmiyyətin varlığını təsdiqləyən bütün atributlar bərqərar olunub. İnsan hüquq və azadlıqlarının qorunması, azad və müstəqil  mətbuatın formalaşması, çoxpartiyalı sistemin yaradılması, seçkilərin demokratik və beynəlxalq standartlara uyğun keçirilməsi üçün zəruri addımlar atılıb. Bir sözlə, 1993-2003-cü illəri çağdaş tarixinə sabitlik, dirçəliş dövrü kimi yazan Azərbaycan Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində inkişaf edərək qüdrətli dövlətə, dünyada söz sahibinə çevrilib. Vaxtilə xəyal hesab edilən transmilli enerji və nəqliyyat layihələri uğurla reallaşdırılıb. Azərbaycanın iqtisadi müstəqilliyinin təmin edilməsi siyasi mövqeyinin möhkəmlənməsində əhmiyyətli rol oynayıb. Azərbaycan yeni dostlar, tərəfdaşlar qazanaraq beynəlxalq münasibətlər sistemində yerini və rolunu daha da gücləndirib. Dövləti, xalqı qarşısında misilsiz xidmətlər göstərmiş ulu öndər Heydər Əliyevin dünənimizin, bugünümüzün və sabahımızın əsası kimi dəyərləndirilən ideyaları yaşayır, yolumuzu daim işıqlandırır, yeni-yeni hədəfləri şərtləndirir.

Dahi şəxsiyyətin ən böyük arzusu, istəyi Dağlıq Qarabağ münaqişəsinin həlli, torpaqlarımızın işğaldan azad edilməsi idi. Bunun üçün vacib olan bütün addımları atmışdı. Ümummilli Lider münaqişənin həllində vacib amilləri qeyd edərkən dövlətin qətiyyətini, xalqın iradəsini, beynəlxalq dəstəyi xüsusi vurğulayırdı. Dövlətimizin dəyişməz mövqeyi hər kəsə məlum idi. Xalqımızın iradəsindən kənar bir addımın belə atılmayacağı daim ən yüksək tribunalardan bəyan edilirdi. Beynəlxalq dəstəyə gəldikdə isə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu, erməni işğalçılarının bu ərazilərdən qeyd-şərtsiz çıxarılması öz əksini tapmışdı. Ulu öndər Heydər Əliyev daim bu inamı ifadə edirdi ki, Dağlıq Qarabağ məsələsini həll edəcəyik. Zaman lazımdır, vaxt lazımdır. Azərbaycan torpaqları heç vaxt onun əlindən gedə bilməz. Bizim işğal olunmuş torpaqlarımız mütləq qaytarılacaqdır. Nəyin bahasına olur-olsun.

Bu tezis də daim önə çəkilirdi ki, sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü ordunun olması vacibdir. Azərbaycanın ordu quruculuğu sahəsində atdığı addımların göstəricisi 2020-ci ilin tariximizə Zəfər ili kimi yazılmasıdır.

Qələbələr xronikası: 2003-2021

2003-cü il oktyabrın 1-də ulu öndər Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək öz namizədliyini siyasi varisi İlham Əliyevin xeyrinə geri götürdüyünü elan edərək bildirmişdi: “Üzümü Sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.»

17 il əvvəl Azərbaycan xalqının böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən cənab İlham Əliyev andiçmə mərasimində «Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram» söyləyərək hədəfləri açıqlamış və bildirmişdi ki, bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir: «Bu gün yüksək kürsüdən çıxış edərək mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyev siyasətini davam etdirəcəyəm»

Arxada qalan hər il xalqın öz seçimində yanılmadığını təsdiqləməkdədir. Yeni əsrin yeni lideri, təkmilləşməni, yeniləşməni həyata keçirdiyi siyasətin ana xətti kimi qəbul edən dövlətimizin başçısı İlham Əliyev son 17 ildə möhkəm təməl üzərində Azərbaycana həm siyasi-iqtisadi, həm xarici siyasət, həm də ordu quruculuğu sahəsində möhtəşəm uğurlar qazandırdı, ölkəmizi qüdrətli, sözünün imzası qədər dəyəri olan dövlətə çevirdi. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan bu müddət ərzində gücləndi, beynəlxalq mövqeyini möhkəmləndirdi, 30 ilə yaxın davam edən işğala son qoydu.

Azərbaycan bu illərdə bütün sahələrdə davamlı uğurlara imza atdı. Sabitlik diyarı, iqtisadi möcüzələr ölkəsi kimi tanınan Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Qələbəsi ilə dünyanın hərb tarixinə yeni səhifə yazdı. Qalib ölkənin qalib ordusu dünyanın ən güclü orduları sırasında yer aldı. Çoxəsrlik Azərbaycan tarixində buna bənzər şərəfli və qürurlu günlər olmayıb. Azərbaycanın şanlı Zəfərini şərtləndirən amillər iqtisadi, siyasi, hərbi güc, ən əsası torpaq, Vətən sevgisi oldu. Prezident İlham Əliyev çevik siyasəti, sistemli və ardıcıl yanaşması, təkmil islahatları ilə Azərbaycanı iqtisadi baxımdan qüdrətli dövlətə çevirdi. Bu illər ərzində regionda bütün irimiqyaslı beynəlxalq layihələr Azərbaycanın fəal iştirakı ilə həyata keçirilib. Ümummilli lider Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” tezisi üzərində qurulan siyasət nəticəsində Azərbaycan böyük uğurlara imza atıb. 2006-cı ildə Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri, 2007-ci ildə Bakı–Tbilisi–Ərzurum qaz kəməri reallaşdırılıb. 2018-ci ildə Avropanın enerji təhlükəsizliyində böyük rola malik Cənub Qaz Dəhlizinin və onun tərkib hissəsi olan TANAP-ın rəsmi açılış mərasimləri keçirilib. 2020-ci il dekabrın 31-də TAP layihəsinin icrası başa çatıb. Onu da qeyd edək ki, 2017-ci ildə «Yeni əsrin müqaviləsi» imzalandı. “Əsrin müqaviləsi” 2050-ci ilə qədər uzadıldı. Qeyd etdiyimiz kimi, iqtisadi müstəqillik siyasi müstəqillik üçün əsasdır. Siyasətində müstəqil olan Azərbaycan bu gün beynəlxalq arenada böyük nüfuz və dəstək qazanmaqda davam edir. Beynəlxalq təşkilatların qərar və qətnamələrində Azərbaycanın mövqeyinə dəstək özünün aydın ifadəsini tapır. Dövlətimizin başçısı İlham Əliyevin böyük siyasi təcrübəsi, diplomatiya elmini dərindən bilməsi ölkəmizin xarici siyasət kursunun uğurla həyata keçirilməsində mühüm rol oynayır. 44 günlük İkinci Qarabağ müharibəsi dövründə dövlətimizin başçısının 30-a yaxın xarici KİV-ə müsahibələri də deyilənlərin təsdiqidir. Cənab İlham Əliyevin hər bir müsahibəsi həqiqətlərimizin, dəyişməz mövqeyimizin təqdimatı, dünyaya ədalət çağırışı idi. Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə, suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət və riayət edilməsi, həmçinin ölkələrin daxili işlərinə qarışmamaq kimi prinsiplər əsasında əməkdaşlığa hazır olduğunu praktikada təsdiqləyib. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına sədrlik etməsi ölkəmizin beynəlxalq miqyasda nüfuzunun və qüdrətinin əyani göstəricisidir.

2020-ci ilin əvvəllərindən başlayaraq dünyanı cənginə almış COVID-19 infeksiyasına qarşı mübarizədə də ölkə Prezidenti İlham Əliyev liderlik təşəbbüslərini öz üzərinə götürərək adını dünya tarixinə yazdırmağı bacardı. Türk Şurasının, Qoşulmama Hərəkatının Zirvə görüşlərinin, BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi Prezident İlham Əliyevin təşəbbüslərinin nəticəsidir. Cənab İlham Əliyev bütün dünyaya bu çağırışı etdi ki, qlobal problemlərə qarşı qlobal mübarizə aparmaq gərəkdir.

Vətən müharibəsində Qələbəmizi şərtləndirən digər amil hərbi güc və Azərbaycan gənclərinin torpaq, Vətən sevgisidir. Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etməyə qadir olduğunu dəfələrlə düşmənə sübut etmişdir. Ötən ilin 27 sentyabrında Ermənistan silahlı qüvvələrinin müxtəlif istiqamətlərdən Azərbaycan ərazilərini atəşə tutması dövlətimizin, xalqımızın səbr kasasını doldurdu, Prezident İlham Əliyevin «hücum» əmrini yüksək səviyyədə cavablandıran Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində nümayiş etdirdiyi unikal əks-hücum əməliyyatları ilə dünyanın hərb tarixinə yeni səhifə yazdı. Bu gün inkişaf etmiş ölkələrin hərbi ekspertləri Azərbaycanın müharibə taktikasını öyrənirlər. Müharibə itkilərsiz olmur. Amma Azərbaycan Ordusu az itki ilə, bir an da  belə geri çəkilmədən 44 günü tariximizə Zəfər günləri kimi yazdı. Bu müddətdə 6 şəhər, 5 qəsəbə, 300-ə yaxın yaşayış məntəqəsi işğaldan azad edildi. Noyabrın 8-də Qarabağın ürəyi Şuşamızın işğaldan azad edilməsi düşməni diz çökdürdü. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Şuşa əməliyyatı aparıcı beynəlxalq hərbi məktəblərin dərsliklərinə salınacaq. Şuşanın işğaldan azad edilməsi düşmənə vurulan ən böyük zərbə idi.

Beləliklə, dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev ata vəsiyyətini şərəflə yerinə yetirdi, xalqına verdiyi digər vədlər kimi, bu sözünə də sahib çıxdı, ərazi bütövlüyümüzü təmin etdi, vaxtilə itirilmiş qürurumuzu özümüzə qaytardı, regionda və dünyada yeni reallıqlar yaratdı. Ən əsası cənab İlham Əliyev bu gün qalib ölkənin qalib Prezidenti kimi işğaldan azad edilmiş ərazilərimizə davamlı səfərlər edərək bu torpaqların əsl sahibinin kim olduğunu Ermənistana və ona havadarlıq edən dövlətlərə çatdırır. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev adını tarixə Azərbaycanın ərazi bütövlüyünü bərpa edən Lider, qalib Sərkərdə kimi əbədi olaraq yazdırdı. 44 günlük İkinci Qarabağ müharibəsinin əsl qəhrəmanına çevrildi.

Göründüyü kimi, zaman Ulu Öndərin 2003-cü ildə xalqa müraciətində ifadə etdiyi inamı təsdiqlədi. Dahi şəxsiyyətin şah əsəri olan müasir müstəqil Azərbaycanı daha da gücləndirən möhtərəm Prezidentimiz İlham Əliyev Ümummilli Liderin vəsiyyətini yerinə yetirdi. Dövlətimizin başçısı Şuşanın işğaldan azad edilməsi müjdəsini Şəhidlər xiyabanından xalqa çatdırarkən bildirmişdir: «Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!»

Heydər Əliyev Fondu Heydər Əliyev irsinin fəal təbliğatçısıdır

Heydər Əliyev irsinin təbliği məqsədilə 2004-cü ildə yaradılan Heydər Əliyev Fondu ötən dövr ərzində bu missiyasını uğurla yerinə yetirməklə yanaşı, müxtəlif sahələrin inkişafına xidmət edən layihələri ilə Azərbaycanın davamlı inkişafına dəstək olub. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətinin əsas istiqamətlərindən biri sosial layihələrin uğurlu icrası, Azərbaycan həqiqətlərinin təbliğinə böyük töhfələr verməkdir. Qarabağ münaqişəsinin əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun xidmətləri misilsizdir. Bununla bağlı faktları özündə əks etdirən kitablar nəşr olunub, müxtəlif dillərə tərcümə etdirilərək ayrı-ayrı ölkələrdə təşkil olunan tədbirlərdə beynəlxalq ictimaiyyətə çatdırılıb. Təbii ki, hər bir addım işğalçı Ermənistanla informasiya müharibəsində qələbəmizə böyük töhfədir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən «Xocalıya ədalət!» beynəlxalq kampaniyası da öz müsbət nəticələrini verməkdədir. Bugünümüzün əsas çağırışı XX əsrin ən dəhşətli faciəsi olan Xocalı hadisələrini soyqırımı kimi tanıtmaq, dünya ictimaiyyətinin ermənilərin əsl simasını görməsi ilə yanaşı, ermənilərin törətdikləri dəhşətli qətliamı düzgün dəyərləndirməsidir.

Təbii ki, bu gün Dağlıq Qarabağ münaqişəsinin tarixə qovuşması, işğaldan azad edilmiş torpaqlarımızda gündən-günə vüsət alan quruculuq və bərpa işləri Heydər Əliyev siyasətinin təntənəsidir. Bu proseslərin davamlı olması üçün Heydər Əliyev irsini daha dərindən öyrənməli, indiki və gələcək nəsillərə çatdırmalı, cənab İlham Əliyevin qeyd etdiyi kimi, hər kəs bilməlidir ki, torpaqları satan kimdir, torpaqları əsarətdən qurtaran kimdir.

Qeyd edilənlərin fonunda bu ümumiləşdirməni apara bilərik ki, ulu öndər Heydər Əliyev siyasətinin uğurlarını bir yazıda tam əhatə etmək qeyri-mümkündür. Bu fikir əbəs yerə söylənilmir ki, Azərbaycan deyəndə Heydər Əliyev, Heydər Əliyev deyəndə Azərbaycan göz önünə gəlir. Ulu Öndərin Azərbaycanın müstəqillik tarixində qoyduğu izlər, gördüyü işlər, ölkəmizin ən yüksək zirvələri fəth etməsi üçün yaratdığı möhkəm təməl bundan sonra da neçə-neçə tədqiqat işlərinin mövzusu olacaq. Zaman bizləri müstəqilliyimizin ilk illərindən uzaqlaşdırdıqca həmin dövrün reallıqlarını, bugünkü uğurlarımızda rolunu daha aydın görürük. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyev hər bir insanın qəlbində özünə bir əbədi abidə ucaldıb. O abidənin adı müstəqil Azərbaycan dövlətidir. Zəfərin mübarək, Azərbaycan!

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir