Cəmiyyət

VƏTƏN MÜHARİBƏSİ ŞANLI TARİXİMİZDİR

Sharing is caring!

Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən təsdiqlənən mükəmməl hərbi strategiya və taktika nəticəsində düşmən tərəfinin 30 il ərzində möhkəmləndirdiyi müdafiə xətləri darmadağın edildi. Düşmən hərbi resurslarını, canlı qüvvələrini, mövqelərini qoyub qaçırdı. Ermənistan silahlı qüvvələrinin qoyub qaçdığı qiymətli atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyatlar və digər sursatlar qənimət kimi götürüldü. Ötən il dekabrın 10-da keçirilən Zəfər paradının ən yaddaqalan məqamlarından və rəmzi kompozisiyalardan biri rəşadətli ordumuzun işğaldan azad olunan torpaqlarda düşməndən qənimət götürdüyü 2000-dən çox avtomobilin nömrə nişanından hazırlanan lövhə idi. Hazırda həmin lövhə yeni fəaliyyətə başlayan Hərbi Qənimətlər Parkında da öz əksini tapıb.
Bizim Ermənistan üzərində Şanlı Qələbəmiz ölkəmizin qüdrətinin göstəricisidir. 44 günlük Vətən müharibəsi gücümüzü, iradəmizi, birliyimizi göstərdi. Göstərdi ki, Azərbaycan xalqı heç vaxt bu vəziyyətlə barışmayacaq. Azərbaycan Silahlı Qüvvələri bu günlər ərzində bir dəfə də geriyə addım atmamışdılar. Ermənistan bir dəfə də uğurlu əməliyyat apara bilməmişdir. Ermənistan ordusunda 10 min fərari olub, özləri bunu etiraf ediblər. Azərbaycan Ordusunda, Silahlı Qüvvələrimizdə bir nəfər də fərari olmamışdır. Yaralanmış hərbçilər, ağır yaralanmış hərbçilər bir amalla yaşayırdılar ki, tezliklə sağalıb yenə də döyüşə qayıtsınlar. Azərbaycan xalqı, Azərbaycan əsgəri, zabiti yüksək mənəvi ruh göstərmişdir.
Bundan sonra Hərbi Qənimətlər Parkını ziyarət edən hər kəs Azərbaycan Ordusunun qüdrətinin şahidi olacaqdır. Hərbi Qənimətlər Parkı müharibənin miqyasını və Qələbənin möhtəşəmliyini göstərir. Buraya gələn hər bir insan Ordumuzun, Silahlı Qüvvələrimizin gücünü görəcək, iradəmizi görəcək. Görəcək ki, Qələbəni əldə etmək nə qədər çətin idi. Çünki düşmən 30 il ərzində işğal edilmiş torpaqlarda möhkəmlənirdi, istehkamlar qururdu, səngərlər, sığınacaqlar qazırdı. Bütün bunlara baxmayaraq, Azərbaycan hərbçiləri qəhrəmanlıq, peşəkarlıq, Vətən sevgisi göstərərək, bütün bu maneələri dəf edərək düşməni məğlub etdilər.
Hazırda Bakıda açılmış Hərbi Qənimətlər Parkı dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Bu, həm də Ermənistanın 30 illik hegemonluğuna son qoyulması barədə dünyaya bir mesajdır. Qardaş Türkiyənin, habelə digər ölkələrin kütləvi informasiya vasitələrinin bu park barədə geniş məqalələr dərc etməsi bir daha təsdiqləyir ki, ölkəmizin qazandığı tarixi Qələbə beynəlxalq ictimaiyyət tərəfindən də yüksək dəyərləndirilir. Məqalələrdə qeyd olunur ki, 44 günlük Vətən müharibəsində döyüş meydanında darmadağın edilən düşmən insanlıq əleyhinə və müharibə cinayətləri törədib. Düşmənin döyüş bölgəsindən uzaqda olan ərazilərə raket zərbələri endirməsi , dinc sakinləri qətlə yetirməsi, faşizmə xas olan xüsusiyyətlərdir. Prezident İlham Əliyevin Ermənistanın müharibədə “İsgəndər M” raketindən istifadə etməsi barədə açıqlaması da kütləvi informasiya vasitələrində yer alıb. Heydər Əliyevin dövründə ermənilər heç vaxt bu cür təxribat və cinayətlərə cürət edə bilmirdi. Çünki bilirdilər, o, nə qədər vəzifədədir, heç vaxt imkan verməz ki, erməni millətçiliyi baş qaldırsın. Necə ki, 1970-1980-ci illərdə Azərbaycana rəhbərliyi dövründə bütün separatçı meyillərin qarşısı elə yerindəcə alınırdı.
Hərbi Qənimətlər Parkı Vətən müharibəsində qazandığımız tarixi qələbəmizin böyüklüyünü, ölkəmizin qüdrətini, xalqımızın ölkə başçısının ətrafında olan sıx birliyini əks etdirir. Bu park həm də bütün azərbaycanlıların and yeridir. Xalqımız bu müharibə ilə bağlı əbədi qürur hissi keçirəcək. Biz müzəffər xalq kimi özümüzü dünyada təsdiq etmişik. Ermənistan isə məğlub edilmiş ölkədir, bizim qarşımızda diz çökmüş ölkədir və həmişə belə olacaq. Bir daha bu möhtəşəm Qələbəni Azərbaycan xalqına yaşadan Müzəffər Ali Baş Komandan, Prezident Cənab İlham Əliyevə və Azərbaycan Silahlı Qüvvələrinə minnətdarlığımızı bildirir, şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr diləyirəm.

Tural Hətəmov, ADPU-in Cəlilabad filialının 2-ci kurs tələbəsi

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir