Cəmiyyət

Erməni Vandalizmi-Emin Bayramov yazır

Sharing is caring!

Tarix boyu çoxsaylı müharibələr olub. Müharibə isə dağıntı deməkdir. Yəni müharibələr nəticəsində ölkələr, şəhərlər, kəndlər və infrastruktur dağılır. Hər zaman belə olub. Amma dağıntıların və faciələrin forması, miqyası, üsulları və dərəcəsi fərqli olub. Qarabağ müharibəsi dağıntıların miqyası baxımından, bəlkə də, ən çox fərqlənən müharibə oldu. Hər dəfə Müdafiə Nazirliyinin Ağdam və Füzulidən yaydığı görüntüləri seyr etdikcə adam dəhşətə gəlir. Onları müqayisə etmək üçün analoq da tapmaq çətindir. Gəlin, bəzi müqayisələr aparaq.
İkinci dünya müharibəsi hələlik tarixdə ən ağır nəticələri və çoxsaylı insan itkiləri ilə yadda qalan müharibə hesab olunur. Bu müharibə Avropanı bütünlüklə, Asiya qitəsinin də geniş bir hissəsini əhatə etmişdi. İkinci dünya müharibəsində də ən çox dağıntıya məruz qalmış şəhərlərdən biri Stalinqrad idi. İndi gəlin, Stalinqradla Ağdamı, Füzulini müqayisə edək. Müqayisə etmək mümkündürmü?! Ağdamda, Füzulidə bir ədəd belə salamat bina qalmayıb. Qədim tarixi olan çoxsaylı kurqanlar, məzarlıqlar və müqəddəs yerlər vəhşicəsinə dağıdılıb, məzarlar, türbələr, məscidlər və xanəgahlar üzərindəki daş kitabələr – o kitabələr ki bu yerlərin əzəli sahiblərinin adı orada həkk olunmuşdu – sındırılaraq, dağıdılaraq məhv edilib. Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocalı da onun kimi. Bu nə dəhşətdir!? Bu nə vəhşilikdir!? Bu nə rəzalətdir!? Barbarlığın, vandalizmin bundan daha betər nümunəsi ola bilərmi?!
Nədənsə, hər dəfə Ağdam və Füzuli şəhərlərinin Müdafiə Nazirliyi tərəfindən yayılan görüntülərini seyr etdikcə qeyri-ixtiyari olaraq ölü şəhərlər olan qədim Pompey və Xirosima gözlərim önünə gəlir. Doğrusu, xəyalən nə qədər axtarsam da dağıntıların miqyasına adekvat olan digər nümunə tapa bilmirəm. Yəni, erməni vandallarının vəhşiliyi nəticəsində Ağdam və Füzuli də, sözün tam mənasında, Pompey və Xirosima kimi ölü şəhərə çevrilib. İstərdim ki, bu müqayisələr zamanı oxucu bir məqama da xüsusi diqqət yetirmiş olsun. Məlum olduğu kimi, qədim Pompey bizim eranın əvvəllərində Vezuvi dağında püskürən vulkanın lavası və toz-dumanı altında qalıb, Stalinqrad hərbi əməliyyatların gedişi zamanı dağılıb, Xirosimaya isə atom bombası atılıb. Ağdam və Füzulidə isə nə vulkan püskürüb, nə də oraya atom bombası atan olub. Nə birinci, nə də ikinci Qarabağ müharibəsi zamanı Ağdam və Füzulidə küçə və barrikada döyüşləri də getməyib. Görüntülərdən aydın olduğu kimi, bu Azərbaycan şəhərləri hərbi əməliyyatlar zamanı deyil, məhz atəşkəsin davam etdiyi illər ərzində ermənilər tərəfindən bilərəkdən məqsədli şəkildə viranəyə çevrilib. Belə bir vandalizm aktını həyata keçirməkdə düşmən tərəfin iki əsas məqsədi olub: 1. Bu yerlərdə həyatın izlərini itirmək; 2. Azərbaycan şəhərlərində binaları və digər infrastrukturu dağıdaraq əldə etdikləri material və avadanlığı mənimsəyərək Ermənistana daşımaq.Tarix boyu, dünyanın heç bir yerində buna bənzər vandallıq olmayıb. Özlərini lallığa, karlığa və korluğa vurmaqla ağızları köpüklənə-köpüklənə demokratiyadan və beynəlxalq hüquqdan dəm vuran Fransa senatorları bütün bunlardan xəbərsizdirmi?! Artıq neçə ildir ki, prezident Makronun özünün də etiraf etdiyi kimi “zorakılıq və irqçiliyin” tüğyan etdiyi Fransada cəmiyyətin böyük bir hissəsini təmsil edən “sarı jiletlərin” etirazları səngimək bilmir. Qoy, Fransa rəsmiləri bu barədə düşünsünlər. Heç bir dövlət, o cümlədən Ermənistanın özü tərəfindən tanınmayan, əslində isə qondarma xunta rejimi olan DQR-ın müstəqilliyini tanımaq pərdəsi altında beynəlxalq hüququn bütün tələblərini kobud şəkildə pozan Fransa sayca DQR əhalisindən 5-10 dəfə çox Marsel və Korsika ermənilərinə müstəqillik versin. Hansı ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Fransanın nüfuzlu “Fiqaro” qəzetinə və “France – 24” telekanalına müsahibələrində Fransa dövlətinin və hakim dairələrinin xarici siyasət fəaliyyətindəki bu disbalansı dəfələrlə onlara xatırladıb. Uzun illərdir ki, müstəmləkə əsarəti altında saxladığı Yeni Kaledoniya və Qəmər Adaları İttifaqına daxil olan Mayot adası əhalisinin iradəsinə, mübarizəsinə, bu məsələ ilə bağlı keçirilən referendumların nəticələrinə və BMT qərarlarına məhəl qoymayan, Marsel və Korsikada yaşayan yüz minlərlə erməninin maraqları və hələ ki, onların gizli saxladıqları separatçılıq niyyətləri barədə düşünməyən Fransa rəhbərləri gərək heç Qarabağın adını belə dilə gətirməyə. Amma nə yazıq ki, bu dünyada hələ də öz gözündə tiri görməyib özgə gözündə tük axtaranlar var.

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir