Cəmiyyət

AZƏRBAYCAN ƏSGƏRİ QƏHRƏMANLIQ NÜMUNƏSİDİR

Sharing is caring!

Danılmaz faktdır ki, qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Düşmənin kapitulyasiyası ordumuzun gücü hesabına əldə olunmuş nəticədir. Müzəffər Azərbaycan Ordusu zəfər çaldı. Taleyimizin tarıxındən nişan verən bu günlərin bariz görüntülərindən biri də insanların görünməmiş birlik, həmrəylik nümayiş etdirməsidir. Dilindən, dinindən, siyasi fikirlərindən asılı olmayaraq, hər bir azərbaycanlının cənab Prezidentin ətrafında sıx birləşərək, həmrəylik göstərməsi Azərbaycan xalqının və onun rəhbərinin qüdrətindən xəbər verir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev Qarabağda Azərbaycan bayrağını öz əli ilə ucaltdı və öz qələbə sevincini xalqla bölüşdü. Bölgələrdə Prezidentin izdihamla qarşılanması ölkəmizdə yaşanan xalq-iqtidar birliyi haqqında xəbər verir. İşğaldan azad olunmuş bölgələrdə qəhrəman Prezidentini qarşılayan qalib xalq öz sevgi və etimadını bir daha nümayiş etdirdi. Hamını birləşdirən Vətən müharibəsi milli birliyin səbəbidir. Xalqın dəstəyi dövlətin tükənməz gücünün mənbəyidir. Xalqın rəğbəti, məhəbbəti və dəstəyini qazanmaq hər bir ölkə başçısı üçün ən böyük mükafatdır. Siyasətdə və cəbhədə, diplomatiyada və hərbi strategiyada üstünlük qazanmış Prezident İlham Əliyev bu zəfərin müəllifidir.

Bəli, zaman-zaman döyüş meydanlarında qılınc çalmış şir biləkli cəngavər oğulları, qəhrəman insanları ilə ad qazanmış bir millətin qalibiyyətə inamı olmasa, milli ləyaqətdən danışmağa dəyməz. Milli-mənəvi birliyimiz, Vətən oğullarının doğma el-obaya sədaqəti, mərdliyi və mətinliyi belə günlərdə özünü daha bariz şəkildə göstərdi. Bu oğullar öz xalqının əsrlərin sınağından çıxmış milli xüsusiyyətlərinin mahir daşıyıcılarıdır, onların igidlik nümunələrində xalqın, millətin köklü duyğuları yaşayır. Milli mentalitetimiz, milli ləyaqətimiz məhz xalqın qiymətli potensialı olan belə oğulların çiyinlərində yüksəlir.

Prezident bildirib ki, onlar yetişdi, onlar vətənpərvərlik və fədakarlıq göstərərək canlarından keçdilər, şəhid oldular, qazi oldular, qəhrəmanlıq göstərdilər və tarixi ədaləti bərpa etdilər: “Ondan sonra hansı hazırlıq işləri aparılmalı idi? Əlbəttə, iqtisadi hazırlıq. İqtisadi hazırlıq olmadan heç nəyi etmək mümkün deyil. Ermənistandan fərqli olaraq, Azərbaycana heç kim kömək etmirdi. Biz hər şeyi öz hesabımıza əldə etmişik. Ermənistan kimi heç vaxt gedib qapı-qapı gəzməmişik, özümüzü alçaltmamışıq, yalvarmamışıq, heç kimdən yardım istəməmişik. Ona görə iqtisadi müstəqillik həm hazırlıq baxımından, həm siyasi müstəqilliyin möhkəmləndirilməsi baxımından əsas şərt idi. Buna da nail olduq.
Həmişə dövlətin, dövlətçiliyin yanında olan rayonumuzun sakinlərinin bu dəfə də xalqımızla birlikdə olması bizim üçün xüsusilə qürurvericidir. Cəlilabadlılar ötən əsrin sonlarındakı Qarabağ döyüşlərində, 2016-cı ilin aprel döyüşlərində necə mərd, torpaqcanlı olduqlarını dəfələrlə sübuta yetirmişdilər. Bu dəfə də gənclərin silaha sarılaraq yağı düşmənə qarşı vuruşmağa hazır olduqlarını bildirməsi, rayon çağırış və səfərbərlik xidmətinə qısa müddətdə xeyli gəncin müraciəti bunu əyani şəkildə təsdiqləyirdi. Bu birlikdən, bütövlükdən necə sevinməyəsən, qürurlanmayasan?! Biz cəlilabadlılar əsgərlərimizin igidlikləri, mərdlikləri ilə fəxr edirik, müqəddəs torpaqlarımız uğrunda canlarını qurban verənləri daim qəlbimizdə yaşadacağıq.
Bu gün bir daha vurğulamaq istəyirik ki, qeyrətli, dəyanətli və cəsur oğulların rəşadətli yürüşünə yüksək səviyyədə rəhbərlik edən Prezidentimizin sayənizdə xalqımız üzümüzə gələn 2021-ci ildə də qələbələrə doğru daha iri addımlar atacaq, şöhrətlənəcək, varlanacaq, yaşayacaqdır. Torpaqlarımızı erməni tapdağından azad edən bütün əsgərlərimizə möhkəm can sağlığı, güc-qüvvət arzu edirik. Azərbaycanımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş əsgərlərimizə Allahdan rəhmət, yaralılara şəfa diləyirik.
“Dəmir yumruq” əməliyyatında Ermənistan ordusu eyni zamanda mənəvi məğlubiyyətə uğrayıb. Müharibə dövründə Ermənistan ordusunda 10 mindən çox fərari olub. Təcavüzkar Erməni əsgəri haqq uğrunda savaşan Azərbaycan əsgəri qarşısında dura bilmədi. Azərbaycan Ordusunda bir dənə də fərari olmayıb. Yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın, biz qayıdaq döyüş meydanına, biz öz missiyamızı başa vurmalıyıq. Azərbaycan xalqı öz böyüklüyünü göstərdi, yüksək mənəvi ruhunu göstərdi. Biz birlik, iradə, əzmkarlıq, milli ruh göstərərək tarixi missiyamızı yerinə yetirdik.Azərbaycan səbirli və qəhrəman xalqdır. Azərbaycan xalqı Qələbəni 30 ilə yaxın müddət ərzində gözləyirdi, 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini gözləyirdi. Müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirə bildi. Ermənistan ordusu demək olar ki, yoxdur, məhv edilib. Biz bu torpaqlara Azərbaycan xalqının, şəhidlərimizin canı, qanı bahasına, qəhrəmanlarımızın şücaəti hesabına qayıtmışıq. Hər bir Azərbaycanlı hərbiçi qəhrəmandır. Eşq olsun Azərbaycan xalqına!

Simran Əlizadə
Cəlilabad rayon sakini, Vətən mühariəbsi qazisi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir