Cəmiyyət

BİRGƏ YAŞAYIŞIN ƏSAS ÜSULU ƏMƏKDAŞLIQDIR

Sharing is caring!

Fevralın 26-da yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirən Prezident İlham Əliyev verilən suallara cavablarında bir daha Azərbaycanın hərbi qələbəsini və eləcə də müharibədən sonrakı proseslər barədə vəziyyəti həm yerli, həm də xarici auditoriyanın diqqətinə çatdırdı. Dövlət başçısı 35-dən artıq yerli və xarici KİV-in əməkdaşlarının 50-yə yaxın sualını cavablandırdı. .Kənardan baxana döyüş asan gəlir, Prezidentin jurnalistlərlə bu görüşü yaxşı mənada fikir qalibini müəyyən etdi. Qeyd edək ki, 44 gün davam edən müharibə ərzində Prezident İlham Əliyev 26 nüfuzlu xarici KİV-ə müsahibə vermişdi. Onların demək olar ki, hamısı dünyada tanınan media qurumları idi. Həmin müsahibələr müharibə günlərində Azərbaycana qarşı informasiya cəbhəsi açan dünya erməniliyinə və erməni təəssübkeşlərinə böyük zərbə vurmuş, əsl həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında böyük rol oynamışdı.
Həqiqətsə bu idi ki, İkinci Qarabağ müharibəsində qalib gələn Azərbaycan bölgədə tamamilə yeni reallıqlar yaradıb. Bu savaşın nəticəsində respublikamızın ərazi bütövlüyü təmin olunub, Ermənistanın işğal siyasətinə son qoyulub. İlham Əliyevin uğurlu diplomatiyası dünya erməniliyinin beynəlxalq miqyasda ölkəmizə qarşı apardığı qarayaxma kampaniyasının da qarşısını qətiyyətlə alıb. Hazırda üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq regionda sülhün və təhlükəsizliyin təmin olunmasına xidmət edən layihələrin həyata keçirilməsi istiqamətində işlər davam edir.
Prezident konfransda bir daha bəyan etdi ki, Azərbaycanın məqsədi artıq üçtərəfli qaydada – Ermənistan və Rusiya ilə birlikdə kommunikasiyaların bərpası, Zəngəzur dəhlizinin yaradılması, nəqliyyat baxımından bütün maneələri aradan qaldırmaqdır. Bu məqsəd baş tutarsa, Ermənistanın özü bundan faydalana bilər. Atılan bütün addımlar gələcəyə xidmət etməlidir, Erməni əhalisinin yaşadığı ərazilərin inteqrasiyası labüd prosesdir. Nəzərə alaq ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır, bizdə fərqli danışan insanların hər cür hüquq və imtiyazları mövcuddur. Onların hamısı ümumi qaydada təhsilə cəlb olunur, erməni icması da bu hüquqlardan istifadə edə bilər.
Azərbaycan dini abidələr ilə zəngin olan diyardır. Burada xristian dininə mənsub olan abidələr var: alban kilsələri, Kiş kilsəsi, Xudavəng kilsəsi. Artıq işğaldan azad olunmuş Xudavəng kilsəsi öz sahiblərinə, udi qardaşlarımıza qaytarılıbdır. Baxmayaraq ki, ermənilər bunun həm adını dəyişdirdilər, həm də orada aparılan saxtakarlıq işləri nəticəsində onun görünüşünü dəyişdirdilər, onu erməniləşdirmək istədilər, amma buna nail ola bilmədilər. Udi qardaşlarımız artıq Xudavəng kilsəsində öz ibadətlərini etmişlər. Qafqaz Albaniyasına aid olan bütün digər kilsələr, o cümlədən Nic qəsəbəsindəki kilsə. Heydər Əliyev Fondu tərəfindən təmir olunan bu kilsə müharibə zamanı açılıb və Azərbaycana qarşı əsassız ittihamlar irəli sürənlərə ən gözəl cavab məhz budur;
Mədəni və dini abidələrin qorunması daim diqqət mərkəzində olmalıdır. Prezident İlham Əliyevin təşəbbüsü ilə çox tarixi abidələr bərpa edilib. Ancaq bu gün dözülməz vəziyyətdə olan kifayət qədər tarixi abidələr var. Yararsız vəziyyətdə olan bu mədəniyyət ocaqlarının qısa müddət ərzində təftişi aparmalıdır, siyahıya alınmalıdır, yeni siyahılar tərtib edilməlidir. Çünki vaxtilə dövlət tərəfindən qorunan abidələrin siyahıları dəqiq tərtib edilməmişdir. Orada qərəzli yanaşma var idi. Bəzi binalar o siyahıdan çıxarılırdı ki, sonra onlar satışa çıxarılsın. Belə hallar da var. Yəni, bu siyahılarla bağlı aparılan manipulyasiyalar, əlbəttə ki, mədəni irsimizə çox böyük zərbə vurdu.
Mətbuat konfransında bir daha bəyan edildi ki, davamlı ümumbəşəri sülh sosial-siyasi dəyərdir və regionun inkişafını təmin rdən əsas amildir. Hazırkı zamanda sülhə nail olmaq prioritet vəzifədir, düşmənçilik, revanş məsələləri bir kənara qoyulmalıdır. Doğrudan da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatlar, sülhsevər xarici siyasət kursunun əsas leytmotivini dünyada ərazi bütövlüyü prinsiplərinə sadiqlik, siyasi müstəqilliyə qarşı güc tətbiq etmənin yolverilməzliyi, terrorçuluğun bütün təzahürlərinə qarşı barışmazlıq, dinlərarası dialoqun, multikulturalizmin inkişafı sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi, insan hüquq və azadlıqlarına hörmət kimi sülhsevər prinsipləri təşkil edir.
Təcrübə göstərir ki, nüfuzlu siyasi liderlərə hər zaman yüksək beynəlxalq maraq olub. İlham Əliyevin isə öz fəaliyyəti, cəsarətli və müstəqil siyasəti, beynəlxalq məsələlərlə bağlı qətiyyətli mövqeyi, dünyada sülhə və təhlükəsizliyə verdiyi töhfələr ilə hər zaman dünyanın yüksək ehtiram olunan dövlət başçıları sırasında dayanıb. Vətən müharibəsindəki Qələbə isə həm Azərbaycanın, həm də onun rəhbərinin nüfuzunu daha da yüksəltdi.
Bir sözlə, mətbuat konfransının ruhunu Azərbaycanın qələbəsi təşkil etdi. Dövlət başçısı sualların hər birini sonadək dinləyib olduqca əhatəli və dolğun şəkildə cavablandırdı. Bu cavablar və mesajlar bu gün Azərbaycanımız üçün həyati əhəmiyyət kəsb edir, belə hesab edirik ki, bu problemin ən dürüst həlli yolu möhtərəm Prezidentimiz tərəfindən bəyan edilmişdir. Var olun, cənab Prezident! Azərbaycanın, onun cənnət guşəsi olan Qarabağın yüksəlişi Sizin əlinizdədir!

Ədalət Əsgərov
Cəlilabad Rayon Ağsaqqallar Şurasının sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir