Cəmiyyət

TARİXİN İBRƏT DƏRSİ

Sharing is caring!

Prezident İlham Əliyevin Ramana qəsəbəsindəki görüşlərində irəli sürdüyü müddəlar sadə insanların ürəyindən xəbər vermişdir. Dövət başçısı cəmiyyəti narahat edən, gələcəyə böyük ümidlər doğuran tezislərini bir daha bəyan etmişdir.    
      Prezident qeyd edib ki, Azərbaycan ordusu kifayət qədər güclüdür, konkret olaraq BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icrasını təkbaşına həyata keçirib. Biz Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisini bərpa etmişik. Bundan sonra da ordumuzu gücləndirir, onu ən müasir silahlarla təchiz edirik. Azərbaycan gənclərinin döyüş və vətənpərvərlik ruhu çox yüksəkdir. Onlar Vətən Müharibəsində böyük şücaət nümayiş etdirmişlər. Bütün Azərbaycan xalqı, milli mənsubiyyətindən asılı olmayaraq, bütün övladlarımız bir yumruq kimi birləşərək düşməni məğlub edib, torpaqlarımızı işğaldan azad ediblər. Bu isə böyük tarixi hadisədir, Azərbaycan tarixində buna bənzər parlaq qələbə olmamışdır, dövlətimiz bütün dünyaya öz güecünü, nəyə qabil olduğunu nümayiş etdirmişdir. 
        Ermənistanda isə siyasi böhran getdikcə dərinləşir, iqtisadiyyat tənəzzülə uğrayıb, hakimiyyət kürsüsündə olanlar bir-birlərini ittiham edirlər. Hətta oradakı iqtidar-müxalifət qarşıdurması elə bir səviyyədədir ki, kütləvi həbslər baş verir. Onların arxayın olduğu havadarları artıq bir o qədər də Ermənistanı dəstəkləmir. Çünki hər şey göz qabağındadır. Ermənistan öz çirkin, murdar əməlləri ilə bütün beynəlxalq aləmdə özünü tam olduğu kimi göstərir. Paşinyan psixoloji gərginlik içərisindədir.  O hər yola əl atır və atacaq, hər kəsin dabanını yalaya-yalaya kömək istəyərək, özünü digər dövlət başçılarının yanında günahsız kimi göstərməklə xal qazanmaq istəyir. Amma bunu heç bir zaman görməyəcək. Ermənistan məğlub ölkədir, məhz o ölkənin rəhbərlərinin  yürütdüyü siyasət öz  dövlətlərini uçuruma aparmışdır. Onların bir yolu var, o da bizim qələbəni qəbul etməkdir. Məhz buna görə işğalçı ölkə bədnam siyasətinə dərhal son qoymalıdır.  
        Bu gün erməni mətbuatı Qarabağda Azərbaycan ordusunun apardığı uğurlu əməliyyatlara kölgə salmaq və qonşu dövlətləri yanlış mövqelərə cəlb etmək səyləri göstərir, Ermənistanı haqlı, Azərbaycan dövlətini isə haqsız çıxarmağa çalışır. Ermənilər sübutsuz yalanlat tirajlayır və böyük dövlətləri Azərbaycanın üzərinə qaldırmağa cəhd göstərirlər. Məqsəd isə bəllidir Hal-hazırda ermənilərin kütləvi informasiya vasitələrində dövriyəyə buraxdıqları iftiralara  baxanda düçünürsən ki, həqiqətənmi ermənilər bu gün dünyada sürətlə inkişaf edən texnoloji imkanlardan xəbərsizdilər? Əsla yox! Bunlar müxtəlif illərdə xalqımıza qarşı alçaqcasına törətdikləri cinayətləri ört-basdır etmək üçün əks-təbliğat aparmaqda davam edirlər. 
        Diqqət çəkən mühüm tezislərdən biri budur ki, Azərbaycanla Ermənistan arasındakı fərq göz qabağındadır. Azərbaycan birmənalı olaraq şərq mədəniyyəti ilə qərb mədəniyyətinin qovşağı, sivilizasiyalararası dialoqun əvəzolunmaz məkanı kimi tanınır. Ölkəmizdə saysız-hesabsız beynəlxalq tədbirlərin, dünya səviyyəli humanitar forumların, idman yarışlarının keçirilməsi məhz tolerantlığımızın və qonaqpərvərliyimizin yaratdığı imkanlar hesabına mümkün olmuşdur. Azərbaycanda mövcud olan tolerantlıq, birgəyaşayış və millətlərarası anlaşma dünyaya nümunədir. Ermənilərsə yalan, böhtan  və iftiralarla dolu şaiyə xarakterli məlumatlarını günümüzdə də tətbiq etməyə cəhd göstərirlər. 
        Təcavüzkar dövlət abidələrimizi yerlə yeksan etmişdir. Hamıya yaxşı məlumdur ki, işğalçı erməni qüvvələri əcdadlarımızın qiymətli ənənələrini, yaratdığı memarlıq nümunələrini dağıtmış, bununla da dünya miqyaslı mədəniyyət tarixinə böyük ziyan vurmuşdur.. Qədim Alban xristian kilsələrinin saxta yollarla “erməniləşdirilməsi” və qədim müsəlman dini abidələrinin təhqir olunması, zəngin fauna və flora mənbəyi olan meşələrin yandırılaraq məhv edilməsi, qlobal ekoloji tarazlığın kobud şəkildə pozulması Ermənistan işğalçılığının insanlığa yaraşmayan nəticəsidir. Maddi-mənəvi dəyərlərin məqsədyönlü şəkildə məhv və talan edilməsi, mənimsənilməsi, tarixin saxtalaşdırılması təcavüzkar siyasətin əyani sübutudur  Zəbt edilmiş ərazilərdəki çoxəsrlik sənət nümunələrinə qarşı qəddar münasibət beynəlxalq hüquq normalarına və beynəxalq konvensiyalara tamamilə ziddir. Bu sənədlərə əsasən, işğalçı ölkə Azərbaycan ərazilərində törədilən vandalizm aktlarına görə birbaşa hüquqi məsuliyyət daşıyır. Ermənilər bilməliydilər ki, tarixi mirasın məhv edilməsi bəşəriyyəti əsrlər boyu mövcud olmuş qiymətli sərvətlərdən məhrum edir. 
        Erməni ünsürləri yaxşı bilirlər ki, vaxtilə himayədarlarının vasitəsilə azərbaycanlılara qarşı törətdikləri soyqırımın, işgəncələrin, təhqirlərin hesabı onlardan soruşulacaq.   Bununla belə humanitar təşkilatlar, ölkəmizdə yaşayan dini icmaların üzvləri bəşəri mahiyyətli tarixi abidələrin məhv edilməsinə yönəlmiş cinayət əməllərini qətiyyətlə pisləyir və beynəlxalq ictimaiyyəti buna laqeyd qalmamağa çağırır. Bu, hər bir Azərbaycan vətəndaşının tarix qarşısında vicdani borcudur.

Cəlilabad rayon Göytəpə şəhər 1 nömrəli tam orta məktəbin müəllimi Samirə Əmrahova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir