Cəmiyyət

Qürurumuz və bayrağımız yüksəklərdədir!

Sharing is caring!

Azərbaycan Prezidenti cənab İlham Əliyevin Bakının Ramana qəsəbəsindəki şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində bir daha gördük ki, dövlətimiz öz sosial siasətinin strateji prioritetlərinə daim sadiqdir.
Belə ki, 9200-ə yaxın şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin olunub, təkcə keçən il 1572 mənzilin açarı şəhid ailəsi və müharibə əlillərinə təqdim olunub. Bu il isə 3 minə yaxın şəhid ailəsi mənzillərlə təmin olunacaq. Əlavə olaraq, müharibə əlillərinə 7200 minik avtomobili verilmişdir. Bunlar heç də kiçik rəqəmlər deyil, dünyanın müharibə dalğasından yenicə çıxmış heç bir ölkəsində şəhid ailələrinə və müharibə əlillərinə bu səviyyədə diqqət göstərilmir, yəni bu məsələ dövlətin prioritet vəzifəsidir. 
Azərbaycan Prezidentinin bu günlərdə gördüyü tədbirlər millətin varlığının, onun dövlət qurmaq bacarığının simvoludur. Görürük ki, bizim də dünya ailəsində sayılıb-seçilən dövlətimiz var. Söhbət əsrlər uzunu imperiyalar, dövlətlər quran, dünyaya mədəniyyətlər bəxş edən ləyaqətli, qürurlu bir millətin yaratdığı dövlətdən gedir. Biz Vətən müharibəsində bir daha öz  bayrağımızı yüksəltdik və bu bayraq indi dünyada bir çoxlarının gözü önündə qürurla dalğalanır. Bu bayrağı aparan yollar möhtəşəmdir. Bunlar bir-iki günün və hərbi əməliyyatların davam etdiyi günlərin daxilində baş verən proseslər deyil. Bu yolu qət etmək üçün Ali Baş Komandanımız uzun illər vaxt sərf edərək həm iqtisadiyyatı, həm də ordunu gücləndirdi, Azərbaycan, cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin beynəlxalq nüfuzunun artması istiqamətində ciddi addımlar atdı, mövqelərimizi möhkəmləndirdi. 
Fikir verin, Azərbaycan tərəfinin dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, müharibənin gedişində Ermənistan tərəfindən hərbi cinayətlər və dinc əhalinin atəşə tutulması davam etdirildi. O günlər ərzində bir daha gördük ki, Ermənistan ötən 30 il ərzində, sadəcə olaraq, vaxt udmaq, danışıqlarda imitasiya aparmaq və status-kvonu əbədi etmək fikrində imiş. Mülki vətəndaşlarımızın beynəlxalq miqyasda qadağan olunmuş raketlərlə hədəfə alınması və dinc əhalinin daima atəş altında saxlanılması onların riyakar planlarının bir hissəsi idi.  Düşmən,  döyüş və hərbi əməliyyatlar zamanı ordumuzun uğurla irəliləməsinin qarşısını almaq məqsədi ilə ekoloji terror, zəhərli və söndürülməsi mümkün olmayan maddələrdən istifadə edərək, meşələri yandırmaqla ətraf mühitin qorunması üzrə beynəlxalq konvensiyalara qarşı çıxırdı,  hərbi cinayətlər törədərək, dünyaya öz işğalçı və terrorçu imicini bir daha tanıdırdı.
Bütün bunlara baxmayaraq gələn bəla qarşısında məğrur dayanan, öz Ali Baş Komandanına və ordusuna güvənən Azərbaycan xaqlı düşmənin bütün planlarını alt-üst etdi. Cənab Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan ordusu bütün istiqamətlərdə düşmənin layiqli cavabını verdi.  
Bu aspektdən əldə olunan nəticə böyük uğurdur. Baxın, Ermənistan əslində daha öncə təklif olunan şərtlərlə razılaşıb, kapitulyasiyanı qəbul edib daha az itkilərə yol verərək bu prosesdən çıxa bilərdi. Təəssüflər olsun ki, Ermənistan siyasi rəhbərliyinin və ultra-millətçi ermənilərin düşüncəsi buna çatmadı. Özgələrinin torpağında gözü olan bu toplum həm də mütləq cəzalanmalı idi ki, reallığın nədən ibarət olduğunu başa düşsün və anlasın ki, başqa xalqın torpaqlarını mənimsəmək yolverilməzdir. Qonşularla sülh şəraitində yaşamaq lazımdır.      
Beynəlxalq təşkilatların doğru olmayan fəaliyyətinin nəticəsidir ki, Azərbaycan və Ermənistan arasındakı Dağlıq Qarabağ konflikti bu səviyyəyə gəlib çatdı. Bu, birbaşa onların məsuliyyətidir. Biz sadəcə Dağlıq Qarabağ üzərində suveren hüquqlarımızı bərpa etmədik və təkcə Qarabağı qaytarmadıq, bütövlükdə həm də millət olaraq gücümüzü və potensialımızı dünyaya göstərə bildik. Qürurumuzu qaytardıq və bayrağımız qədər ucaltdıq. Bu gün Azərbaycanın Qarabağ torpağında dalğalanan üçrəngli bayrağımız möhtəşəmliyi ilə görənləri heyran edir,  hər bir azərbaycanlının qəlbində böyük sevinc, iftixar hissi doğurur. Biz bütün bunlara görə möhtərəm Prezidentimiz İlham Əliyevə təşəkkürümüzü bildiririk. Çünki onun gördüyü işlər Vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir. Arzu edirik ki, cənab Ali Baş Komandanın komandanlığı altında Qarabağda ucalan bayrağımız hər zaman yüksəklərdə dalğalansın!
Elçin Abbasov  Cəlilabad rayon Alar kənd 2 nömrəli tam orta məktəbin fizika-riyaziyyat müəllimi  


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir