Cəmiyyət

Xocalı – beynəlxalq hüquqla “SOYQIRIM” kimi tanına bilərmi?

Sharing is caring!

Bəşər tarixində kütləvi qətliamların və dəhşətli insan qırğınlarının olmasına baxmayaraq belə əməllərin “soyqırım” kimi tanınması və hüquqi status alması II Dünya müharibəsindən sonra yaranmışdı.
Beynəlxalq hüquqda terminə çevrilmiş “genosid” yunan dilində “genos” (nəsil, kök, soy), latın dilində “caedo” (səslənməsi “sid” – “öldürürəm”) mənasını verən sözlərinin birləşməsidi. İlk dəfə 1944-cü ildə yəhudi mənşəli polşalı hüquqşünas Rafael Lemkin tərəfindən yəhudilərinin faşistlər tərəfindən milli mənsubiyyətinə görə kütləvi şəkildə, dövlət səviyyəsində, planlı surətdə məhv edilməsi siyasətini ifadə edən bir termin kimi işlədilmişdi. Bundan sonra isə beynəlxalq hüquqda insan qruplarının milli, etnik, irqi, dini mənsubiyyətinə görə kütləvi şəkildə məhv edilməsinə yönələn cinayət əməlləri “soyqırım” adlandırılmağa başlandı.
BMT-nin Baş Məclisi 11 dekabr 1946-cı il tarixli 96 saylı qətnaməsi ilə soyqırımın beynəlxalq hüquq normalarını pozduğunu, xeyirxah bəşəriyyətin ruhuna və məqsədlərinə zidd olduğunu, sivil dünyanın onu pis bir əməl kimi səciyyələndirdiyini nəzərə alaraq soyqırımı əməllərinin cinayət kimi qiymətləndirilməsini zəruri hesab etdi. Buna görə də 1948-ci ilin 9 dekabrında “Soyqırım” cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında” BMT Konvensiyası qəbul edilərək, 1951-ci il yanvarın 12-dən qüvvəyə minib.
Konvensiyanın 2-ci maddəsinin tələbinə görə milli, etnik, irqi, yaxud dini qrupun üzvlərinin öldürülməsi, onlara ağır bədən xəsarətlərinin yetirilməsi, hər hansı qrup üçün qəsdən onu tam, yaxud qismən fiziki məhvini nəzərdə tutan həyat şəraitinin yaradılması, bu qrupdan olan doğumun qarşısını almağa yönəldilmiş tədbirlərin görülməsi, uşaqların zorla bir insan qrupundan alınıb başqasına verilməsi kimi hərəkətlər “soyqırım” hesab edilir.
Həmin Konvensiyanın 3-cü maddəsinin tələbinə görə soyqırımı, belə əməlləri törətməyə yönəlmiş gizli sövdələşmə, soyqırımı cinayətlərini törətməyə birbaşa və açıq təhrik, soyqırımı törətməyə yönəlmiş qəsd və soyqırımında iştirak etmək kimi əməllərin hər hansı birini törətmiş şəxslər, soyqırımı cinayətini törətmiş hesab olunur və cəzalandırılırlar.
İndiyə kimi “Soyqırım cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında” 9 dekabr 1948-ci il tarixli konvensiyaya 150-yə yaxın ölkə qoşulub. Azərbaycan 31 may 1996-cı ildə, Ermənistan isə 1993-cü ildən həmin Konvensiyanı ratifikasiya etmişdir.
Cinayətlərin “soyqırım” kimi tanınması yeni olsa da ölkəmiz rus-erməni vəhşiliyi nəticəsində belə əməllərin dəfələrlə obyekti olmuşdur. Elə buna görə də 26 mart 1998-ci tarixli Prezident fərmanı ilə 31 mart “Azərbaycanlıların soyqırımı günü” kimi qeyd edilir. Həmin fərmanda 1905-1907, 1918-1920, 1948-1953, 1988-1994-cü illərdə azərbaycanlılara qarşı ermənilər və onların dəstəkçiləri tərəfindən sistemli şəkildə soyqırımı cinayətlərinin törədildiyi xüsusi vurğulanmışdır.
Bununla yanaşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə “Soyqırım” (maddə 103), “Soyqırımın törədilməsinə təhrik etmə” (maddə 104) kimi cinayət məsuliyyəti müəyyən edən maddələr əlavə edilmişdir.
XIX əsrin əvvəllərindən Cəbuni Qafqaza köçürülən ermənilər azərbaycanlılara qarşı dəfələrlə etnik, milli və dini zəmində cinayətlər törətmişlər. Növbəti dəfə 1988-ci ilin fevral ayından başlayaraq Ermənistan ərazisində tarixi torpaqlarında yaşayan soydaşlarımız və daha sonra işğal məqsədi ilə Azərbaycanın keçmiş Dağlıq Qarabağ və ətraf rayonlarında yaşayan vətəndaşlarımız milli, etnik və dini mənsubiyyətinə görə qovulmağa, öldürülməyə və ən qəddar cinayətlərə məruz qaldılar.
Belə cinayətlərdən xüsusi ilə ağır ictimai təhlükəliliyi və vəhşiliyi ilə seçilən Xocalıda, 26 fevral 1992-ci ildə yaşandı. Nəticədə 613 nəfər, o cümədən onlardan 106 nəfər qadın, 63 nəfər uşaq və 70 nəfər qoca xüsusi qəddarlıqla öldürüldü, 8 ailənin həyatına tamamilə son qoyuldu, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərdən birini itirdi, 487 nəfər ağır yaralandı, 1275 nəfər girov götürüldü, o cümlədən onlardan 150 nəfərinin taleyi haqqında indiyə qədər heç bir məlumat yoxdur.
Tariximizin ən qanlı günü kimi yaddaşımıza həkk olunan “Xocalı faciəsi” ilə əlaqədar Azərbaycan Respublikası Baş prokurorluğu tərəfindən aparılmış istintaqda – Azərbaycan Respublikası CM-nın 103 (soyqırım), 104 (soyqırımın törədilməsinə təhrik etmə), 105 (əhalini məhv etmə), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 115 (müharibə qanunlarını və ədaləti pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüququ pozma), 117 (silahlı münaqişə zamanı cinayətkar əmr vermə), 118 (hərbi soyğunçuluq) maddələrinin tərkibi sübut edilmiş, ermənilərin törətdikləri qətliam hərəkətlərində sülh və insanlıq əleyhinə və müharibə cinayətlərinin olduğu qeyd edilmişdir.
Aparılmış istintaq işində cinayətin Rusiyanın Cənubi Qafqazda yerləşən 4-cü ordusunun 23-cü diviziyasının 366-cı motoatıcı alayının rus və erməni əsilli çoxsaylı zabit və çavuş heyətinin həmçinin, Azərbaycan və Ermənistan vətəndaşları olan Seyran Ohanyan (sonra Ermənistanın müdafiə naziri oldu), “Dağlıq Qarabağ separatçı qüvvələri”nin qərargah rəisi Arkadi Tomasyan, müdafiə naziri Serj Sarkisyanın (sonra Ermənistan prezidenti oldu), həmin vaxt Xankəndi şəhər daxili işlər şöbəsinin rəisi işləmiş Armo Abramyanın, Əsgəran rayon daxili işlər şöbəsinin rəisi işləmiş Mavrik Qukasyanın, onun müavini Şaqen Barseqyanın, Dağlıq Qarabağın erməni xalq cəbhəsinin sədri olmuş Vitali Balasanyanın, Xankəndidə yerləşən həbsxananın rəisi Serjik Koçaryanın, hərbi qulluqçular Slavik Artunyanın, Andrey İşxanyanın, Sergey Beqlaryanın, Movses Akopyanın, Qriqori Kisebekyanın, Vacik Mirzoyanın, Vacaqan Ayriyanın, Aleksandr Ayrapetyanın, Karo Petrosyanın, Vitali Balasanyanın, Seyran Tumasyanın, Valerik Qriqonyanın və digərlərinin bilavasitə iştirak etdikləri hərbi qüvvələrin iştirakı ilə törədildiyi və sonradan prezident olmuş Robert Köçəryanın və digərlərinin təşkilatçılıq və rəhbərlik etdiyi qeyd olunmuşdur.
Baş prokurorluq faciəni “soyqırım” cinayəti kimi qiymətləndirib. Amma bu zamana kimi cinayətin təşkilatçıları, icraçıları və köməkçiləri tam müəyyən edilsə də, onları cinayət məsuliyyətinə cəlb etmək mümkün olmamışdır.
Azərbaycan Respublikasının Cinayət və Cinayət-Prosessual məcəllələri Xocalıda “soyqırım” kimi ağır cinayətləri törətməkdə ittiham olunan şəxslərin cinayət işlərinə Azərbaycan Respublikasının məhkəmələrində baxılması imkanını versə də cinayətin iştirakçılarının başqa ölkədə olmaları və bir çoxları yüksək statuslu şəxs olduqları üçün aydındır ki, həmin şəxslərin istintaqa və məsuliyyətə cəlb olunması üçün milli qanunvericliyimizin normalarının gücü kifayət etmir.
Xocalı faciəsini beynəlxal hüquqla “soyqırım” kimi tanıda, təqsirkarları cinayət məsuliyyətinə cəlb edə bilərikmi?
Əmələ cinayət hüquqi qiymət vermək üçün beynəlxalq əhəmiyyətli 2 məhkəmə mövcuddur və bunlar BMT-nin orqanlarıdır;
– Beynəlxalq Cinayət Məhkəməsi
– Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutu.
– Beynəlxalq Cinayət Məhkəməsi üzrə;
BMT Nizamnaməsinin 92-ci maddəsinə əsasən Beynəlxalq Məhkəmə Birləşmiş Millətlər Təşkilatının əsas məhkəmə orqanı hesab olunur. Baş Məclis və ya Təhlükəsizlik Şurası Beynəlxalq Məhkəmədən istənilən hüquqi məsələ üzrə məsləhət xarakterli rəy verməyi xahiş edə bilər. Məhkəmənin Nizamnaməsinə görə – məhkəmənin yurisdiksiyasına dövlətlərin ona təqdim etdiyi bütün işlərə, o cümlədən BMT Nizamnaməsində və konvensiyalarında xüsusi olaraq göstərilmiş bütün məsələlər üzrə işlərə baxa bilərlər. Amma Məhkəmənin Nizamnaməsinin 34-cü maddəsinin tələbinə görə “yalnız dövlətlər bu məhkəmənin baxdığı işlərdə tərəf ola bilərlər”. Yəni, ayrı-ayrı fiziki şəxslərin törətdikləri cinayət işlərinə baxmaq statusuna malik deyildir.
Belə olduq da biz, Xocalı soyqırımının Ermənistan dövləti tərəfindən törədilməsini sübut etməliyik. Amma həmin hadisə rus hərbiçilərinin və erməni əsilli Azərbaycan və erməni vətəndaşları olan şəxslərin iştirakı ilə törədilib. Həmçinin, Baş prokurorluğunun apardığı istintaq işində də təqsirləndirilənlər fiziki şəxslərdi.
Digər tərəfdən isə Azərbaycan Respublikasının qoşulduğu BMT-nin “Soyqırımı cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında” 9 dekabr 1948-ci il konvensiyasının 6-cı maddəsi bu cinayət işinə beynəlxalq hüquq normaları cərçivəsində hüquqi qiymət verilməsi imkanını tanıyır. Belə cinayətlərə görə məhkəmələrin yaradılmasının şahidi də olmuşuq.
Tarixin ən qəddar müharibələrindən olan II dünya müharibəsindən sonra bəşəriyyət əleyhinə törədilmiş ən ağır cinayətlərə görə Nürnberq Beynəlxalq Tribunalı 8 avqust 1945-ci ildə SSRİ, ABŞ, Böyük Britaniya və Fransa hökumətləri arasında Avropa ölkələrində əsas hərbi cinayətkarların tribunala verilməsi və cəzalandırılması haqqında bağlanmış dövlətlərarası saziş əsasında, Tokio tribunalı isə 19 yanvar 1946-cı ildə müttəfiq dövlətlərin baş komandanlarının birgə iclasında təsis edilmişdir. Həmçinin, Yuqoslaviya və Ruanda baş vermiş kütləvi insan qətllərinə görə də “Yuqoslaviya” və “Ruanda” tribunalları BMT Təhlükəsizlik Şurası tərəfindən təsis edilmişlər.
Burdan aydın olur ki, beynəlxalq məhkəmə tribunalının yaradılması üçün BMT Təhlükəsizlik Şurasının müvafiq qərarı lazımdır.
Nəzəri və hüquqi baxımdan azərbaycanlılara qarşı törədilən soyqırımla bağlı Beynəlxalq Tribunal yaradılması mümkündür və məsələnin hüquqi müstəvidə həll olunması ən zəruri amillərdən biridir. Bildirdiyim kimi belə qətnamənin qəbulu üçün isə Təhlükəsizlik Şurasının daimi üzvlərinin tam səsi lazımdır. Bu prosedurlar Beynəlxalq tribunalın yaradılması prosesinə müəyyən maneələr yaradır və praktiki baxımdan bu prosesi qeyri-mümkün edir.
İndiki halda da, bizim xeyrimizə BMT Təhlükəsizlik Şurasının üzvü olan 5 ölkənin “Xocalı faciəsində” iştirak etmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün tribunalın yaradılması haqqında qərar verməsi inandırıcı deyil. Çünki, beynəlxalq hüquq müasir zamanımızda çox təəssüflər olsun ki, siyasi iradədən və siyasi gücdən daha çox aslı vəziyyətə düşüb.
Bütün bunlar birinci hal üzrə – Beynəlxalq Cinayət Məhkəməsi üzrə Xocalı faciəsinin “soyqırım” kimi tanınmasının prespektivinin çox aşağı olduğunu göstərir.
– Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutu üzrə;
BMT-nin 17 iyul 1998-ci ildə Romada keçirilən konfransında “Roma Statusu” qəbul edilmiş və bununla əlaqədar Niderlandın Haaqa şəhərində 2002-ci ildə Beynəlxalq Cinayət Məhkəməsi yaradılmışdır. Bu məhkəmə beynəlxalq birliyi narahat edən ən ciddi cinayətlərə görə məsuliyyət daşıyan şəxslərə münasibətdə yurisdiksiyasını həyata keçirməyə səlahiyyətli olan daimi bir orqan kimi yaradılmışdır.
Beynəlxalq Cinayət Məhkəməsinin Roma statusunun 5, 6-cı maddələrinə əsasən bu məhkəmə “soyqırım” cinayətlərini icraata qəbul etmək və mahiyyəti üzrə baxmaq səlahiyyətinə malikdir. Amma, təəssüflər olsun ki, ölkəmiz Beynəlxalq Cinayət Məhkəməsinin Roma statusuna qoşulmayıb, Ermənistan 1999-cu ildən qoşulsa da rəsmi qaydada parlamentində ratifikasiya etməyib.
Həmin Roma statusunun 5-ci maddəsinin tələbinə əsasən, bu məhkəmənin yurisdiksiyası yalnız Roma statusunun iştirakçısı olan dövlətlərə şamil edilə bilər.
Əgər bundan sonra həmin statusa qoşulub iddia versək də icraata qəbul edilməz. Çünki, statusunun 11-ci maddəsinə görə məhkəmə yalnız status qüvvəyə mindiyi tarixdən sonra, yəni, 17 iyun 1998-ci ildən sonra törədilmiş cinayətlərə münasibətdə müvafiq yurisdiksiyaya malikdir. Xocalı soyqırımı isə 1992-ci ildə baş vermişdi.
Bütün bunlar Xocalı faciəsinə beynəlxal hüquqi qiymət vermək imkanımızı məhdudlaşdırsa da milli məhkəmələr vasitəsilə əmələ cinayət hüquqi qiymət verməyi aradan qaldırmır. Açılmış cinayət işləri üzrə məhkəmə işə müvafiq “soyqırım” hüquqi qiymətini verməli və təqsirləndirilən şəxslər hansı ölkədə olmasından aslı olmayaraq tələb edilməli və məhkəməmiz tərəfindən “soyqırımı” hüquqi faktı tanınmış qərar beynəlxalq təşkilatlara və digər ölkələrin tanıması üçün təqdim edilməlidir.
Azərbaycan Respublikasına qarşı aparılmış təcavüz fonunda Ermənistan tərəfindən törədilmiş müharibə, insanlıq əleyhinə cinayətlər və Xocalı soyqırımı insan hüquqları və beynəlxalq humanitar hüququn, xüsusilə 1949-cu il Cenevrə konvensiyaları, Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt, İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı Konvensiya, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq Konvensiya, Uşaq hüquqları haqqında Konvensiya və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın ciddi şəkildə pozulmasıdır.
Elə buna görə də Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinə Ermənistanın işğalı nəticəsində insanların konvensiyanın şərtləri daxildə qorunan hüquq və azadlıqların pozulmasının müdafiəsi ilə bağlı verdiyi şikayətdə Xocalı soyqırımı da daxil baş vermiş bütün hadisələrə hüquqi qiymət verilməsini tələb etmişdir. Bununla bağlı kifayət qədər sübut əhəmiyyətli faktlar, materiallar, BMT-nin 4 qətnaməsi, Avropa İnsan Haqları məhkəməsinin 2010-cu il 22 aprel tarixli “Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qətlə yetirilməsinin “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirməsinə dair xüsusilə ağır əməllər” olduğunu qeyd edən və 2015-ci il tarixli “Çıraqov və digərlərinin Ermənistana qarşı” işi üzrə Ermənistanı təqsirkar kimi tanımasına dair qərarları vardır.
Xocalı soyqırımı İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilib. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, eləcə də ABŞ-ın 22 ştatının icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyiblər.
Düşmən hərb meydanında aldığı zərbə kimi hüquqi çərcivədə də layiqli cəzasını almalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir