Cəmiyyət

İşğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən quruculuq işləri inkişafımızın başlıca prioritetlərindəndir-Zərdab rayon idarə və siyasi partiya təmsilçilərinin açıqlamaları

Sharing is caring!

İşğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən quruculuq işləri inkişafımızın başlıca prioritetlərindəndir.

Ulu öndər Heydər Əliyev tərəfindən 17 il ərzində uğurla həyata keçirilən siyasi kursun Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilməsi nəticəsində Qarabağ münaqişəsinin həlli üçün əlverişli hüquqi baza formalaşmış, əsl həqiqəti özündə əks etdirən tarixi faktlar dünya ictimaiyyətinə çatdırılmış, Azərbaycanın dünya siyasi arenasındakı mövqeləri möhkəmlənmiş, vacib və əhəmiyyətli beynəlxalq sənədlər qəbul olunmuşdur. Təbii ki, möhtəşəm nailiyyətlərin qazanılmasında Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin bütün beynəlxalq platformalarda Ermənistanın işğalçılıq siyasətini, əsrlər boyu davam edən düşmənçilik zəminində meydana çıxan Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin beynəlxalq hüquq normalarına  və tarixi faktlara əsaslanan prinsipial mövqeyi, və bu mövqeni mahir, peşəkar siyasətçi, diplomat kimi dünyaya nümayiş etdirməsi xüsusi əhəmiyyət kəsb edir. Ötən müddət ərzində ölkəmizdə münaqişənin həlli istiqamətində siyasi müstəvidə fəallıq göstərilməsi, əhəmiyyətli nailiyyətlər əldə olunması ilə yanaşı, ölkəmizin iqtisadi qüdrətinin artırılması, müstəqilliyinin qorunub saxlanılması, daha da möhkəmləndirilməsi, təhlükəsizliyinin təmin olunması istiqamətində məqsədyönlü şəkildə iş aparılıb. Bütün bunların nəticəsidir ki, AXC-Müsavat cütlüyündən bizə miras qalmış işğal faktı aradan qaldırılmış, onların yarıtmaz fəaliyyəti və xəyanəti nəticəsində satılmış müqəddəs torpaqlarımız 44 günlük Vətən müharibəsi zamanı cənab Ali Baş Komandanın dəmir yumruğu və rəşadətli ordumuzun misilsiz şücaəti ilə geri alınmışdır. Ermənistanın işğalçı siyasəti nəticəsində süni şəkildə yaradılmış Dağlıq Qarabağ münaqişəsi artıq iflassa uğrayıb, tarixə qovuşub, torpaqlarımız işğaldan azad olunub, ərazi bütövlüyümüz təmin olunub. Artıq yeni dövr başlayıb, qarşıda bizi yeni mühüm vəzifələr gözləyir. İşğaldan azad olunmuş ərazilərimizin bərpası, həmin torpaqlara yenidən həyatın qaytarılması, iqtisadiyyatın dirçəldilməsi, infrastrukturun kökündən əsaslı şəkildə qurulması, həmin regionun ölkə iqtisadiyyatına inteqrasiyasının təmin olunması bu istiqamətdə hazırlanmış proqramın tərkib hissələridir. İşğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı ilə bağlı kompleks yanaşmanı təmin etmək üçün işlərin mərhələli şəkildə təşkili nəzərdə tutulmuşdur. İlk mərhələdə idarəetmə və təhlükəsizlik, infrastruktur məsələlərinin həlli, növbəti mərhələdə isə sosial xidmətlərin tətbiqi və genişləndirilməsi, iqtisadiyyatın yenidən qurulması və inkişafı məsələləri planlaşdırılır. Hər bir bölgənin təbii ehtiyatları, spesifik xüsusiyyətləri, coğrafi-iqlim şəraiti, nəqliyyat qovşaqları, yenidən bərpa olunan nəqliyyat dəhlizlərinə və artıq tikintisinə başlanılmış avtomobil və dəmir yollarına yaxınlığı nəzərə alınaraq ixtisaslaşdırılması nəzərdə tutulub. İşğaldan azad olunmuş ərazilərdə xüsusi idarəetmə strukturunun yaradılması, bərpa prosesinin çevik, təxirəsalınmadan və planlı şəkildə həyata keçirilməsinə zəmin yaradır. Yeni idarəetmə modelinin tətbiqinə ilk olaraq Dağlıq Qarbağımızın gözü olan Şuşada başlanılıb. Yüksək və müasir standartlarla həyata keçiriləcək  bərpa-quruculuq işindən sonra Şuşa nəinki regionun, eləcə də dünyanın mədəniyyət mərkəzlərindən birinə çeviriləcək. Prezident İlham Əliyevin təməlini qoyduğu, uzunluğu 100 kilometr olan Horadiz-Ağbənd dəmir yolu xəttinin strateji əhəmiyyəti olduqca böyükdür. Bu nəqliyyat infrastrukturu vətəndaşlarımızın azad olunmuş torpaqlara gediş-gəlişini asanlaşdıracaq, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa dəmir yolu nəqliyyat əlaqəsini yaradacaq. Qarabağa böyük qayıdışımızın növbəti müjdəsi Zəngilan rayonunun Üçüncü Ağalı kəndində icra olunacaq “ağıllı kənd” layihəsidir.  Prezident İlham Əliyev çıxışlarında azad olunmuş ərazilərin “yaşıl enerji” zonasına çevriləcəyini dəfələrlə bildirib. Erməni işğalından azad olunmuş ərazilərin dövlətimizin başçısının birbaşa təşəbbüsü və tapşırıqları ilə nəinki bərpa edilməsi və yenidən qurulması planlaşdırılır, hətta orada “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının reallaşdırılması nəzərdə tutulur. Hazırkı pandemiya şəraitində dünya iqtisadiyyatında böyük problemlərin yarandığı bir dövrdə Azərbaycan Prezidentinin bu təşəbbüsü bir daha dövlətimizin gücünü və qüdrətini nümayiş etdirir.

YAP Zərdab Rayon Təşkilatının sədri 
Pərvin Mahmudova

İşğaldan azad olunmuş ərazilərdə abadlıq-quruculuq işlərinə start verilib. Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə səfərləri həmin ərazilərin iqtisadiyyatinin inkişaf etdirilməsi baxımından əhəmiyyətli olmaqla yanaşı, həm də siyasi xarakter daşıyır. Cənab Prezidentin Füzuli, Zəngilan, Laçın və Cəbrayıla son səfəri çərçivəsində işğaldan azad olunmuş torpaqlarda ilk dəfə olaraq yenidən qurulmuş sosial infrastruktur obyektlərinin açılışı olub. Qısa bir zamanda “Güləbird” su elektrik stansiyasının açılışı tarixi hadisədir. Bu, o deməkdir ki, azad olunmuş ərazilərimizə həyat qayıtmağa başlayıb. Bu gün Qarabağ torpaqlarında sürətli yenidən qurma və bərpa işləri gedir. Yollar tikilir, işıq xətləri yenilənir, elektrik stansiyaları tikilir, hava limanlarının təməli qoyulur, əkinə yararlı torpaqların becərilməsinə başlanılır və ən əsası hər yerdə bayrağımız ucaldılır. Prezidentimizin bu ərazilərimizə etdiyi hər bir səfər dünya ictimaiyyəti tərəfindən, o cümlədən mənfur qonşularımız ermənilər tərəfindən diqqətlə izlənilir. Ölkə başçımız hər səfər çərçivəsində azad olunmuş torpaqlarda geniş nitqlə çıxış edir və mühüm mesajlar səsləndirir. Ermənilərin torpaqlarımızı necə və hansı şəraitdə işğal etdiyini, bu işğalın baş verməsində o vaxtkı hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün rolunu, işğaldan xalqımızın çəkdiyi əziyyəti və bu gün artıq bizim bu ərazilərimizə qayıtmağımızla bağlı məsələləri xalıqn diqqətinə çatdırır. Bu işğalın baş verməsində əsas rolu olan qüvvələr bu gün də torpaqlarımızın işğaldan azad olunmasından narahatdırlar və ordumuzla xalqımızın Ali Baş Komandanın ətrafında sıx birləşməsi sayəsində əldə olunmuş böyük qələbəmizə kölgə salmağa çalışırlar. Ölkə başçısının bu məsələləri dilə gətirməsi xalqımızın hər zaman ayıq olmağına bir çağırış olmaqla yanaşı, ölkəmizin müstəqilliyinə və ərazi bütövlüyünə xələl gətirə biləcək düşmən dəyirmanına su tökən müəyyən ünsürlərin iç üzünü açıb ictimaiyyətə təqdim edir. Azərbaycan ordusu 44 günlük Vətən müharibəsində öz sözünü deyib və 10 noyabrda imzalanan üçtərəfli bəyanat ölkəmizin ərazi bütövlüyünü təmin edib.

Zərdab şəhər 1 saylı məktəb liseyin direktoru       
Vüsalə Kərimova  
  

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad olunmuş ərazilərimizə səfərləri həmin ərazilərin sürətli, təxirəsalınmaz və planlı inkişafı baxımından çox əhəmiyyətlidir. Azad olunmuş ərazilərimizə hər bir səfər xalqımız üçün yeni stimul yaradır. Qarabağda həyat canlanmağa başlayıb. Dövlətimizin başçısı hər səfərində vəziyyətlə tanış olmaqla yanaşı, böyük qayıdışa hədəflənən obyektlərin təməlini qoyur. Fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfər zamanı da bu ənənə davam etdi. Biz növbəti dəfə bu sevinci və qüruru yaşadıq. İlk olaraq Füzuli rayonunda dövlət başçısı tərəfindən Horadiz-Ağbənd dəmir yolu xəttinin təməli qoyuldu. Ümumi uzunluğu 100 kilometr olan bu dəmir yolu xəttinin strateji əhəmiyyəti olduqca böyükdür. Çünki bu nəqliyyat infrastrukturu Azərbaycan vətəndaşlarının azad olunmuş torpaqlara gediş-gəlişinin təminatında əhəmiyyətli rol oynayacaq və ən mühüm məsələ olan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa dəmir yolu nəqliyyat əlaqəsinin yaranmasına böyük töhfə verəcək. Gələcəkdə bu dəmir yolu xətti Türkiyəyə qədər uzanacaq və iki qardaş ölkə arasında münasibətlərin daha da möhkəmlənməsinə xidmət edəcək. Regionun digər dövlətləri də nəqliyyat və kommunikasiyaların bərpasından faydalanacaq və təbii ki, bu layihələrin mərkəzində Azərbaycan dayanacaq. Növbəti böyük ıayihələrdən biri də Zəngilan rayonunun Üçüncü Ağalı kəndində icra olunacaq “ağıllı kənd” layihəsidir. Prezident cənab İlham Əliyev çıxışlarında azad olunmuş ərazilərin “yaşıl enerji” zonasına çevriləcəyini dəfələrlə bildirib. Erməni işğalından azad olunmuş ərazilərin dövlətimizin başçısının birbaşa təşəbbüsü və tapşırıqları ilə nəinki bərpa edilməsi və yenidən qurulması planlaşdırılır, hətta orada “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının reallaşdırılması nəzərdə tutulur Azərbaycanın ən gözəl guşələrindən biri olan Laçın rayonu da erməni vandallarının vəhşiliyi nəticəsində yerlə yeksan olub. Dövlətimiz tərəfindən Laçında böyük quruculuq işləri həyata keçiriləcək, bu ərazilərdə həyat yenidən canlanacaq. Cənab Prezident Həkəri çayı üzərində yerləşən 8 meqavat gücündə “Güləbird” Su Elektrik Stansiyasının açılışında da iştirak etdi. “Güləbird” Su Elektrik Stansiyasının istifadəyə verilməsi tarixi və əlamətdar hadisədir. Çünki bu, işğaldan azad olunan rayonlarda Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən ilk infrastruktur layihəsidir. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Dövlətimizin başçısı səfəri çərçivəsində Zəngilan rayonundakı Bəsitçay Dövlət Təbiət Qoruğunun ərazisində də olub. Erməni qəsbkarlar digər ərazilərdə olduğu kimi, Bəsitçay qoruğunda da ekoloji terror törədiblər. Bu qoruq da dövlətimizin gücü ilə bərpa ediləcək. Prezidentimiz səfəri çərçivəsində işğaldan azad olunan ərazilərdə kənd təsərrüfatı işlərinin gedişatı ilə də tanış olub. İnanırıq ki, bərəkətli Qarabağ torpağı respublikamızın ərzaq təhlükəsizliyinin təmin olunmasına çox böyük töhfələr verəcək. Biz artıq doğma Qarabağımıza qayıdırıq və bizi heç bir qüvvə bu yoldan döndərə bilməz. Cənab Prezidentin azad olunmuş ərazilərə səfəri və səfər zamanı səsləndirdiyi fikirlər ermənilər və onların havadarları üçün  ciddi xəbərdarlıqdır.
      
Zərdab şəhər 3 saylı tam orta məktəbin direktoru        
Rəna Əhmədova 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir