Cəmiyyət

Əvəzlənən smart-kart sayğaclarının balansında qalan pullar necə olacaq?

Sharing is caring!

Azərbaycanda bu ildən etibarən bütün fərdi yaşayış evlərində (yeni inşa olunan çoxmərtəbəli binalar istisna olmaqla) dövri yoxlama müddəti bitən smart-kart tipli sayğaclar mexaniki sayğaclarla əvəzlənir.
Bu proses zamanı abonentləri daha çox narahat edən əsas məqam əvəzlənən smart-kart tipli sayğacların balansında qalan avans məbləğin yeni quraşdırılan mexaniki tipli sayğacın bazasına yerləşdirilməsidir.
“Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, bu avans məbləğ iki fərqli baza arasında məlumat mübadiləsi aparılmaqla azı 10, maksimum 30 günə yeni sayğacın hesabında qeydiyyata alınır.
Cari ilin yeddi ayı ərzində 53 270 abonentin 913 624 manat avans məbləği yeni quraşdırılan sayğacın bazasına qaytarılıb. Bu statistikadan 40 946 abonent və onların geri qaytarılan 697 262 manat avans məbləği təkcə Bakı şəhərinin payına düşür.
Qeyd olunur ki, ölkəmizdə yayılan koronavirus pandemiyası ilə bağlı sərt karantin rejimi tətbiq olunan bəzi vaxtlarda bu prosesdə gecikmələr olub. Lakin daha sonra yol verilən nöqsanlar aradan qaldırılıb.
Xatırladaq ki, sayğacların əvəzlənməsi Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 2015-ci ildə təsdiq etdiyi “Yoxlamaya təqdim olunacaq ölçmə və sınaq vasitələrinin nomenklatur siyahısı və onların yoxlama dövriliyi” sənədinə əsasən icra olunur.
Sənəddə göstərilir ki, qaz sayğacları əhali abonent qrupunda beş ildən, qeyri-əhali abonent qrupunda isə üç ildən bir dövlət yoxlanışına təqdim olunur. Tərtib edilən siyahıya görə 2020-ci ildə 480 min sayğacın dövlət yoxlanışı icra edilməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir